Məhkəmə qərarları › İş №3(009)-2544/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2544/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2544/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib edilmiş 19 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən X7 Xidmətinin nümayəndəsi X8 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, təqdim edilən sənədlərdən görünür ki, əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə saat 18:01-də vurulmuşdur. Lakin şəxsin şahid qismində izahatında onun həmin gün saat 08:00-da çıxmış, "xxxx" MMC-yə yaxınlaşmış və 09:00-da orada olmuşdur. X3 xəsarət alan zaman şahid qismində iştirak etdiyi və hadisəni gördüyü məlum olur. ƏMAS sisteminə əmək müqaviləsi bildirişi qüvvəyə minmədən yerləşdirilmiş, lakin həmin gün saat 18:01-də imzalanmışdır. Bununla da X4 əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək izahatında bildirmişdir ki, sistemlərdə donma halları olur. Müqavilə imzalanmadan bir neçə gün əvvəl cəhd etmişlər, lakin imzalanma mümkün olmamışdır. Hətta xx.xx.2024-cü il tarixdə, saat 11:58-də sonuncu dəfə cəhd edilmiş, lakin imzalamaq mümkün olmamışdır. Göstərilənlərə əsasən icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 19 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin direktoru X9 tərəfindən xx.xx.2024-cü il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində X14 ərazisində X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb etmiş, Azərbaycan Republikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmuşdur. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt "xxxx" MMC-nin işçisi X1 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı X2 xx.xx.2024-cü il tarixli izahatı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi elektron sistemi ilə təsdiq edilir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs MMC ilə X4 arasında müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə imzalanmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişinə əlavədən görünür ki, Şəxs MMC ilə X4 arasında müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə, saat 18:01-də imzalanmışdır. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin direktoru X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətdən görünür ki, aidiyyatı quruma təqdim edilməsi üçün xx.xx.2024 il tarixində, 11:56 saatında (+99450) ******* əlaqə nömrəsindən 142 çağrı mərkəzinə edilmiş müraciətin səs yazısını təqdim edilməsi səs yazısının mailto:sales@ces.com.azElektron ünvan elektron poçt ünvanına göndərilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Həmin maddə 13 avqust 2024-cü il tarixdə yeni redaksiyada verilmiş və dərc edildiyi gündən qüvvəyə minmişdir. Əvvəlki redaksiyada deyilirdi ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi Şəxs MMC ilə X4 arasında müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə imzalandığından, həmin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin yeni redaksiyasında göstərilən halda hüquqi qüvvəyə minmiş hesab edilir. Bu səbəbdən əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasına ehtiyac yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMCnin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar