Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2545/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 27 avqust 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs "xxxx" MMC-nin direktoru X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bildirmək istəyir ki, o, "xxxx" MMC-nin direktoru kimi X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən istehsalatda baş verən hadisənin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verilməməsi ilə bağlı cərimə edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qərar qanunsuzdur və ləğv edilməlidir. Bildirir ki, bu cür bədbəxt hadisə müəssisədə ilk dəfə baş verir. Belə bir hadisə heç vaxt baş verməmişdir. Hesab edir ki, X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən düzgün və qanuni araşdırma aparılmamışdır. Belə ki, qəbul olunmuş qərarda müəssisə direktorunun konkret olaraq hansı pozuntunu törətməsi, bədbəxt hadisənin nədən ibarət olması, ümumiyyətlə həmin hadisənin hansı səbəbdən bədbəxt hadisə hesab olunması, bədbəxt hadisə barədə məlumatın nə üçün vaxtında verilməməsi, ən əsası hansı qanuna əsasən bədbəxt hadisə barədə məlumatın dərhal verilməsinin tələb olunması araşdırılaraq göstərilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi müəssisə hər hansı məhsulun istehsal olunduğu, müəyyən işlərin görüldüyü bir yer deyildir. Bu baxımdan göstərilən hadisə istehsalatda baş verən bədbəxt hadisə deyildir. Qanun isə məhz istehsalatda baş verən bədbəxt hadisə barədə dərhal məlumat verməyi tələb edir. İzahatı alınmış işçi X3 öz izahatında göstərmişdir ki, avtomobildən enərkən ehtiyatsızlıqdan yıxılaraq zədə aldığını qeyd etmişdir. Ehtiyatsızlıqdan yıxılması istehsalatda baş vermiş bədbəxt hadisə deyil. İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Göründüyü kimi bu əməl qəsdən törədilən əməldir. Yəni məlumat qəsdən verilməməlidir. Lakin göründüyü kimi məlumat gec de olsa verilmişdir. Belə bir halda melumatın gec verilməsinin "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması"na təsir etdiyi və ya müəssisənin rəhbərinin həmin faktı gizlətmək məqsədi daşıdığı müəyyən edilmir. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xeta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Belə bir vəziyyətdə şəxsin əməli inzibati xəta törədilməsinə yönəlməmişdir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcud olsa da, belə bir şəraitdəki bu əməldə qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Çünki təqsir isə qəsd və ya ehtiyatsızlıq formasında olmalıdır. Yəni bu cür vəziyyətdə şəxsin əməlində inzibati xətanın elementlərindən olan subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair de sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.6-cı bəndində İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkənin, yaxud hadisənin şahidlərinin dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməsi vəzifəsi nəzərdə tutulmuşdur. Bu vəzifə həmin şəxslər tərəfindən icra olunmadığı üçün işəgötürən vaxtında məlumatlandırılmamış, bu səbəbdən də bədbəxt hadisə barədə məlumat X8 Xidməti Bakı şəhər İdarəsinə gec verilmişdir. Doğru nəticəyə gəlməsi üçün ciddi əhəmiyyət kəsb etməsinə baxmayaraq X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən həmin hadisə barədə zərərçəkənin, yaxud hadisənin şahidlərinin işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) nə vaxt məlumat verməsi halı ümumiyyətlə araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, İnzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130 cu maddələrini rəhbər tutub, məhkəmədən X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, vaxtında məlumat verilməmiş, Təcili Yardımdan məlumat daxil olmuşdur. Hadisənin iş yerində olub-olmaması mübahisəli məsələdir və bunun aydınlaşdırılması üçün şirkət tərəfindən məlumat verilməli idi. Şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin inzibati tənbehvermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış X5 qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin işçisi X2 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı işəgötürən X7 tərəfindən hadisə baş verdiyi gün verilmədiyi, işəgötürən E.Bilalov tərəfindən işçilərin (zərərçəkənin) əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərin yoxlanılmasının təşkili və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi aşkar edilmişdir. Bununla da, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələbləri pozulmuş və o, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-767/2025 nömrəli əmri ilə təyin edilmiş təhqiqat aktından görünür ki, bədbəxt hadisə X2 xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 1 ünvanında yerləşən “Üçlər marketə”-ə məhsul vermək məqsədi ilə avtomobildən düşüb marketə gedən zaman anidən müvazinətini itirib yıxılması nəticəsində baş vermişdir. İş materiallarına əlavə edilmiş “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “X11”-in məktubundan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə X12 Stansiyası Briqadasının müşayətilə X10 gətirilmişdir. Xəstənin dediyinə görə yıxılmış, ayağı maşınla divarın arasında qalması nəticəsində xəsarət almışdır. Xəstə rentgen olunmuş və ona diz oynağının açıq yarası, diz oynağının əzilməsi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləyir və iş saatı 08:00-17:00 aralığıdır. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində marketlərə mal paylayarkən saat 12 radələrində firmaya məxsus idarə etdiyi avtomobildən düşərək marketə mal verməyə getmək istəyərkən ehtiyatsızlığından yerə yıxılaraq sol diz nahiyəsindən xəsarət almışdır. Təcili Yardıma məlumat verilmiş və Tibbi Mərkəzə aparılmışdır. Xəsarəti ilə bağlı müdiriyyətə məlumat vermiş, lakin məlumatlı olmadığı üçün bülleten açdırmamışdır. xx.xx.2025-ci il tarixdən ödənişsiz məzuniyyətə çıxmış, lakin xx.xx.2025-ci il tarixdən diz nahiyəsindəki xəsarətlə bağlı bülleten açdırmışdır. (xx.xx.2025-ci il tarixədək). İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 xx.xx.2025-ci il tarixində saat 12:00 radələrində şirkətə aid maşından düşəndə ehtiyatsızlıq edərək xəsarət alması ilə bağlı növbəti gün xəstəlik vərəqəsini təqdim etməmişdir. X1 şöbəsinə şəxsi işləri ilə bağlı bir aylıq ödənişsiz məzuniyyətə çıxması üçün xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət etmişdir. Şirkət etiraz etməmiş və xx.xx.2025-ci il tarixində 2506/05- 02 nömrəli ödənişsiz məzuniyyət barəsində əmr verilmişdir. Lakin, xx.xx.2025-ci il tarixdə “1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” tərəfindən XVB**********97 nömrəli bildiriş daxil olmuşdur. X2 xx.xx.2025-ci il tarixində adığı xəsarət sol diz nahiyəsində ağrılar olduğuna görə həkimə müraciət etmişdir. Həkimdən alınan məlumata görə xəstəlik vərəqəsi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək açılmışdır. Göründüyü kimi X8 Xidmətinin Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, X7 qanun pozuntusuna yol vermişdir. Ona görə də 27 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, X4 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Şikayət verən şəxs qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəliləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X7 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında 27 avqust 2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında 27 avqust 2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2545/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2545/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver