Məhkəmə qərarları › İş №3(009)-2677/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2677/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2677/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Səfərova Nübar Seyfəddin qızının katibliyi, X1, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1299220 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X2 Bakı şəhəri, Səməd Vurğun küçəsi, ev 9, mən 2 yerləşən mənzili təmir olunub. Təmir divarların və tavanın boyanmasından və küçəyə baxan pəncərənin və balkonların qapılarının dəyişməsindən ibarət idi. Qapılar sovet vaxtınin ağaç qapıları idi çürümüş, nə açılan nə bağlanan, səs buraxan qapılar idi. Eyni model, eyni rəng qapilara dəyişilib, fasad tərəfdən hec bir iş, hec bir dəyişiklik olunmayıb. 29 sentyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpasi üzrə Dövlət Xidmətindən-Emin İbramovdan xəbərdarlıq gəlib. Bildirilib ki təmir işləri binanin bədii-estetik görkəmini dəyişirsə, nəsə uçurursa, rekonstruksiya olursa Mədəniyyət Nazirliyinə layihə üçün əvvəldən müraciət olunmalıdır. Həmin gün təmiri dayandırıb Emin İbrahimovun yanına getmişdir. Şikayətçiyə bildirilib ki, artıq protokol yazılıb və 1500 azn məbləğində cərimə yazilib. Səbəb ağac qapıların plastik qapılara dəyişdirilməsidir. Eyni zamanda mütləq şəkildə layihənin olması bildirilib. Deyilib ki, layihə olduğu halda cərimə ləğv olunacaq. X3 30 sentyabr AZƏRBƏRPA İnstituna getmişdir, orda layihə üçün ərizə yazmışdır. 2 gün sonra maraqlanıb deyilib ki, memar özü əlaqə saxlayacaq. Memar 7 oktyabrda gəlib. Buna baxmayaraq 9 oktyabr həmin protokol üçün şikayətçini Dövlət Evinə dəvət etdilər. Orda məsələyə sektor X10 tərəfindən baxılıb və cərimə ləğv olunub. Emin İbrahimov özü gəlməyib, telefon ilə iştirak etmişdir. Lakin şikayətçi gedəndən sonra, zəng ilə gaytarıblar və cəriməni yenə yazdılar. Nəhayət 15 oktyabr tarixində ona 1200 azn məbləğində layihə giyməti də bildirilib. Həm binada, həm də mənzildə heç bir dəyişiklik olmayıb, yüngül təmir üçün layihə lazım olmur. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətdə qeyd edilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin xx.xx.2025-ci il tarixli, MN1299220 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X7 şikayətin əsassız olduğunu, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1299220 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Baki ş. Səməd Vurğun küç, ev 9, mən 2 ünvanında təmir işlərini görərək abidənin pəncərəsinin dəyişdirilməsi, qorunmasının pozulması ilə Azərbaycan Respublikası İXM-nin 231.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 1500 (min beş yüz) manat məbləğində cərimə olunmuşdur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər. Həmin Qanunun 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına 3421 inventar nömrə altında Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi ev 9 daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsinə əsasən Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə- fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X2 şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1299220 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1299220 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar