Məhkəmə qərarları › İş №3(009)-2527/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2527/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2527/2024 21.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində telefonla danışaraq ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, narkotik vasitə istifadə etmişdir. Bu barədə Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru X5 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, narkotik istifadəçisi deyil, indiyədək heç vaxt narkotik qəbul etməyib. Kəskin ürək çatışmazlığından əziyyət çəkdiyini, təzyiqinin çox qalxdığını bildirdi. 103 xidmətinə müraciət edildi və həkimlər gəlib ona 3 iynə vurdu, 1 saat sonra yenidən özünü pis hiss etdiyini və ona dərman verildiyini bildirdi. Həmin günün sabahı polis əməkdaşları onu narkoloji dispanserə apardılar. Ondan dərman qəbul edib-etmədiyini soruşanda o isə axşam ona iynə vurulduğunu bildirdi. Həkimlər isə ona bu dərmanın təsirləri ola biləcəyini bildirib. Rejissor olduğunu, Azərbaycan Dövlət İncəsənət Universitetini fərqlənmə ilə bitirdiyini, daha sonra Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirdiyini, həmin gündən bu günə qədər Azərbaycan kinostudiosunda işlədiyini, Kinomotoqrafçılar ittifaqının və Azərbaycan kinorejissorlar cəmiyyətinin üzvü olduğunu bildirdi. Həmin günü isə telefonla dostu ilə danışdığını onun borcu üçün borcunu istədiyi bildirib. Şəxs ona hələ borcu verə bilməyəcəyini bildirdiyində isə o əsəbiləşərək ona qeyrietik ifadələr işlədib. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirmişdir ki, dünən axşam saat 17:30 radələrində Nizami küçəsində xidmət aparakən, həmin şəxsin telefonda uca səslə nalayiq ifadələrlə danışdığını eşitdiklərini, yaxınlaşıb özülərini təqdim etdiklərini. Təqdim edən zaman həmin şəxs özünü çox qeyri-adekvat apardığına görə polis şöbəsinə dəvət ediblər. Narkotik yoxlanışında olduğunu və həkimin vurulan iynələrdə narkotik tərkibinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 bildirmişdir ki, Nizami küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin telefonla yüksək səslə nalayiq ifadələr işlədərək danışdığını gördük. Qeyri-adekvat hərəkətlər apardığına görə yaxınlaşıb həmin şəxsə özümüzü təqdim edib bölməyə apardıq. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 206-cı maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində telefonla danışaraq ucadan nalayiq ifadələr işlədərək qeyri adekvat hərəkətlər etmişdir. İş materiallarında olan AZA 018354 nömrəli, 20 noyabr 2024-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin 21 noyabr 2024-cü il tarixli, 11083 saylı aktına əsasən müayinə zamanı sidiyində morfin aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə ictimai yerdə mübahisə etməsini, xidməti vəzifəsini yerinə yetirməklə onu nizam-intizamla bağlı digər qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edilir ki, Şəxs 20 noyabr 2024-cü il tarixdə, saat 18:30-da tutulmuşdur ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 02 (iki) ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 20 noyabr 2024-cü il tarixdən saat 18:30dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar