Məhkəmə qərarları › İş №3(009)-27/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-27/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-27/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1, qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı 26 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş TP ******* saylı 26 noyabr 2024cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 16 noyabr 2024-cü il tarixində axşam saat 18:00-da **-EZ-*** dövlət ydiyyat nişanlı avtomobili ilə Badamdar yolu 42 ilə hərəkətdə olarkən Bakı Şəhər DYP əməkdaşı Xalid Qəhrəmanov saxla əmri verərək avtomobilini dayandırmış və svetoforun işığında hərəkət etdiyini iddia edərək protokol tərtib etmişdir. Həmin protokol 26 noyabr 2024-cü il tarixində TP ******* saylı qərarla qüvvəyə minmişdir. Həmin gün yol boş olduğu üçün təxmini 50 km/saat sürətlə hərəkət edirdi. Svetoforun sarı işığı yandığı vaxt stop-xətt ilə avtomobili arasında 1-2 metr məsafə qalmışdı. Bu səbəbdən stop-xətti qarşısında saxlamağın mümkünsüz olduğu və qanunən də bu cür istisna halda sarı işıqda keçməyə icazə verildiyini bildiyi üçün hərəkətini davam etdirmişdir. Svetoforun yanında (demək olar ki svetofora bitişik) qanuna zidd olaraq böyük reklam monitoru yerləşdirilib. Həmin reklam monitorunda sutkanın qaranlıq vaxtı, yüksək parlaqlıqda nümayiş olunan reklam nəticəsində diqqəti yayındı və svetoforu vaxtında görə bilməmişdir. Bütün bunları nəzərə alaraq barəsində qəbul olunmuş TP ******* nömrəli qərar ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə2 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, 26 noyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, 26 noyabr 2024-cü il tarixli qərarı ilə X2 Bakı şəhəri, Badamdar yolu, 42 ünvanında BYD SONG Plus minik markalı, 50EZ813 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan videogörüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, X2 16 noyabr 2024-cü il tarixdə BYD SONG Plus minik markalı, 50EZ813 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun sarı işığında keçmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı 26 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı 26 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar