Məhkəmə qərarları › İş №3(009)-2675/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2675/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2675/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi Mercedes markalı 77XG107 DQN-İİ avtomobillə xx.xx.2025 ci il tarixdə Bakı şəhəri Nizami küçəsi ilə hərəkət edirmiş. Zərgərpalan küçəsinin kəsişməsinə çatdıqda avtomobili dayandırıb sağdan hərəkət edən avtomobilə yol verdikdən sonra hərəkəti davam etdirmiş və qarşıda yolun solunda dayanmış yol polisi əməkdaşı tərəfindən dayandırılmışdır. Dayandıran yol polisi əməkdaşı dedi ki, guya avtomobili dayandırmadan hərəkət etmiş və sağdan gələn avtomobilə yol verməmişdir. Bununla razılaşmayıb ona izah etmişdir ki, o, səhv danışır, yol hərəkəti qaydasını pozmamışdır, çünki, sağdan gələn avtomobilə yol verməsəydi o, yol ayrıcını əvvəl keçə bilməzdi, əksinə ondan əvvəl keçməli idi. Hərəkət etdiyi yolda stop xətti (1.12 nişanlama xətti) olmadığına görə isə dayanma yeri barədə irad tutula bilməz, çünki qanunun bu barədə konkret göstərişi yoxdur. Buna baxmayaraq, o, YPX inspektoru polis baş serjantı Habil Sultanov, barəsində İXM-nın 327.1 və 327.2-ci maddələri ilə elektron qaydada inzibati xəta haqqında protokol yazdı, lakin qərarın qəbul edilməsi üçün İdarəyə göndərəcəyini dedi. Bundan 10 gün sonra, xx.xx.2025-ci il tarixdə çağırıb araşdırmadan həmin protokol əsasında 100 manat cərimə olunduğu barədə SMS aldım. xx.xx.2025-ci il tarixdə qərarın və protokolun surətini Bakı şəhəri DYPİ-dən alıb, barəsində bu şikayəti verir. Aşağıdakılara görə hesab edir ki, barəsində şikayət verdiyi qərar ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokol üzrə: 1) protokolda inzibati xəta ilə bağlı yalnız İXM-nin 327.1 və 327.2-ci maddələri qeyd edilib, İXMnın 100.5.4-cü maddəsində nəzərdə tutulmuş xətanın mahiyyəti və ya İXM nın 127-3.3.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar göstərilməmişdir, yəni protokoldan aydın olmur ki, İXM-nın 327.1 və 327.2ci maddələri ilə müəyyən edilmiş hansı yol hərəkəti qaydasını pozmuşdur; 2) protokolda İXMnın 127-3.3.2-ci maddəsinə riayət edilməyərək protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı göstərilməmişdir. İnzibati tənbeh vermə haqqında qərar üzrə: 1) inzibati xəta haqqında protokolda ehtimal edilən yol hərəkəti qaydasının pozuntusunun nədən ibarət olduğu (İXM-nın 100.5.4-cü maddəsi üzrə xətanın mahiyyəti və ya İXM-nın 127-3.3.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar) göstərilmədiyinə baxmayaraq, işə baxıb qərar qəbul edən Bakı şəhəri DYPİ-nın polis kapitanı Kənan Müzəffərli qərarda qeyrimüəyyən mənbədən müəyyən edib ki, xx.xx.2025-ci il tarixdə avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş və yol nişanlarının tələblərinə riayət etməmişdir. Burada hansı yol ayrıcı, hansı qaydası, bu pozuntunun nədən ibarət olması, habelə hansı yol nişanlarının tələbinə riayət etmədiyi və bu riayət etməmə nədə ifadə olunması göstərilməyib. Təəssüf ki, bunlar ümumi ifadələrdir və xətanın mahiyyətini və xətanın həqiqət baş verdiyi müəyyən etməyə kifayət qədər əsas deyil. Alternativ olaraq, misal gətirmək istəyir: təsəvvür edin ki, adam oğurluq cinayətinə görə təqib olunan şəxsə deyirlər ki, "oğurlamısan, vəssalam", kimdən, hansı şəraitdə, hansı əşyanı - müəyyən olunmur. Ehtimal edir ki, barəsində tərtib olunan protokolda göstərilən yol hərəkəti qaydalarının pozuntusunu qeydə almış foto və ya video görüntü yoxdur. Çünki, bu halda İXM-nın 122.5-ci maddəsinə müvafiq olaraq, yol polisi əməkdaşının məni dayandırıb inzibati xəta haqqında protokol tərtib etmək hüququ yoxdur və həmin protokola əsasən tənbeh qərarı çıxarmaq qadağandır. İXM-nın 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. İXM-nın 122.1-ci maddəsində isə məcəllənin 327.1 - 327.5-ci maddələrində nəzərdə tutulmuş xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi halda, elektron imza ilə imzalanmaqla real vaxt rejimində qərar çıxarılması proseduru göstərilmişdir. Yeri gəlmişkən, mənə təqdim edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətində onu qəbul etmiş səlahiyyətli şəxsin elektron imzası olması barədə qeyd yoxdur. Belə olan halda, nəzəri olaraq, əgər belə foto və video görüntü olsaydı və həqiqətən xəta törətməyi sübut olunsaydı, yenə həmin qərar İXM-nin tələblərinə zidd olduğuna görə ləğv olunmalı idi. Konstitusion prinsipdən irəli gələn İXM-nin 8-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası prinsipi) əsasən: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nın qeyd olunan tələbinə görə təqsirsiz olduğunu sübut etməyə borclu deyil, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin baş verməsi, inzibati xəta tərkibinin olması və təqsirli olmağını sübut etmək vəzifəsi Bakı şəhər DYPİ-nin üzərindədir. DYP əməkdaşının tərtib etdiyi əsassız protokoldan başqa isə heç bir sübut təqdim edilməmişdir. Buna görə hesab edir ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığından, həmin qərar İXM-nın 53.1.1 və 53.1.2-ci maddələrinə uyğun olaraq ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məcəllənin həmin maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin, məcəllənin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda da eyni qayda tətbiq edilir. İXM-nın 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən çıxarılacaq qərar üçün də eyni qayda İXM-nın 134.1.3 və 135.1.5-1-ci maddələrində müəyyən olunmuşdur. Göstərilənlərə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs, X2 şikayətini müdafiə edərək bildirmişdir ki, heç bir qayda pozuntusuna yol verməmişdir, yolun kəsişməsində dayanmışdır, maşına yol vermişdir və maşın keçmişdir. Göstərilənlərə əsasən TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirmişdir ki, şəxs dayanmamışdır, hərəkətə davam etmişdir, digər maşın siqnal vermiş və elə şəkildə keçmişdir. Şəxs açıq şəkildə qəza şəraiti yaratmışdır, gözləməli olduğu yerdə deyil, yolun ortasında gözləmişdir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 11:57-də Bakı şəhəri, Nizami küçəsi ərazisində “Mercedes Benz E220D minik” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması, yol nişanının tələblərinin pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş foto və videogörüntülərə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 “Mercedes Benz E220D minik” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanının tələblərini pozmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 xx.xx.2025-ci il tarixdə saat 11:57-də Bakı şəhəri, Nizami küçəsi ərazisində “Mercedes Benz E220D minik” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması, yol nişanının tələblərini pozmuşdur və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - bir yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin İİİ bəndinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 avtomobili Bakı şəhəri, Nizami küçəsi ərazisində “Mercedes Benz E220D minik” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını, yol nişanının tələblərini pozaraq hərəkətini davam etdirmişdir. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar