Məhkəmə qərarları › İş №3(009)-2612/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2612/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2612/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24746422 nömrəli inzibati tənbehvermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24746422 nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə inzibati xəta ilə bağlı telefonuna zəng gəlmiş və Yol Polisi İdarəsinə çağırmışlar. Elektron kabinetə daxil olub bunun nə ilə bağlı olmasını öyrənərkən məlum olmuşdur ki, guya xx.xx.2024-cü il tarixdə saat 07:54də "Toyota Prius" minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Səbail rayonu, Burov 1 ərazisində - nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən və idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən idarə edilməsinə görə 400 manat məbləğində cərimə edilmişəm. Bundan dərhal sonra elektron qərarı və ona əlavə edilmiş fotoşəkili əldə etmişdir. BDYPİ-nin xx.xx.2024-cü il tarixli qərarına əlavə edilmiş fotoşəkilə diqqət yetirdikdə xətanın qeydə alınması zamanı uyğunsuzluq, ziddiyyət (şübhələr) müəyyən edilmişdir Belə ki, elektron qərara əlavə edilmiş 1 ədəd fotoşəkildən "nəqliyyat vasitəsinin onu idarə edən şəxs tərəfindən hərəkətdə olması" məlum deyil (görünmür). Səhərin alatoran vaxtında avtomobilin öndən olan ümumi görünüşündə onun açıq-aydın dayanıqlı və şüşələri tərləmiş (şehlənmiş) vəziyyətdə olması müəyyən olunur. Çünki, həmin avtomobil barəsində məhrumiyyət tədbiri tətbiq olunduğundan günlərdir ki, yaşadığı həyətə bitişik ərazidə saxlanılır. Yəni avtomobili ümumiyyətlə idarə etmir. Ona görə də əlavə edilmiş fotoşəkildə inzibati xəta ilə bağlı şübhələr yaranır. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə inzibati xəta törətmədiyi halda barəsində iştirakı olmadan əsassız olaraq elektron cərimə qərarı çıxarılmışdır. İnzibati xəta törədilməsi anında çəkilmiş fotoşəkildə avtomobilin konkret kim tərəfindən idarə olunması məlum olmadığından, eləcə də, “xəta” ilə bağlı sübutlar olmadığından və bu sübutun təqdim edilməsi vəzifəsi dövlət qurumunun (BDYPİ) üzərinə düşür. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Nəticə etibarı ilə səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının DİN BDYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə olan halda isə avtomobilin fotoşəkili xüsusi texniki vasitə olan TŞ kamerası ilə (XTV) və ya s. ilə qeydə alınarkən guya "xəta"ya yol verməklə tələbləri pozmağı sübut edilmir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin EQ 24746422 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və başlanılmış iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24746422 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024cü il tarixli EQ 24746422 nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, 07:54-də Bakı şəhəri, Burov 1 ərazisində “Toyota Prius minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 339.1-1-ci nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, “Toyota Prius minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X1 təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, X2 barəsində araşdırma aparılmadan inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Belə ki, müvafiq orqan tərəfindən sübut kimi əlavə edilmiş fotoşəkildən nəqliyyat vasitəsinin idarə edilməsi, habelə içərisində sürücünün olub-olmaması müəyyən edilmir. Bu səbəbdən X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 barəsində qəbul edilmiş inzibati xəta üzrə təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X1 verdiyi şikayət təmin edilməli və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24746422 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24746422 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar