Məhkəmə qərarları › İş №3(009)-2572/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2572/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2572/2023 29.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə MN ******* nömrəli 27 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 2022-ci il üzrə maliyyə hesabatlannın 2023-cü ildə audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə protokol tərtib etmiş orqanın və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən məhkəməyə təqdim edələn etirazdan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi (bundan sonra “Nazirlik”) tərəfindən Şəxs MMC (bundan sonra “Cəmiyyət”) barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol (bundan sonra “Protokol”) tərtib olunmuşdur. Sözügedən Protokola əsasən, 2022-ci il üzrə 2023-cü ildə Maliyyə hesabatlarının (konsolidasiya edilmiş) auditor rəyi ilə birlikdə mətbu orqanda və ya internet səhifəsində dərc etdirmədiyinə görə Nazirlik tərəfindən Cəmiyyətin İnzibati Xətalar Məcəlləsinin 462.1ci maddəsinə əsasən inzibati xəta törətdiyi iddia olunur. Bildirir ki, Cəmiyyət tərəfindən 2022-ci il üzrə maliyyə hesabatının hazırlanması və Audit rəyinin təqdim olunması üçün bu işin icrası üçün mütəxəssisləşmiş Azərbaycan Respulikasmın Auditorlar Palatasının Müstəqil X1 (bundan sonra “Auditor”) ilə müqavilə bağlanmış və Auditor tərəfindən müstəqil audior rəyi və maliyyə hesabatı hazırlanmışdır və müvafiq olaraq Auditorların Palatasının internet səhifəsində dərc olunmuşdur. Sifarişçi Şəxs MMC tərəfindən həmin auditor rəyinin hazırlanması zamanı bütün zəruri məlumatlar (habelə Törəmə Təsərrüfat Cəmiyyətləri barədə məlumatlar) İcraçı Auditora təqdim edilmişdir. Auditor tərəfindən hesabat hazırlanmış, rəy formatında Sakuraz MMC-yə təhvil verilmişdir. Sakuraz MMC-yə auditor rəyi təhvil verilərkən həmçinin müvafiq olaraq Auditorlar Palatasının internet saytında yerləşdirilmiş nəticənin linki təhvil verilmişdir. Belə ki, Sakuraz MMC bu sahədə ixtisaslaşmış qurumla (müstəqil auditorlar) müqavilə bağlamış, ödəniş həyata keçirmiş və müvafiq hesabatın internetdə dərc edildiyinə dair məlumatlandırılmışdır. Əlavə olaraq, konsolidə edilmiş maliyyə hesabatlarının verilməsi ilə bağlı qeyd olunmalıdır ki, sözügedən maliyyə hesabatının konsolidə edilməsi müvafiq olaraq Auditor tərəfindən həyata keçirilməli olmasına baxmayaraq, icra edilməmişdir və nəzərə alaraq ki, Cəmiyyətin təsisçiləri Azərbaycan Respublikasının vətəndaşı deyil və yerli qanunvericiliyin tələblərini kifayət qədər dərindən mənimsəmə şansları olmamış, Cəmiyyətin müvafiq inzibati xətanın törədilməsi üçün heç bir qəsd və ya ehtiyatsızlıq aspektini dəyərləndirmək imkanını özlərində cəmləşdirməmişdirlər. Həmçinin müəssisənin səlahiyyətli şəxsi olan direktor tərəfindən müvafiq işin detallarının bilinməsi mümkün olmamışdır. Həmçinin iş materialları təhlil edilərkən məhkəmə tərəfindən xüsusi nəzərə alınmalıdır ki, hüquqi şəxslər və ya vəzifəli şəxslər tərəfindən bəhs edilən inzibati xəta həyata keçirildiyi halda əsas motiv və məqsəd qismində şirkətin məlumatlarının gizlənilməli, vergidənyaymma çıxış edir. Müstəqil auditorun cəlb edilməsi, şirkət məlumatlarının bütövlükdə ötürülməsi bir daha sübut edir ki, Sakuraz MMC-nin və onun vəzifəli şəxsinin hər hansı belə bir niyyəti olmamışdır. Belə ki, müvafiq inzibati xətanın mövcud olması Sakuraz MMC-yə heç bir əlavə qazanc və ya mənfəət bəxş etmir. Belə ki, İnzibati xəta İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Aydındır ki, inzibati xəta olması üçün müvafiq olaraq inzibati xəta tərkibi formalaşmalıdır. Hazırki İXM 462-ci maddənin və müvafiq olaraq 37-ci fəslin tələblərinə nəzər yetirdikdə aydın olur ki, inzibati xətanın obyekti müvafiq olaraq vergidən yayınma, maliyyə, mühasibat aparılması qaydalarını pozma təşkil edir. Buna baxmayaraq həmin sözügedən obyektə qarşı inzibati hər hansısa hərəkət və hərəkətsizliyin edilməsi üçün heç bir qəsd və ya ehtiyatsızlıq baş verməmişdir. Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokolu ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin bildirişindən görünür ki, Şəxs MMC 2022-ci il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə 30 iyun 2022-ci il tarixdən gec olmayaraq təşkilatın rəsmi səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 27 noyabr 2023-cü il tarixdə saat 10:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmış, lakin inzibati xəta haqqında protokoldan görünür ki, protokol tərtib edilərkən "xxxx" MMC-nin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan sərbəst auditor X3 tərəfindən verilmiş audit rəyindən görünür ki, Şəxs MMC-nin 31 dekabr 2022-ci il tarixinə maliyyə hesabatlarının auditi aparılmışdır. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Qanunun 16.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən ediimiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, inzibati xəta haqqında protokolu və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, “2022-ci il üzrə maliyyə hesabatlannın 2023-cü ildə audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc edilməməsi Şəxs MMC-nin təqsiri üzündən baş verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələri rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar