Məhkəmə qərarları › İş №3(009)-2534/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2534/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2534/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsi tərəfindən tərtib olunmuş 19 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsi tərəfindən tərtib olunmuş 19 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditini aparmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən 2022-ci il üzrə məcburi auditdən yayınma olmamışdır. Sadəcə obyektiv səbəblərə görə auditin yekunlaşması ləngimişdir. Əvvəllər belə hal baş verməmişdir. Buna səbəb Rusiyada baş verən hadisələrdən sonra “Prokter & Gembl”-in beynəlxalq xidmət mərkəzi Rusiyadan Nyukasla köçməsi, bu zaman məlumatın axışının ləngiməsi, məlumatların Azərbaycana vaxtında ötürülməməsi olmuşdur. Bundan başqa 2023-cü ildə “Deloitte” şirkəti ilə audit xidmətlərinin aparılması üçün müqavilə imzalanmışdır. Bundan sonra növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Həmin səyyar vergi yoxlaması 2020-2023-cü illəri əhatə etmişdir. Belə olan halda audit şirkəti yoxlamanın bitməyini gözləmişdir. Heç bir yayınma, hərəkətsizlik olmamışdır. Sənədlər Maliyyə Nazirliyinə də göndərilmiş, şifahi şəkildə etirazlarının olmadığını bildirmişlər. Göstərilənlərə əsasən icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə protokol tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 30 oktyabr 2024-cü il tarixli bildirişindən görünür ki, Şəxs MMC 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 19 noyabr 2024-cü il tarixdə saat 12:45-də Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məcburi audit subektlərinə ünvanladığı bildirişdən görünür ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan auditor məcburi, digər hallarda isə könüllüdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********486400 nömrəli məktubuna cavabdan görünür ki, Şəxs MMC 2022-ci ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn məhdud məsuliyyətli cəmiyyətdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 vəsatətindən görünür ki, hazırda icraatda olan 3(009)-2534/2024 saylı inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "Prokter & Gembl Azərbaycan Servisləri” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "P&G Azərbaycan") yüksək keyfiyyətli məhsullar təklif edən beynəlxalq istehlak malları şirkətidir. Şirkətin 70-dən çox ölkədə nümayəndəliyi var və 1837-ci ildən bəri fəaliyyət göstərir. İstehlak malları sahəsində ümumi gəlir ilə dünya lideri olmuşdur. Azərbaycanda P&G ofisi 1998-ci ildən etibarən fəaliyyət göstərir və yerli bazarda Pantene, Ariel, Head & Shoulders, Safeguard, Fairy və digər tanınmış brendləri təqdim edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən (bundan sonra "Maliyyə Nazirliyi") tərtib olunmuş 19 noyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla bağlı qeyd etmək istəyirik ki, P&G Azərbaycan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İnzibati Xətalar Məcəlləsi") 464-cü maddəsinin tələbləri pozulmamışdır. Bildiyimiz kimi qeyd edilən maddənin dispozitiv hissəsi "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə” inzibati xəta tərkibinin yaranmasını ehtiva edir. Halbuki P&G Azərbaycan tərəfindən məcburi auditdən yayınma baş verməmişdir. Məsələyə aydınlıq gətirmək üçün qeyd etmək istəyirik ki, P&G Azərbaycan tərəfindən illik maliyyə hesabatlarının hazırlanması üçün kənar auditor - yəni audit xidmətləri sahəsində dünyanın ən böyük dörd şirkətindən biri olan Deloitte X1 Standartlarına uyğun müəssisənin maliyyət hesabatlarının tərtib edilməsi üçün cəlb edilmişdir. Hazırkı vəziyyətdə həmin hesabatların Maliyyə Nazirliyinə təqdim edilə bilməməsi tamamilə P&G Azərbaycandan asılı olmayan səbəblərə əsasən baş vermişdir. Gecikmə aşağıdakı səbəblərə əsaslanır: (i) Ötən ilə qədər P&G Azərbaycan beynəlxalq şirkətlər şəbəkəsinin bir hissəsi olaraq region üzrə P&G Beynəlxalq şirkətinin Rusiya Xidmət Mərkəzinə bağlı olaraq fəaliyyət göstərirdi. Ötən ildən P&G Beynəlxalq şirkəti tərəfindən iş proseslərinin dəyişdirilməsi nəticəsində P&G Azərbaycanın region üzrə xidmət mərkəzi Rusiyadan Nyukasl (Newcastle) Xidmət Mərkəzinə keçirilmişdir. Keçid zamanı bəzi texniki səbəblərdən auditin yekunlaşması üçün tələb olunan maliyyə hesabatları ilə bağlı sənəd və məlumatların vaxtında Azərbaycana ötürülməsində ləngimə baş vermişdir. Hazırda bu problem aradan qaldırılmış və kənar auditor maliyyə hesabatlarına dair rəyini yekunlaşdıraraq təqdim etmişdir. Bu halı təsdiq edən sənədlər qoşmada məhkəmənin diqqətinə çatdırılır. (ii) Digər bir məsələ isə, P&G Azərbaycana 2020- 2023-cü illəri əhatə edən səyyar vergi yoxlamasının təyin olunmasıdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən P&G Azərbaycan üzrə növbəti səyyar vergi yoxlaması təyin olunmuşdur. Həmin yoxlama xx.xx.2024-cü il tarixli Səyyar vergi yoxlaması aktı ilə yekunlaşdırılmışdır (qeyd edilən sənədlər qoşmada məhkəmənin nəzərinə çatdırılır). Yoxlamanın 2020-ci ilin noyabr ayından 2023-cü ilin avqust ayına qədər olan dövrləri əhatə etdiyini nəzərə alaraq, yoxlama nəticəsində ortaya çıxacaq hər hansı mühim fərqlərin maliyyə hesabatlarına əks etdirilməsi üçün kənar auditor səyyar vergi yoxlamasının yekunlaşmasını gözləmək məcburiyyətində qalmışdır. Yoxlama bitdikdən və Nyukasl Xidmət Mərkəzindən təqdim edilməli mühim məlumatlar əldə edildikdən sonra audit hesabatının yekunlaşdırılması mümkün olmuşdur. Bu halı 30 sentyabr 2024-cü il tarixli **********178093 nömrəli Səyyar vergi yoxlaması Aktı, 07 oktyabr 2024-cü il tarixli **********187381 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar" (bundan sonra "X3") və qoşmada təqdim edilən Audit Hesabatı təsdiq edir. Səyyar yoxlamanın nəticəsində mənfəət vergisi, ƏDV və qeyri-rezident ƏDV-si üzrə müvafiq əlavə vergi öhdəlikləri və bununla əlaqəli olan maliyyə sanksiyaları hesablanmışdır. Nəticədə əlavə hesbalanmış vergilər və maliyyə sanksiyaları P&G Azərbaycan üçün maliyyə hesabatlarının nöqteyi nəzərindən əhəmiyyətli hesab olunduğu üçün əlavə hesablamalar maliyyə hesabatında öz əksini tapmışdır. Beləliklə, Audit Hesabatının 17-ci səhifəsində qeyd edilir ki, səyyar vergi yoxlamasının nəticəsində 2022-ci ilin sonuna qədər 515,360 manat məbləğində olan əlavə hesablanmış ƏDV üzrə vergi öhdəlikləri və 308,157 AZN məbləğində əlavə hesablanmış mənfəət vergisi öhdəliyi P&G Azərbaycanın 2022-ci ilin maliyyə hesabatlarında öz əksini tapmışdır. Auditor rəyində bu məqamın xüsusilə qeyd edilməsi həm X1 Standartlarının tələbidir, həm də P&G Azərbaycanın maliyyə nəticələrinin düzgün əks etdirilməsi üçün əhəmiyyətli bir açıqlama olmasıdır. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi P&G Azərbaycan tərəfindən məcburi auditdən yayınma niyyəti və halı olmamışdır, Audit Hesabatının gecikməsində obyektiv səbəblər mövcud olmuşdur və bu kənar faktorlar səbəbi ilə hesabatın yekunlaşması vaxt almışdır. İnzibati Xətalar Məcəlləsinin inzibati məsuliyyətin əsaslarını qeyd edən 3-cü maddəsində yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunacağı qeyd edilmişdir. Göründüyü kimi inzibati xəta tərkibinin yaranması üçün ən azı təqsirin və inzibati xəta hadisəsinin sübut edilməsi şərtdir. Elə bu səbəblə Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə müəyyən, yəni sübut edilməli olan hallar sırasında inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar qeyd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən halların sırasında 53.1-ci maddədə inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilməli hallar sırasında inzibati xəta hadisəsinin və ya inzibati xəta tərkibinin olmaması qeyd olunmuşdur. Həmin maddənin davamında (maddə 53.2) əlavə olaraq vurğulanmışdır ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair" 12 yanvar 2023-cü il Qərarında qeyd edilmişdir ki, "... məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilibkeçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar." Göründüyü kimi, P&G Azərbaycan tərəfindən məcburi auditdən yayınma halı baş verməmişdir, 2022-ci il üzrə auditin həyata keçirilməsi üçün kənar auditor cəlb edilmişdir, sadəcə P&G Azərbaycandan asılı olmayan səbəblərdən audit hesabatının yekunlaşması vaxt almışdır. Hazırki vəsatətlə birlikdə məhkəmənin diqqətinə çatdırılan P&G Azərbaycanın 2022- ci il üzrə audit hesabatının surətindən də göründüyü kimi inzibati xəta hadisəsi mövcud deyil, həmçinin gecikməyə səbəb olan faktorlar da P&G Azərbaycanın qeyd edilən inzibati xəta üzrə qəsd və ya ehtiyatsızlıq formasında heç bir təqsirinin olmadığını sübut edir. Məhkəmənin xüsusilə nəzərinə çatdırmaq istəyirik ki, İnzibati Xətalar Məcəlləsinin 464- cü maddəsinin dispozitiv hissəsində qeyd edilən məcburi auditdən yayınma audit hesabatının gec təqdim edilməsi halını deyil, ümumiyyətlə auditin keçirilməsi üçün hüquqi şəxs tərəfindən heç bir addımın atılmaması, yəni hərəkətsizlik halını ehtiva edir. Qoşma sənədlərdə təqdim edilən sübutlar isə P&G Azərbaycanın məcburi auditdən yayınmadığını açıq və aşkar şəkildə təsdiq edir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2 və 68-ci maddələrini, həmçinin yuxarıdakı müvafiq qanunvericilik müddəalarını rəhbər tutaraq, vəsatət təmin olunaraq, qoşmada təqdim edilmiş sənədlər sübut qismində iş materiallarına əlavə edilməsi və 3(009)- 2534/2024 saylı inzibati iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş 10 dekabr 2024-cü il tarixli müstəqil audit rəyindən görünür ki, Şəxs MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının auditi aparılmışdır. Göründüyü kimi iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107.6-cı maddəsinə uyğun olaraq, bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanıltnası üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 107.6-cı maddəsinə uyğun məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür Belə ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99.2-ci və 100.3-cü maddələrinə uyğun olaraq açıq və qapalı səhmdar cəmiyyətləri (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarını hamının tanış olması üçün hər il dərc etməyə borcludurlar. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, təsərrüfat subyektləri hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borcludur. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin 2022-2023-cü illər yoxlama dövrü üçün maliyyə hesabatlarına dair auditor rəyi üzrlü səbəblərdən ötrü gec tərtib edilərək Maliyyə Nazirliyinə təqdim edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 464-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (19 noyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı) Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar