Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-275/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə və X5 iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərara və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Səbail Rayon Prokurorluğu tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, X2 vəzifəli şəxs olmaqla işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 11 iyun 2020-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 39 ünvanında yerləşən Şəxs MMC-də baş usta vəzifəsində işləyərkən, “Elektrik təhlükəsizliyi, ümumi tələblər”12.1.019-79 DÜST-ün 3.4.1 bəndinin və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə qaydaları”nın 12 və 14-cü bəndlərinin tələblərini pozmaqla öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqasının ölümünə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib 03 iyul 2021-ci il tarixdə saat 15 radələrində həmin MMC-də fəhlə işləyən, istismarda olan hava elektrik xəttində elektrik enerjisinin verilişi dayandırılmadan və tələb olunan digər texniki və təşkilati tərkibli təhlükəsizlik tədbirləri təmin edilmədən, xüsusi nəzəri və praktiki hazırlıq keçməmiş, biliyi yoxlanılmamış və elektrik qurğularında işləməsinə icazəsi olmayan X4 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 39 ünvanında yerləşən “Qurman” restoranının dam örtüyünün yaxınlığından keçərək restoranın fasad hissəsinə sallanmış optik kabelin dartılıb bərkidilməsinə yəni, gərginlik altında olan 6 kVluq hava elektrik xəttinin yaxınlığında işlərin görülməsinə göstəriş vermiş, sonuncu qeyd olunan işi görərkən baş nahiyyəsinin elektrik cəryanı xəttinə dəyməsi ilə alın nahiyyəsində, sağ gözətrafı yumşaq toxumalarda, burun yəhəri və burunun sağ və sol yan çəpərləri üzərində və sağ ayaq pəncəsinin İ barmağının ayaqaltı səthində elektrik daşıyıcısı ilə bilavasitə təmasda olmağa dəlalət edə biləcək xəsarətlər almış, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Hüseyn Mirzəyevin elektrik cəryanının orqanzimə ümumi təsiri nəticəsində ölümünə səbəb olmuşdur. Həmçinin istintaqla sübuta yetirilmişdir ki, ünvan 1 ünvanda yerləşən Şəxs MMC tərəfindən heç bir əmək müqaviləsi olmadan X10 fəhlə kimi müxtəlif işlərin görülməsinə cəlb edilmişdir. Odur ki, hüquqi şəxs hesab edilən ünvan 1 ünvanda yerləşən Şəxs MMC tərəfindən X6 əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi halı üzrə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə olan inzibati xəta haqqında icraat materialı aidiyyatı üzrə baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC nümayəndəsi Qanuni nümayəndə, X6 onları işçisi olmadığını və onlar tərəfindən heç bir işin görülməsinə cəlb edilmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC nümayəndəsi X1 Ramiz Elxan oğlunun onları işçisi olmadığını və onlar tərəfindən heç bir işin görülməsinə cəlb edilmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, Səbail Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə Səbail Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında Qərardan görünür ki, cinayət işinin başlanılmasına əsas və səbəb 03 iyul 2021 -ci il tarixdə saat 15 radələrində Şəxs MMC-də fəhlə işləyən X3 ünvan 1 ünvanda yerləşən “Qurman” restoranının dam örtüyünün yaxınlığından keçərək restoranın fasad hissəsinə sallanmış vəziyyətdə olan optik kabelin dartılıb bərkidilməsi zamanı başı üzərindən keçən 6 kV-luq elektrik cərəyanı xəttinə dəyməsi və nəticədə aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış materiallar olmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında Qərardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də üzlük daşların boşaldılmasına və yüklənməsinə köməklik etmişdir. Hadisə olan ərəfədə rəsmi əmək müqaviləsi əsasında işləməmişdir. «Qurman» restoranının yerləşdiyi ərazidə hər hansı bir işlərin həyata keçirilməsi rəsmi qaydada onların heç birinə həvalə edilməmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, X10 11.08.2021-ci il tarixdə "xxxx" MMC-də fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "xxxx" MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən işçi ilə əmək müqaviləsi bağlanmamasına dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-275/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-275/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver