Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2573/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şikayət verən şəxs X6, Bakı şəhəri Səbail rayon Polis idarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon Polis idarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasimn Daxili İşlər Nazirliyinin elektron portalinı izləyərkən aşkar etdi ki, ona Baki şəhəri Səbail RPİ-i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AR İnzibati Xətalar Məcəlləsinin 521 maddəsi ilə (İnzibati xəta barədə protokollarına) əsasən iddia olunur ki, o, X9 yuxarida qeyd edilmiş olan xx.xx.2023-cü il 04:03 tarixində AR İnzibati Xətalar Məcəlləsinin Maddə 521.maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd edir ki, bu barədə ona heçbir xəbərdarliq gəlməmişdir. Ona xx.xx.2023- cü il tarixdə ona barəsində yazılan proktokol elektron portaldan öz səhifəsində qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə o X9, Malakan bağından Tarqovu ərazisinə keçərkən 4 polis əməkdaşının bir nəfəri döydüyünü, üstünə tərəf gəldiyini gördü. O, da bu zaman telefonla danışarkən dostuna 4 polis əməkdaşının bir nəfəri döyərək apardığını bildirdi və bu zaman bir polis əməkdaşı onun paltarını dartaraq PPX maşınına yaxınlaşdırdı. Onu təpikləyərək arxa baqaj hissəsinə saldı. O, həmin müddətdə ayıq sürücü işləyirdi. Ona 39-cu Polis bölməsinə gətirdilər, onun heç bir təqsiri olmadan 511-ci maddə ilə cərimə yazılaraq buraxıldı. Qeyri-qanuni yazılan cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis idarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin PPX bölüyün polis kiçik serjantları X10 ifadəsində bildirimişdir ki, X9 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 521-ci maddəsi ilə inzibati xəta hadisəsi törətməmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xəta hadisəsində təqsirli olan digər şəxslər saxlanılaraq bölməyə təhvil verilmişdir. X9 bölməyə səhvən təmin olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin PPX bölüyün polis nəfəri X1 Muraz Araz oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 07-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh tətbiq edilmişdir. X9 İXM-nin 521-ci maddəsinə əsasən ictimai qaydanı pozmasına görə təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, X6 əməlində inzibati xəta hadisəsi olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Yəni əgər şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmırsa, protokol tərtib etmiş şəxsin subyektiv mülahizəsinə əsasən, tərtib edilmiş yeganə sübut növü olan protokol əsasında şəxsə inzibati tənbeh verilə bilməz. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər, lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olub-olmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Şəxsin inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X6 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X6 Azərbaycan Respublikası İXM-in 521-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X6 verdiyi şikayət təmin edilməli və Bakı şəhəri Səbail rayon Polis idarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Bakı şəhəri Səbail rayon Polis idarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Səbail rayon Polis idarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X6 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2573/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2573/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver