Məhkəmə qərarları › İş №3(009)-268/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-268/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-268/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 yanvar 2021-ci il tarixli, 00100-2681/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 28 yanvar 2021-ci il tarixli, 00100-2681/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 99D41310/99D41410 nömrəli avtomaşının üzərində olan TDRU ******* konteynerin üzərində daxil olmuş və Bakı Bas Gömrük İdarəsində **********4726 sorğu gömrük bəyannaməsi ilə bəyan edilən, mallara 16.012.2020-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük baxışı keçirilmiş, gömrük baxışı zamanı **********4726 sorğu gömrük bəyannaməsinin 7-ci mal mövqeyi ilə bəyan olunan, mənşə ölkəsi ÇXR olan 100 ədəd elektrik dreldən əlavə gömrük orqanına düzgün bəyan edilməyən üzərində «К ЗУБР Д-550ЭР» sözləri yazılmış 900 ədəd elektrik drel aşkar olunmuşdur. 00100-2681/20 saylı inzibati xəta haqqında is üzrə üzrə qeyd olunan malın əmtəəsünaslıq ekpertizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan üzərində УБР Д-550ЭР sözləri yazılmış 900 ədəd elektrik drelin 15.12.2020-ci il tarixə orta bazar qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400- 013/003-22/009675 nömrəli 18.12.2020-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 9/5846 saylı 21.01.2021-ci il tarixli məhkəmə ekspertizası rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 CXR-da istehsal olunmuş üzərində «К ЗУБР Д-550ЭР» alanma göstəricisi olan elektrik drelinin 15.12.2020-ci il tarixə orta bazar qiyməti təxminən 28,00 manat, 900 ədədinin qiyməti isə 25200,00 manat müəyyən edilmişdir. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edib Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X5 izahatında inzibati xətanı etiraf edərək aşağı həddə cərimənin təyin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək Yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş 17 dekabr 2020-ci il tarixli raportdan görünür ki, "xxxx" MMC-nin ünvanına ÇXR-dan 99D41310/99D41410 nömrəli nəqliyyat vasitəsi ilə TDRU ******* nömrəli konteynerdə TDRU8581623 nömrəli 02.11.2020-ci il tarixli invoys üzrə idxal edilmiş və **********4726 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, GB-nin 7-ci mal mövqeyində 100 ədəd “quraşdırılmış elektrik mühərrikli bütün növ burğular, drellər /ELECTRİC DRİLL/ “ yükü bəyan edildiyi halda, faktiki avtomaşında 45 qutu hər birində 20 ədəd olmaqla 900 ədəd artıq üzərində “D-550ƏP” sözləri yazılmış “drell” yükü aşkar edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 21 yanvar 2021-ci il tarixli 9/5846 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd ÇXR-da istehsal olunmuş üzərində “К ЗУБР Д-550ЭР” markalanma göstəricisi olan elektrik drelinin 15.12.2020-ci il tarixə orta bazar qiyməti təxminən 28,00 manat, 900 ədədinin qiyməti isə 25200,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 16.12.2020-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, **********4726 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, GB-nin 7-ci mal mövqeyində 100 ədəd “quraşdırılmış elektrik mühərrikli bütün növ burğular, drellər /ELECTRİC DRİLL/ “ yükü bəyan edildiyi halda, faktiki avtomaşında 45 qutu hər birində 20 ədəd olmaqla 900 ədəd artıq üzərində “D- 550ƏP” sözləri yazılmış “drell” yükü aşkar edilmişdir. İş materiallarında olan 15.12.2020-ci il tarixli **********4726 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 6202,92 kq bədən tərbiyyəsi, gimnastika və ya atletika ilə məşğul olmaq üçün inventar (DUMBELL (10,15 kq) qantel) ölkə ərazisinə idxal edilmişdir. Həmçinin həmin bəyannaməyə əlavələrdən görünür ki, 500 ədəd diskli mişarlar, 13,28 kq mal kataloqları, 202,34 kq elektrik əl alətlərinin hissələri, 100,00 ədəd quraşdırılmış elektrik mühərrikli bütün növ burğular, 300,00 ədəd avtomatik təmzillənmə və ya idarə etmə cihazlar və qurğular, 5729,83 kq qara metallardan məftillər, 324,00 ədəd mühərrikli nəqliyyat vasitələri üçün lampalar, 25,00 ədəd işıqlandırıcı və ya vizual siqnalizasiya cihazları, 1100,00 ədəd kürəcikli diyirlənmə yastıqları, 5462,42 kq qara metallardan məmulatlar, 26,15 kq mühərrik nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar, 48,76 kq yalnız və ya əsasən 8501 və ya 8502 mal mövqeyinin maşınları üçün nəzərdə tutulmuş hissələr, 62,36 kq qara metallardan qızdırılıb bitişdirilmiş məmulatlar ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs (Şəxs MMC) tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin 25200 (iyirmi beş min iki yüz ) manat məbləğinin 30 (otuz ) faizi məbləğində, yəni 7560 (yeddi min beş yüz altmış) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar