Məhkəmə qərarları › İş №3(009)-2675/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2675/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2675/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, Səbail RPİ 39-cu PB-nin ******* nömrəli, xx xxxx 2020-ci tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Səbail RPİ 39-cu PB-nin ******* nömrəli, xx xxxx 2020-ci tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X2, ikinci qrup ruhi xəstədir. Ailəsi yeddi nəfərdən ibarətdir. Pandemiya vaxtı icazəsiz blokun qarşısına çıxmışdır. Ona polislər yaxınlaşıb, icazəsinin olub-olmamasını soruşmuşdur. O, isə savadı olmadığını bildirmişdir. Polislər 100 manat cərimə yazıldığını bildirmişlər. Sonradan gələn məktubda 200 manat cərimə olunduğu qeyd olunmuşdur. 130 manat pensiya alır. Anası xadimə işləyir. İmkanları yoxdur. Qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş şikayət vermiş və şikayət olunan şəxsin iştirakı olmadan baxılmalıdır. Məhkəmə şikayəti və iş materiallarını araşdırıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Səbail RPİ 39-cu PB-nin ******* nömrəli, xx xxxx 2020-ci tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməli və iş baxılması üçün yenidən Nəsimi Səbail RPİ 39-cu PB-nə göndərilməlidir. Bu qənaətə gələrkən məhkəmə iş üçün əhəmiyyət kəsb edən hallar barədə məlumatın şikayətdə göstərilməməsini, qərarın əlavə edilməməsini, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsini, inzibati xəta haqqında protokolda xətanın aydın dildə ifadə olunan mahiyyətinin əks olunmamasını, bununla da şikayət vermiş şəxsin təqsirinin nədə ifadə olunmasını müəyyən etmək mümkün olmadığını, həmçinin inzibati tənbeh tətbiq edilərkən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin şəxsiyyətini xarakterizə edən hallarının, onun təqsirinin dərəcəsinin və əmlak vəziyyətinin nəzərə alınmasının zəruriliyini əsas götürmüşdür. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X1 şikayət ərizəsi qismən təmin edilməli, Səbail RPİ 39-cu tərəfindən qəbul edilmiş ******* nömrəli, xx xxxx 2020-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən Səbail RPİ 39-cu PB-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri DİN Səbail RPİ 39-cu PB-nin ******* nömrəli, xx xxxx 2020-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün yenidən Səbail RPİ 39-cu PB-nə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar