Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-27/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İXM-nin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 dekabr 2021-ci il tarixli, 00100-2504/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "X2 SANAYİ VE TİCARET" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması məcburi olan 9 yanvar 2017-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********0412 sorğu nömrəli və **********0414 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqqəti ixrac” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərək rəsmiləşdirilmiş ümumi dəyəri 114 100,00 manat təşkil edən tikinti texnikalarını 1 il öhdəlik müddəti ərzində qaytarmaq barədə öhdəlik götürüb sərhəd gömrük orqanı Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına müvəqqəti aparmış, hər iki bəyannamə üzrə 05 yanvar 2018-ci il tarixdə 24/24/000287 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 09 yanvar 2019- cu il tarixədək uzatmış və yenidən 27 dekabr 2018-ci il tarixdə 24/24/032590 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 9 yanvar 2020-ci il tarixədək uzatmış, qəti olaraq öhdəlik müddətinin son tarixi - 9 yanvar 2020-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.6-cı yarımbəndinin tələblərinə riayət edərək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxa edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməli olduğu halda bir ildən artıq müddətə yəni 1 (bir) il 10 (on) ay 4 (dörd) gün gecikdirilməklə yüklərin 106 000 manat dəyərindəki ekskavator və yükləyicidən ibarət hissəsini 13 noyabr 2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda sərhəddən keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarmış, 24 noyabr 2021-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük idarəsində **********9110 sorğu nömrəli, **********9206 sorğu nömrəli, **********9332 sorğu nömrəli və **********9145 sorğu nömrəli Gömrük bəyannamələri ilə təkrar idxal gömrük prosedurunda yerləşdirmişdir. Nəticədə Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xüsusi Gömrük Prosedurları Şöbəsinin rəis müavini tərəfindən tərtib edilmiş raportdan görünür ki, "X3 Sanayı və Tıcaret" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublıkasındekı Nümayəndəliyi tərəfindən **********0664, **********8607, **********0666, **********0414, **********0412 saylı GB- ilə müvəqqəti ixrac prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin "X3 Sanayı və Ticaret" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X1 iştirakı təmin edilmiş və onun izahatından görünür ki, nümayəndəsi olduğu "X2 SANAYİ VE TİCARET" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) 9 yanvar 2017-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0412 sorğu nömrəli və **********0414 sorğu nömrəli Gömrük bəyannamələri ilə tikinti texnikalarını “müvəqqəti ixrac” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərək rəsmiləşdirmişdir. Həmin yüklər Türkiyə Respublikasına aparılmışdır. Aparılan yüklərin ümumi dəyəri 114 100,00 manat təşkil etmişdir. Malların müvəqqəti ixrac müddəti hər il cəmi 2 dəfə olmaqla, qanunun yol verdiyi üç ildən artıq olmayan müddətə uzadılmışdır. Nəticədə mallar Azərbaycan Respublikasına 9 yanvar 2020-ci ildə qaytarılmalı idi. Buna baxmayaraq, mallar göstərilən tarixdə Azərbaycan Respublikasına qaytarılmamışdır. Yalnız 13 noyabr 2021-ci il tarixdə malların 106 000 manat dəyərindəki ekskavator və yükləyicidən ibarət hissəsini qaytara bilmişlər. Buna görə də müddətin ötürüldüyünü etiraf edir, həmin malları rəsmiləşdirmək istəyirlər. Tətbiq olunacaq cəriməni ödəməyə hazırdırlar. Malların vaxtında qaytarılmamasına səbəb Türkiyə Respublikasında olan problemlər olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İXM-nin 499.1.5-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43,114- 117 və 499.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan gömrük dəyəri 106 000 ( bir yüz altı min) manat təşkil edən malların əlli faizi miqdarında, yəni 53000 (əlli üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-27/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-27/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver