Məhkəmə qərarları › İş №3(009)-2637/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2637/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2637/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Dövlətov Seymur Alim oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 mənzil 20 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən OPEL VECTRA minik markalı, 90MU772 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə işi Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. Toplanmış materialdan görünür ki, xx.xx.2020- ci il tarixdə saat 21.30 radələrində özünə məxsus etibarnamə ilə idarə etdiyi Opel Vectra markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Ü.Hacıbəyov küçəsi ilə Bülbül prospektinə doğru hərəkət edərək, həmin küçə ilə hərəkətdə olan Bülbül prospekti ilə kəsişmədə yerləşən svetafora çatan zaman svetaforun qırmızı işarəsinin yanmaq istəməsini görüb avtomobili saxlamaq üçün tormoz əyləcini basan zaman avtomobil bir qədər sürüşmüş və yolun solunda dayanmış vəziyyətdə olan mopedə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir.Baş vermiş hadisə zamanı mopedin sürücüsü yerə yıxılmışdır.O, dərhal avtomobildən düşüb həmin sürücüyə köməklik etmiş və TTYS-na müraciət olunmuşdur. TTYS-nın həkimləri hadisə yerinə gəlincə dərhal moped sürücüsünə köməklik göstərib yaxınlıqda yerləşən poliklinikaya aparmışdır.Orada həmin şəxsə ilkin tibbi yardım göstərilmiş və daha sonra onun köməkliyi əsasında həmin molpedçini 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Xəstəxanada mopedin sürücüsünə yardım göstərib ambulator müalicə alması üçün evə buraxmışlar. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, əməlindən səmimi peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Dövlətov Seymur Alim oğlu izahatında bildirmişdir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxs Dövlətov Seymur Alim oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Səbail RPİ-nə, Səbail rayonu Z.Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı moped sürücüsü Dövlətov Seymur Alim oğlunun xəsarət alması barədə məlumat daxil olmuşdur. Yolnəqliyyat hadisə yerinə, Səbail rayonu Ü.Hacıbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsinə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinə sxemi və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020- ci il tarixdə saat 21.30 radələrində özünə məxsus etibarnamə ilə idarə etdiyi Opel Vectra markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Ü.Hacıbəyov küçəsi ilə Bülbül prospektinə doğru hərəkət edərək, həmin küçə ilə hərəkətdə olan Bülbül prospekti ilə kəsişmədə yerləşən svetafora çatan zaman svetaforun qırmızı işarəsinin yanmaq istəməsini görüb avtomobili saxlamaq üçün tormoz əyləcini basan zaman avtomobil bir qədər sürüşmüş və yolun solunda dayanmış vəziyyətdə olan mopedə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir.Baş vermiş hadisə zamanı mopedin sürücüsü yerə yıxılmışdır.O, dərhal avtomobildən düşüb həmin sürücüyə köməklik etmiş və TTYS-na müraciət olunmuşdur.TTYS-nın həkimləri hadisə yerinə gəlincə dərhal moped sürücüsünə köməklik göstərib yaxınlıqda yerləşən poliklinikaya aparmışdır.Orada həmin şəxsə ilkin tibbi yardım göstərilmiş və daha sonra onun köməkliyi əsasında həmin molpedçini 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar.Xəstəxanada mopedin sürücüsünə yardım göstərib ambulator müalicə alması üçün evə buraxmışlar.O, hadisə zamanı avtomobili saatda 50-60 km/saat sürəti ilə idarə etmişdir. Mopedlə toqquşma anı 10-15 metr məsafədə görmüşdür.Hadisə zamanı avtomobildə tək olmuş və hər hansı bir xəsarət almamışdır.Avtomobili idarə etmək üçün sənədləri vardır.Həmin vaxt spirtli içkinin təsiri altında olmayıb. Vətəndaş Dövlətov Seymur Alim oğlu izahatında bildirmişdir ki, o, Wolt çatdırılma şirkətində kuryer işləyir. xx.xx.2020-ci il tarixdə saat 21.30 radələrində Səbail rayonu Sahil metrosunun yaxınlığında yerləşən Mcdonalds restoranından sifarişi götürüb ünvana çatdırmaq üçün yola düşmüşdür.İdarə etdiyi Moon markalı mopedlə Xəqani küçəsi ilə hərəkət edib Bülbül prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən svetaforun qırmızı işığına keçməsini görüb bir tərəfli yolun sol birinci zolağında mopedi saxlamışdır.Mopedi saxlayan zaman arxadan avtomobilin tormoz əyləcninin səslərini eşidib arxaya çönüb baxmış və həmin an arxadan gələn Opel markalı avtomaşın idarə etdiyi mopedi arxadan vurması nəticəsində yolnəqliyyat hadisəsi baş vermişdir.Həmin vaxt o, yerə yıxılmış və xəsarət almışdır.Həmin vaxt avtomobilin sürücüsü ona köməklik göstərib onu yaxınlıqda yerləşən tibb müəssisəsinə aparmışlar.Orada ona ilkin tibbi yardım göstərib onu təcili tibbi yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar.Orada müayinədən keçib, lazımi tibbi yardım göstərib ambulator müalicə olunması üçün evə buraxmışlar.Toqquşma zamanı məsafəni bilməmişdir.Hadisə nəticəsində bədənin müxtəlif nahiyələrindən xəsarət almışdır.Hadisə ilə bağlı şikayəti vardır, Opel markalı avtomobilin sürücüsü tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsini və sürücünün barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təhqiqat zamanı Opel Vectra markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə və Moon markalı mopedə baxış keçirilərək protokollar tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Sərxoşluq halların bütün növlərini təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs və Dövlətov Seyur Alim oğlunun alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Məhkəmə-tibbi ekspertizanın 505 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Dövlətov Seymur Alim oğlunun bədənində müəyyən edilmiş xəsarətlər-sol bel nahiyəsində, orta qoltuq xətti ilə arxa qoltuq xəttiarası sahədə qalça darağı proyeksiyasının, sağ baldırın orta 1/3-nin ön-iç səthinin sıyrıqları, sol aşıq-baldır oynağının bayır topuq nahiyəsinin hematoması və bu fonda sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsindən göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətsiz vəziyyətdə olan mopedin avtomaşınla vurulması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2020-ci il tarixdə saat 21.30 radələrində özünə məxsus etibarnamə ilə idarə etdiyi Opel Vectra markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Ü.Hacıbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsində ehtiyatsızlıq edərək svetaforda dayanmış vəziyyətdə mopedçi Dövlətov Seymur Alim oğlunun idarə etdiyi Moon markalı mopedi arxadan vurmaqla toqquşmuş, toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.Odur ki, sürücü Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi müəyyən edilməmişdir.Lakin təqsirkar sürücü Şəxs öz hərəkətləri ilə yol hərəkəti qaydalarını pozma inzibati xətanı törətmişdir.Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 86, 39.1.2 və 212-ci maddələrini rəhbər tutaraq, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar