Məhkəmə qərarları › İş №3(009)-2691/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2691/2020

18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2691/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər BPİ Dövlət X3 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər BPİ Dövlət X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətlara Məcəlləsininin 343.1-ci maddəsinə əsasən sürücü Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan İXP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 99RU838 dövlət qeydiyyat nişanlı, LEXUS GS300 minik markalı avtomobili idarə edən xx.xx.1987-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə saat 23:55-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilmədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdri ki, o, həmin gün axşam vaxtı qardaşı oğlunun maşınında gedərkən onları Dövlət yol polisi saxlamış. Avtomobil saxlanılan zaman o sükan arxasında qardaşı oğlu isə sağ ön tərəfdə əyləşmişdir. Məhkəmə hesab edir ki, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2020-ci il tarixli Təlimata 5 saylı əlavə Avtonəqliyyat saxlanılma qəbulu barədə aktdan görünür ki, 99RU838 dövlət qeydiyyat nişanlı, LEXUS GS300 minik markalı avtomobil saxlanılması üçün nəqliyyat duracağına gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmaması, inzibati xətanı törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, vəzifəli şəxs və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlara, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda, həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd qaydada əldə edilmiş sübutların istifadə olunmasına yol verilmir. Qanunun tələbinə əsasən protokola hal şahidlərinin iştirakı, habelə nəqliyyat vasitəsini idarə edən şəxsin protokolu imzalamaqdan imtina etməsinin səbəblərinin qeyd olunması zəruri hesab edilsə də, bu hallar protokolda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 94.6-cı maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, əşyaları və yaxud sənədləri götürülən şəxs və hal şahidləri tərəfindən imzalanır. Əşyaları və ya sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda qeyd aparılır. Göründüyü kimi qeyd olunan maddənin də tələbləri pozulmuşdur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış, protokolun məzmununa dair mülahizələrini təqdim etmək, protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ ona izah olunmamışdır. Onun bu barədə izahatı və mülahizələri alınmamış və nəticədə protokola əlavə olunmamışdır. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və yaxud fiziki şəxsin axtarışı zamanı və ya onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyətə malik olan əşyalar və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın birbaşa obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraata aparan vəzifəli şəxslər tərəfindən dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə həyata keçirilir. Qeyd olunan Məcəllənin 94.6-cı maddəsinə əsasən, əşyaların və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, əşyaları və yaxud sənədləri götürülən şəxs və hal şahidləri tərəfindən imzalanır. Əşyaları və ya sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda qeyd aparılır. Şəxs sürücülük vəsiqəsi götürülsə də, bu barədə protokol tərtib edilməmişdir və hal şahidləri tərəfindən müvafiq qaydada imzalanmamışdır. Göründüyü kimi, Şəxs barəsində inzibati protokol tərtib edilərkən İnzibati Xətalar haqqında qanunvericiliyin tələbləri kobud pozulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə görə Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sadalanları tətbiq edərək, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs əməlində inzibati xəta hadisəsi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu gündən 10 gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar