Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-26/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Bakı X1 Klinikası” MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, “Bakı X1 Klinikası” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Bakı X1 Klinikası” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən “Bakı X1 Klinikası” MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı sertifikatsız tibbi fəaliyyət (həkim oftolmoloq X2 və s.) və lisenziyadan kənar iş və fəaliyyət- (stasionar oftolmologiya) aşkar edilmişdir. Nəticədə “Bakı X1 Klinikası” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, “Bakı X1 Klinikası” MMC-yə məxsus kilinikada keçirilmiş planlı yoxlama zamanı nöqsanlar aşkar edilmişdir. Belə ki, sertifikatsız tibbi fəaliyyət və lisenziyanın şərtlərinı riayət olunmaması və lisenziyadan kənar iş və fəaliyyət göstərildiyi aşkar olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edərək, “Bakı X1 Klinikası” MMC-nin inzibati məsuliyytə cəlb edilmsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Bakı X1 Klinikası” MMC-nin nümayəndəsi Nümayəndə2 protokola etiraz edərək bildirmişdir ki, X2 yoxlama anında kursu bitirmişdi və imtahanlarda buraxılış kağızı əlində idi, təkmilləşmə insitutundan ayrılan vaxta əsaslanaraq gecikmişdi, artıq şəhadətnaməsini almışdı. Cərrahiyə bloku ilə bağlı bildirmişdir ki, onların etdiyi əməliyyatda narkoz verilmir, stasionarda yatizdırılmır. 2016-cı ildən lisenziyaların daimi olduğuna görə, şəxs müraciət edəndə qeyd olunan xidmətləri istəməlidi, göstərməlidi həmin siyahıda ki, yenidən verilsin. Sertifikasiya ilə bağlı yoxlama ayın 20-si keçirilib, dərhal müraciət ediblər amma gec olub. İş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən mütəxəssis X4 bildirmişdir ki, yoxlama zamanı əməliyyat bloku aşkarlanmışdır, hansı ki, steril zona, bəzi dərman preparatları olmuşdur. Əgər həqiqətən də əməliyyat bloku varsa, stasionar göz əməliyyatları gedirsə, individual olaraq sənədlər təqdim olunmadı, xəstəlik tarixləri açılmamışdı. Əgər əməliyyat bloku aşkarlanıbsa, reanimasiya, reanivmatologiya yoxdusa, deməli stasionar-oftalmologiya ola bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “Bakı X1 Klinikası” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 1093 nömrəli, 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ünvan 3 ünvanında yerləşən “Bakı X1 Klinikası” MMC-yə məxsus kilinikada planlı (növbəti) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bildirişindən görünür ki, ünvan 1 ünvanında yerləşən klinikada keçiriləcək yoxlama barədə “Bakı X1 Klinikası” MMC-yə məlumat verilmişdir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində “Bakı X1 Klinikası” MMC-nin cari fəaliyyəti üzrə plan üzrə (növbəti) yoxlama keçiriləcəyi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 20 dekabr 2022-ci il tarixli 659 nömrəli özəl tibb müəssisənin planlı (növbəti) yoxlama aktından görünür ki, “Bakı X1 Klinikası” MMC-yə məxsus tibb müəssisəsində lisenziya şərtlərinə riayət edilməməsi, özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssis(lər)ini sertifikasiyaya cəlb etməməsi və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyətin həyata keçirilməsi aşkarlanmışdır. Fotoşəkillər çəkilərək akta əlavə olunmuşdur. Müəssisədə yoxlama icraçı direktor Nümayəndə2 iştirakı ilə aparılmış, həmçinin aktın qeyd hissəsində Nümayəndə2 bildirmişdir ki, lisenziya şərtlərinə riayət edilməməsi ilə bağlı göstərilən ümumi nöqsanlarla razıdırla və aradan qaldıracaqlar, sertifikasiya ilə bağlı SN-ə müraciət olunub və imtahan günləri təyin olunub, lisenziyada kənar iş və fəaliyyətlə bağlı bildirdi ki, lisenziyaya əlavəni təqdim edə bilməmişlər və sənədin əldə edilməsi üçün aidiyyəti orqana müraciət ediləcəkdir. İş materiallarında olan əmək müqaviləsi bildirişlərindən görünür ki, X2 “Bakı X1 Klinikası” MMC-də müddətsiz əmək müqaviləsi ilə həkim-oftolmolog, X5 tibb bacısı vəzifəsində işləyir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Bakı X1 Klinikası” MMC-də əməliyyat bölməsi mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə -vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1- ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “Bakı X1 Klinikası” MMC-nin ünvan 3 ünvanında yerləşən tibb müəssisəsində nizamnamələrində və özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi aşkarlanmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “Bakı X1 Klinikası” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “Bakı X1 Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “Bakı X1 Klinikası” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Bakı X1 Klinikası” MMC Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-26/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-26/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver