Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-270/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, “X1-Baku” QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: “X1-Baku” QSC -nin Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqa zidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Beləliklə, inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə, yəni hüquqi şəxsin hüquqi qeydiyyat ünvanı üzrə aidiyyatı birinci instansiya məhkəməsində baxılmalıdır. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, “X1-Baku” QSC-yə məxsus “Center İVF BMP İnternational” klinikasında xx.xx.2023-cü il tarixində saat 13.00-da plandankənar yoxlama zamanı lisenziyadan kənar ekstrakorporal mayalandırma (ginekoloji) xidməti aşkar edilmişdir. Buna görə də inzibati xəta haqqında protokolu tərtib etmiş orqan hesab etmişdir ki, bununla “X1-Baku” QSC üzərinə düşən öhdəliyi icra etməyərək hərəkətsizliklə Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəzərə alsaq ki, “X1-Baku” QSC qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi hüquqi ünvanında müvafiq tədbir görməməklə (burada, müvafiq lisenziya almamaqla) hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanında baş vermişdir. İş materiallarında olan vergi ödəyicilərinin məlumatları haqqında çıxarışdan görünür ki, “X1-Baku” QSC-nin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 92N-dir. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110, 112.4 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: “X1-Baku” QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 10 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-270/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-270/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver