Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2584/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Hal-hazırda 2720 manat borcu var. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya verilmişdir. Borclunun yaşayış yerini müəyyən etmək mümkün ollmadığından xx.xx.2025-ci il tarixdə onun barəsində axtarış elan olunmuş, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(009)-304/2025 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə borclu barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, himayəsində 3 azyaşlı uşağı olduğu üçün icra sənədini üzrə öhdəliklərini yerinə yetirə bilməmişdir. Hazırda borcunu ödəməyə hazırdır, odur ki, məhkəmə iclasına fasilə verilməsini xahiş etdi. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-411/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 2(009)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs Səbail Rayon Məhkəməsinin 2(009)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi könüllü olaraq dərhal icra etməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs yaşayış yerini müəyyən etmək mümkün ollmadığından onun barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(009)- 304/2025 saylı qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs borcunun ödəməsi üçün məhkəmə iclasına fasilə verilməsi ilə bağlı şifahi vəsatəti təmin olunmuş və fasilədən sonra borclu icra sənədi üzrə 2720 manat borcunu tam ödəyərək ödəniş çekini məhkəməyə təqdim etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Şəxs Səbail Rayon Məhkəməsinin 2(009)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcunun qalmamasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən məhkəmə tərəfindən qərar qəbul edilənədək borclu icra sənədini icra etdikdə inzibati məsuliyyətdən azad edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmlərə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2584/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2584/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver