Məhkəmə qərarları › İş №3(009)-2736/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2736/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2736/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/57, ev A, mənzil 29-da qeydiyyatda olan Şəxs (FİN:xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə 17 oktyabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin şəxs tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov 14 ünvanında xx.xx.2025-ci il tarixdə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs “Reklam” haqqında Qanunun tələblərini pozaraq tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov 14 ünvanında müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Odur ki, qeyd olunan şəxs barəsində qanuna müvafiq tədbirlərin görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilən pozuntunu o, törətməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş sənədlərdə qeyd olunan şəxsiyyət vəsiqəsinin surətindəki şəxs həmin şəxs deyil, tamamilə başqa adamdır. Ad, soyad və ata adı eynilik təşkil etsə də şəxsiyyət vəsiqəsindəki fərdi idenfikasiya nömrəsi tamamilə fərqlidir. Bununla da inzibati orqan tərəfindən səhvə yol verilərək protokol digər şəxs barədə tərtib edilməli olduğu halda səhvən onun barəsində tərtib edilmişdir. Beləliklə, tərtib olunan protokol qanunsuz və əsassız olmaqla həqiqəti əks etdirmir. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarını araşdırarkən məhkəmə inzibati xəta haqqında protokolun inzibati xəta hadisəsinə aidiyyəti olmayan şəxs barəsində tərtib edildiyini müəyyən etmişdir (iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini törətməsi istinad olan şəxsin şəxsiyyət vəsiqəsi məlumatları ilə protokolda göstərilən məlumatlar eynilik təşkil etmir). İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan 13 fevral 2019-cu il tarixli ödəniş qəbzlərinə əsasən M.Q.Ələkbərov həmin ödəniş qəbzləri əsasında tələb olunan şərtlərlə reklam yayımını həyata keçirir, icazə verən qurum isə bununla bağlı müvafiq tənzimləməni və nəzarəti həyata keçirir. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, törədilməsi iddia edilən inzibati xətaya Şəxs aidiyyəti olmadığından həmin şəxs barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar