Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2620/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Oğuz rayonu, Xaçmaz Ə/D, Xaçmaz kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ö/t evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, əməlindən peşmandır və bir daha analoji hallara yol verməyəcəyinə dair söz verir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 02 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqub 3 ünvanının qarşısında Şəxs üzərində narkotik maddələr aşkar edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-7/1951 nömrəli ekspert rəyindən görünür ki, Təqdim edilmiş kağız paketdə 05(beş) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,15 qram, 0,61 qram, 0,20 qram, 0,22 qram, 0,16 qram, ümumi 1,34 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 1,34 qram narkotik vasitənin 0,1 qramından nümunə götürülmüş, 1,24 qramı geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:40-da şübhəli şəxs qismində tutulmuşdur. 01 dekabr 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını və bir daha analoji hallara yol verməyəcəyinə dair söz verməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 01 dekabr 2024-cü il il tarixdə inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən 1/3 hissəsi çıxılmalı və o cərimənin 1/3 hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 300 (üç yüz) manat inzibati cərimənin 100 (bir yüz) manatından azad edilməli və üzərində 200 (iki yüz) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. İş üzrə maddi sübut olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan tədqiqatdan sonra qalan 1,24 qram çəkidə narkotik vasitəqurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 300 (üç yüz) manat inzibati cərimənin 100 (bir yüz) manatından azad edilsin və üzərində qəti olaraq 200 (iki yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan tədqiqatdan sonra qalan 1,24 qram çəkidə narkotik vasitəqurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat dövlət hesabına ödənilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2620/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2620/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver