Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2539/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X1, Qərarından şikayət olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bu ağacla bağlı əvvəllər dəfələrlə şifahi müraciətlər etmiş, lakin hər dəfə müraciətləriNə baxmayaraq müvafiq tədbirlər görülməmişdir. Təəssüf ki, ağacın vəziyyəti getdikcə daha da təhlükəli hala gəlmişdir və nəticədə insan həyatı və mülkiyyət üçün real təhlükə yaratmağa başlamışdır. Belə ki, sözü gedən ağacın budağı sınaraq boyunuNun arxasına və qarın nahiyyəsinə xəsarət yetirmişdir və nəticədə cərrahi əməliyyat olunmuşdur. Bununla bağlı bır neçə şahidi vardır. İşin gedişatında məhkəmə iclasında iştiraklarını təmin edəcəkdir. Hadisə zamanı onun tibbi vəziyyətimlə bağlı ciddi məhdudiyyətlər mövcud idi. Hətta ağacın kəsilməsi prosesi zamanı xəsarət üzərində olmuşam, bu isə fiziki hərəkət imkanlarımı ciddi şəkildə məhdudlaşdırırdı. Belə bir vəziyyətdə hər hansı fiziki tədbir görmək üçün həm çətin, həm də böyük risk daşıyan bir iş idi. Dolanışığım çox ağırdır, gündəlik xərcləri qarşılamaq və normal həyat fəaliyyətini davam etdirmək çətinlik yaradırdı, buna baxmayaraq yaranmış təhlükəni nəzərə alaraq məsuliyyətli hərəkət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq vurğulamaq istəyir ki, sözügedən ağacı onun özü əkmişəm və illər ərzində onun böyüməsini diqqətlə izləyərək ona qulluq etmişdir. Bu, ağacın vəziyyətini və onun yarada biləcəyi təhlükələri düzgün qiymətləndirməyimə imkanı yaratmışdır. Ağacın quruması, budaqlarının sınması və köklərinin zəifləməsi nəticəsində hər an yıxılaraq yaxınlıqda yaşayan insanlara, evlərə və digər mülkiyyət obyektlərinə ciddi zərər verə biləcəyi açıq şəkildə görünürdü. Bu vəziyyət həm fiziki baxımdan çətin, həm də maddi baxımdan böyük yük yaratmışdır, çünki ağacın təhlükəli vəziyyətini aradan qaldırmaq üçün əlavə resurslar və enerji sərf olunmalı idi. Bütün bu çətinliklərə baxmayaraq, insan həyatını və mülkiyyəti qorumaq məqsədilə, yəni yaxınlıqda yaşayan insanların və onların mülkiyyətinin təhlükəsizliyini təmin etmək üçün ağacı məcburən kəsmək yeganə düzgün və zəruri addım olmuşdur. Bu addım tamamilə məsuliyyətli, düşünülmüş və qanuni məqsədli tədbir kimi həyata keçirilmişdir və onun arxasında şəxsi mənfəət və ya başqa qanunsuz məqsəd dayanmayıb. Ağacı kəsmək qərarını verməyinin əsas səbəbi ağacın təhlükəli vəziyyətdə olması idi. Müşahidələrinə görə kəsilən ağac artıq quru və zəif vəziyyətdə idi, kökü və budaqları sınmışdı, Ağac yaxınlıqda yerləşən ev, elektrik xətləri və insanların hərəkət etdiyi sahə üçün ciddi və real təhlükə yaradırdı. Ağacın dərhal aradan götürülməsi zəruri idi, çünki onun vəziyyəti ciddi və real təhlükə yaradırdı. Ağac artıq quru və zəif vəziyyətdə idi, kökləri və budaqları sınmışdı, buna görə də istənilən an yıxılaraq yaxınlıqda yaşayan insanlara xəsarət yetirə, onların sağlamlığına təhlükə yarada və ya evlərə, avtomobillərə və digər mülkiyyət obyektlərinə ziyan vura bilərdi. Həmçinin, ağac elektrik xətlərinin yaxınlığında yerləşirdi və budaqların sınması nəticəsində elektrik xətləri qısalma riski ilə üzləşirdi. Bu səbəbdən ağacın dərhal aradan götürülməsi insan həyatını, təhlükəsizliyi və əmlakı qorumaq baxımından tamamilə zəruri və qaçılmaz bir tədbir idi. Ağacı kəsmək qərarını verməyi tamamilə insan həyatı və mülkiyyətin təhlükəsizliyi ilə bağlı olmuşdur. Bu məsələ ilə bağlı bir neçə dəfə şifahi müraciətlər etmiş, lakin tədbir görülməmişdir. Ağac artıq quru və sınmış vəziyyətdə idi və hər an yıxılaraq yaxınlıqda olan insanlara və əmlaka ciddi təhlükə yarada bilərdi. Ona görə də bu əməyi yalnız zəruri və məcburi tədbir kimi, insanları qorumaq məqsədilə həyata keçirmişir. Xahişi odur ki, tətbiq olunan sanksiyanın və ziyanın ölçüsü ağır maddi vəziyyəti, tibbi məhdudiyyətləri, hadisənin zərərverməyən təbiəti və bərpa tədbirlərinə könüllü töhfəsi nəzərə alınmaqla yenidən qiymətləndirilsin. Dolanışığında ciddi çətinliklər var, həmçinin sağlamlıq vəziyyəti əməliyyat və fiziki məhdudiyyətlərlə bağlıdır. Bütün bunlara baxmayaraq, ağacın təhlükəli vəziyyəti və insan həyatı üçün yaratdığı real risk nəzərə alınaraq, ağacı dərhal aradan götürmək zəruri olmuşdur. Bundan başqa, nəzərə çatdırır ki, maddi rifahı olduqca ağırdır, cərrahi əməliyyat olunmağı ilə bağlı yaşadığı mənzildən uzağa gedə bilmir. Hər hansı bir təqaüd almır, gündəlik dolanışığı ailə üzvlərim təmin edirlər. Yuxanda qeyd edilənləri nəzərə alaraq məhkəmədən MN seriyalı, ******* nömrəli, 16,09.2025-ci il tarixli qərarın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barəsində Qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X2 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan 16 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2200 (iki min iki yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə görə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarında olan akt, şəxsin etiraf edici izahatları ilə bir daha təsdiq olunur ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin tələbləri pozularaq tikinti və abadlaşdırma işləri aparılarkən ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, yalnız formal mülahizələrə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında 16 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2539/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2539/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver