Məhkəmə qərarları › İş №3(009)-267/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-267/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-267/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X8 İslam oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail rayon X11 Şöbəsinin 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli qərarından Məmmədov Emil İslam oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 İslam oğlu şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon X11 Şöbəsinin 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon X11 Şöbəsinin 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli Qərarına əsasən, barəsində tərtib edilmiş 10 dekabr 2021 ci il tarixli, İXP4353029 nömrəli protokol qanuni qüvvəyə minmiş və barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bildirmək istəyir ki, Səbail rayon X11 Şöbəsinin tərtib etdiyi 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli Qərar və 10 dekabr 2021-ci il tarixli, İXP4353029 nömrəli Protokol qanunun tələblərini pozaraq yazılmışdır və ləğv edilməlidir. Belə ki, o, 10 dekabr 2021-ci il tarixində özünə məxsus olan **-ET-*** dövlət qeydiyyat nişanlı, BMW markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yusif Səfərov küçəsi ilə hərəkətdə olarkən dövlət yol patrul xidmətinin **- YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə polis nəfərləri ona yaxınlaşmış və ondan Hökumət evi istiqamətində hərəkət etməyini tələb etmişlər. O, qanuna əsasən, polis əməkdaşlarının əmrinə tabe olmuş və qeyd edilən istiqamətdə hərəkət etmişdir. Göstərilən ünvana (Hökumət evinin yanı) çatdıqdan sonra yol patrul xidmətinin əməkdaşı ona yaxınlaşaraq, mülkiyyətində olan nəqliyyat vasitəsinə qeyri-qanuni olaraq avadanlığın quraşdırıldığını bildirmişdir. Azərbaycan Respublikası tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi polis əməkdaşlarına təqdim edildikdən və şəhadətnamədə xüsusi qeyd hissəsində “M 3 yığılıb” qeydinin olması barədə polis əməkdaşına məlumat verməyimə baxmayaraq, onun tərəfindən “bu şəhadətnamə sənə qanunsuz verilmişdir, mən istəsəm bunu ləğv edərəm” iradı bildirilmiş və nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmalı olduğu qeyd edilmişdir. Tərəfindən nəqliyyat vasitəsinin yalnız qanunvericiliyin tələblərinə əsasən, müvafiq protokol tərtib edildikdən sonra aparılmalı olduğu bildirilsə də, ona hədə-qorxu gəlinmiş və “polisin qanuni tələblərinə tabe olmadığıma” post patrul xidmətinin əməkdaşları çağırılmışdır. Bundan sonra ona məxsus nəqliyyat vasitəsi cərimə meydançasına aparılmış və yalnız cərimə meydançasından çıxarkən İXP4353029 nömrəli inzibati protokol təqdim edilmişdir. Qeyd etdiklərini müvafiq olaraq Təhlükəsiz Şəhər kameraları vasitəsi ilə müəyyən etmək mümkündür. Lakin qeyd etdiyi kimi, dövlət tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində on məxsus nəqliyyat vasitəsinin normativ tələbləri pozmadığı və texniki cəhətdən nasaz hesab olunmadığı qeyd edilmişdir. Əks halda, nəqliyyat vasitəsi dövlət texniki baxışından keçə bilməzdi. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad on beş gün müddətində qəbul edilməlidir. Lakin 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli Qərar inzibati protokol tərtib edildikdən 51 gün sonra tərtib edilmişdir. Qeyd edilən inzibati xəta olmadığına və inzibaati protokol və qərar qanunvericiliyin tələbləri pozularaq tərtib edildiyinə görə, ona məxsus əmlakdan istifadə hüququnun 2 aya yaxın müddətə məhdudlaşdırılması onun konstitusiya ilə müəyyənləşdirilmiş mülkiyyət hüququmu pozur və qanunvericiliyin əsas prinsiplərindən olan mülkiyyət toxunulmazlığı prinsipini etibarsız hesab etməkdir. Səbail rayon X11 Şöbəsinin tərtib etdiyi 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli Qərar və 10 dekabr 2021-ci il tarixli, İXP4353029 nömrəli Protokolun ləğv olunması və mənə məxsus **- ET-*** dövlət qeydiyyat nişanlı, BMW markalı nəqliyyat vasitəsinin onun istifadəsinə qaytarılması barədə Qərar qəbul edilməsini xahiş etmişdir. X8 İslam oğlu 08.02.2022-ci il tarixdə Şikayət ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Şikayətdə göstərilənlərdən əlavə olaraq bildirmişdir ki, Səbail RPİ tərəfindən 04 fevral 2022-ci il tarixində onun mülkiyyətində olan nəqliyyat vasitəsi onun iştirakı və icazəsi olmadan evakuator vasitəsilə "xxxx" MMC-yə aparılmış və bununla bağlı AKT tərtib edilmişdir. Səbil RPİ-nin polis əməkdaşlarının bu hərəkətləri və tərtib etdikləri akt də qanunsuzdur. Belə ki, inzibati xətanın törədilməsi haqqında Qərar verildikdən sonra hər hansı əməldə xətanı araşdırılması qanuvericiliyin tələblərinə ziddir. Daha öncə şikayətdə qeyd etdiyi kimi, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinin üçüncü hissəsinə əsasən, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını müəyyənləşdirmək yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Bu cür fakt “müəyyənləşdirildikdən” sonra (bununla bağlı Protokol tərtib edildikdən və Qərar qəbul edildikdən sonra) araşdırma aparılması və ya hər hansı mütəxəssisin rəy verməsi qeyri-qanunidir. Əlavə olaraq bildirir ki, nəqliyyat vasitəsinin texniki cəhətdən nasaz olmasını və ya əlavə avadanlıqların quraşdırılmasını özəl hüquqi şəxslər tərəfindən həyata keçirilə bilməz. Belə ki, nəqliyyat vastələrinin texniki baxışı X11 İdarəsi tərəfindən həyata keçirilir və İdarə bu cür halların yoxlanılması məqsədilə bütün zəruri texniki və qurğularla təchiz edilmişdir. Əgər nəqliyyat vasitələrinin sazlığı ilə bağlı dövlət tərəfindən verilən rəy özəl hüquqi şəxslər tərəfindən verilirsə, o zaman bu cür müəssisələrin rəyi əsasında nəqliyyat vasitələri dövlət texnxiki baxışından keçmiş sayılmalıdır. Qanunvericiliyin tələblərinə əsasən, nəqliyyat vasitələrinin texniki cəhətdən nasaz olmasını xüsusi cihazlar vasitəsilə müvafiq icra hakimiyyəti orqanı həyata keçirməlidir. Həmçinin, yuxarıda qeyd edilən akt onun iştirakı ilə tərtib olunmamasına baxmayaraq, “aktla razıyam” hissəsində onun adı yazılmış (soyadını səhv göstərmişlər), guya onun aktla və ona məxsus nəqliyyat vasitəsinin qeyri-qanuni daşınmasına etiraz etmədiyi bildirilmişdir. Həm soyadının səhv yazılması, aktın tərəfindən imzalanmaması bu sənədin saxta olması faktını göstərir. Göstərilənlər, bu aktı tərtib etmiş şəxs barəsində saxta sənəd hazırlama ilə bağlı cinayət məsuliyyətinə cəlb etməyə əsas qismində çıxış etməlidir. Son olaraq bildirmək istəyir ki, aktda hal şahidi kimi yazılmış şəxslər belə aktı imzalamamışlar. Bu cür aktın mövcudluğu onun daha öncə etdiyi şikayətində göstərilən halların doğruluğunu təsbit edir və Səbail RPİ-nin 31.01.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, qanunu pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əsas olmalıdır. Səbail rayon X11 Şöbəsinin tərtib etdiyi 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli Qərar və 10 dekabr 2021-ci il tarixli, İXP4353029 nömrəli Protokolun ləğv olunması və ona məxsus **-ET-*** dövlət qeydiyyat nişanlı, BMW markalı nəqliyyat vasitəsinin onun istifadəsinə qaytarılması barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştiark edən X8 İslam oğlu şikayət ərizəsinə uyğun izahat verərək, məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon X11 Şöbəsinin 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Məmmədov Emil İslam oğlu ** ET *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sistEmil ə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması nəticəsində Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsinin tələbini pozduğundan barəsində 10.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və nəticədə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 29.11.2021-ci il tarixli məktubundan görünür ki, Məmmədov Emil İslam oğlunun Səbail RPl-nin X11i şöbəsinin, yol-patrul xidmətinin inspektoru, Q.Qurbanzadənin qanunsuz hərəkətləri barədə Daxili İşlər Nazirliyinin Baş X11i İdarəsinin rəhbərliyinə, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə və Səbail rayonu prokurorluğuna ünvanladığı eyni məzmunlu müraciətə iştirakı ilə baxılmışdır. Müəyyən edilmişdir ki, 10.12.2021 -ci il tarixdə "BMW" markalı **-ET-*** qeydiyyat nişanlı avtomobilin ilə Səbail rayonu, Ü.Hacıbəyov küçəsində idarə edərkən mühərrikin səs gücünün artması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sistEmil də normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmasına əsaslı şübhə yaratdığından həmin ərazidə “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobildə xidmət aparan YPX inspektoru Q.Qurbanzadə tərəfindən dayandırılmışdır. Yol Patrul Xidmətinin əməkdaşı özünü təqdim etmiş dayandırma səbəbi barədə məlumat vermiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 93-cü maddəsinin tələbinə uyğun olaraq avtomaşına baxış keçirilmiş, YPX əməkdaşı inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə İXP 435329 nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, həmin məcəllənin 96-cı maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsinin yol hərəkərində iştirakdan kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilmiş və Q.Quluzadə tərəfindən hüquqazidd hərəkətlərə yol verilmədiyindən toplanmış material işə alınmşdır. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsinin saxlanm qəbulu barədə akt açarından görünür ki, BMW" markalı **-ET-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" MMC-yə aparılması barədə aktda sürücü Məmmədov Emil İslam oğlunun soyadı “İsmayılov” kimi göstərilmiş, eyni zamanda X4 aktla razı olduğu qeyd edilsə də həmin akt nə sürücü Məmmədov Emil İslam oğlu tərəfindən, nə də aktda adları qeyd edilən 2 nəfər hal şahidi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, şəhadətnamədə xüsusi qeyd hissəsində “M 3 yığılıb” qeydi mövcuddur. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarında müəyyən edilir ki, sürücü Məmmədov Emil İslam oğlunun inzibati məsuliyyəti istisna edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinin üçüncü hissəsinə əsasən, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti (Daxili İşlər Nazirliyi) orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə görə, fiziki şəxs nəqliyyat vasitəsinin idarə edilməsindən, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda kənarlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış Məmmədov Emil İslam oğlunun Azərbaycan Respublikası İXM-in 342.3-cü maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından Məmmədov Emil İslam oğlunun verdiyi şikayət təmin edilməli və Bakı şəhəri Səbail rayon X11 Şöbəsinin 31 yanvar 2022ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 İslam oğlu barəsində Bakı şəhəri Səbail rayon X11 Şöbəsinin 31 yanvar 2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsi ilə qəbul edilmiş Bakı şəhəri Səbail rayon X11 Şöbəsinin 31 yanvar 2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistEmil də X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. X6 məxsus **-ET-*** dövlət qeydiyyat nişanlı, BMW 320 D MİNİK markalı nəqliyyat vasitəsi onun istifadəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar