Məhkəmə qərarları › İş №3(009)-2599/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2599/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2599/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 16 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının 13 oktyabr 2025-ci il tarixli, 6-1-21/2-15676/2025 nömrəli məktubu ilə Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə təqsirləndirilməsinə dair 13 oktyabr 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC 29828.52 Avro məbləğində vəsaiti bank vasitəsilə 28 sentyabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və 2 il müddət keçsə də, 29828.52 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 29 sentyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan etirazda Şəxs Qapalı Səhmdar Cəmiyyəti (ASCO) ilə "xxxx" arasında xx.xx.2023-cü il tarixində XA-1433 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin icrası üzrə keytrinq xidmətlərini göstərən "xxxx" şirkəti və xidmətləri təhvil alan “Şuşa” gəmisi tərəfindən xidmətlərin təhvil verilməsi ilə bağlı təhvil-təslim aktları imzlanmışdır. Qeyd olunan təhvil-təslim aktları "xxxx" ASC-yə təqdim olunsa da, müvəkkil bank tərəfindən təqdim olunmuş bəzi təhvil-təslim aktları, aktlarda “Golden Ocean” şirkətinin adının qeyd olunması səbəbindən qəbul edilməmişdir. Halbuki, təhvil- təslim aktlarının bəzisi “Golden Ocean” şirkəti tərəfindən təsdiq olunsa da, satıcı kimi "Unimars Catering Service SİA” şirkətinin adı qeyd olunmuşdur. Yəni, "xxxx" şirkəti ASCO -ya qarşı müqavilə üzrə öhdəliklərini “Golden Ocean” şirkəti vasitəsilə icra etmiş və bu təhvil-təslim aktlarında öz əksini tapmışdır. Qeyd olunanlar müqavilənin icra edilməməsinə və yaxud xidmətlərin təhvil verilməməsinə dəlalət etmir. Belə ki, sözügedən müqavilə üzrə müvafiq təhvil-təslim aktlarının xx.xx.2025-ci il tarixində müvəkkil banka təqdim edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən müddətlər ərzində xidmətlərin göstərilməməsi ilə bağlı , ASCO barəsində protokolun tərtib edilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək cərimə olunur. Təsdiqedici sənədlərdən aydın olur ki, ASCO ilə "xxxx" arasında bağlanılan xx.xx.2023-cü il tarixli XA- 1433 nömrəli müqavilə üzrə xidmətlər göstərilmiş və mövcud təcrübəyə uyğun olaraq elektron poçt üzərindən müvafiq aktlar müvəkkil banka təqdim edilmişdir. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd olunan inzibati xəta tərkibi yaranmamışdır. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası İXM- nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan etiraza əlavədə, məhkəməyə XA-1433 saylı xx.xx.2023-cü il tarixli müqavilə üzrə görülmüş işləri təsdiq edən aktlar təqdim edildiyi, belə ki, xx.xx.2023-cü il tarixində, 07/23-211 saylı aktla 4762.81 Avroluq, 07/23- 212 saylı aktla 4582.10 Avroluq, 07/23-213 saylı aktla 1244.41 Avro, 07/23-214 saylı aktla 3302.50 Avro, 07/23-215 saylı aktla 5659,78 Avro, 07/23-216 saylı aktla 2216 Avro, 07/23- 217 saylı aktla 384.93 Avro, 07/23-229 saylı aktla 466.88 Avro, 07/23-230 saylı aktla 174.25 Avro, 07/23-231 saylı aktla 3980.82 Avro, 07/23-232 saylı aktla 1104,69 Avro, 07/23-233 saylı aktla 1910.70 Avro, 07/23-234 saylı aktla 38.65 Avro, ümumilikdə isə 29.828.52 Avro məbləğində xidmətlərin "Şuşa" və "Karabah" gəmilərinə göstərilməsi hər iki tərəfin imza və möhürləri ilə təsdiq edildiyi, yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş sənədlərdə inovice yazılsa belə, mahiyyət ilə bu xidmətlərin göstərilməsi və malların təhvil verilməsini təsdiq edən ikitərəfli akt olması göstərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 etirazda yazılanlara uyğun izahat verərək həmin vəsait hesabına alınan malların ölkəyə idxal edilməsinə dair gömrük bəyannamələrinin məhkəməyə təqdim olunduğunu bildirərək onların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə1 izahatında Şəxs QSC tərəfindən 28 sentyabr 2023-cü il tarixdə avans olaraq 29828.52 Avro məbləğində vəsait bank vasitəsilə ölkə xaricinə köçürüldüyünü və 2 il müddət keçsə də, 29828.52 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyini, valyuta vəsaitini geri qaytarmadığını və törədilmiş xəta ilə bağlı protokol tərtib olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2327 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs QSC-nin hesabından “Unimars Catering Services sa” şirkətinin hesabına 29828.52 Avro köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli satınalma sifarişindən görünür ki, Şəxs QSC tərəfindən “Karabakh” və “Shusha” gəmiləri üçün catering (iaşə) xidmətləri göstərilməsi üçün “Unimars Catering Services sa” şirkətinə 29828.52 Avro dəyərində sifarişlər verilib. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli X1 tərəfindən ünvanlanan məktubdan görünür ki, Misir, Port-Said şəhəri, Fişarq meydanı, Elməğrəbi Tauer, Tarh Əlbəhr küçəsi 70 ünvanında yerləşən "X5 Services" şirkəti "UnimarsPS" şirkətinin rəsmi tərəfdaşıdır. "X5 Services" şirkəti dəniz xidmətlərinin göstərilməsi sahəsində Unimars PS ilə əməkdaşlıq etməyə səlahiyyətlidir və müştərilərimizə və tərəfdaşlarımıza göstərilən peşəkarlıq və dəstəyin ən yüksək standartlara cavab verməsini təmin edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli X1 tərəfindən ünvanlanan məktubdan görünür ki, AFRAMAX tipli gəmilər üçün ASCO tərəfindən verilmiş bütün sifarişlər "Unimars Catering Services" şirkətinin adından "X5 Services" şirkəti tərəfindən ASCO sifarişlərinin icrasını təsdiq edən xx.xx.2023-cü il tarixli 20775 nömrəli, xx.xx.2023cü il tarixli 20776 nömrəli, xx.xx.2023-cü il tarixli 20777 nömrəli, xx.xx.2023-cü il tarixli 20778 nömrəli, xx.xx.2023-cü il tarixli 20779 nömrəli, xx.xx.2023-cü il tarixli 20780 nömrəli, xx.xx.2023-cü il tarixli 20781 nömrəli, xx.xx.2023-cü il tarixli 22102 nömrəli, xx.xx.2023-cü il tarixli 22103 nömrəli, xx.xx.2023-cü il tarixli 22104 nömrəli, xx.xx.2023-cü il tarixli 22105 nömrəli, xx.xx.2023-cü il tarixli 22106 nömrəli və xx.xx.2023-cü il tarixli 22107 nömrəli sənədlər yerinə yetirilmişdir. Bu məktubla həmçinin təsdiq edilir ki, verilmiş bütün sifarişlər lazımi qaydada və tam həcmdə icra edilmişdir. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və Şəxs QSC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs QSC-nin hesabından “Unimars Catering Services sa” şirkətinin hesabına 29828.52 EUR köçürülmüş və protokolda göstərilən məbləğdə pulun dəyərində Şəxs QSC tərəfindən “Karabakh” və “Shusha” gəmiləri üçün catering (iaşə) xidmətləri göstərilməsi üçün “Unimars Catering Services sa” şirkətinə 29828.52 Avro dəyərində verilən sifarişlər (xidmətlər) “Unimars Catering Services sa” şirkəti tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında Konstiusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və qalıq məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər mövcuddursa hüquqi şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs QSC tərəfindən protokolda göstərilən 29828.52 Avro məbləğində pulun qarşılığında xidmətlər pulun köçürülməsindən sonra 2 il müddətində icra edilmişdir. Bununla da Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığı sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs QSCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Xəzər Dəniz X3 Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar