Məhkəmə qərarları › İş №3(009)-2751/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2751/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2751/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, X1, Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru Tural Aşurovun, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mcdougall (Abbasova) Səbinə Böyükağa qızının iştirakları ilə, xx.xx.1974-cü Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Mcdougall (Abbasova) Səbinə Böyükağa qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında 18 dekabr 2023-cü il tarixli, MN seriyalı, № ******* saylı protokola və ona əlavə olunmuş materiallara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1368/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Səbail rayon məhkəməsinin 2(009)-2624/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi görüş vaxtının müəyyən edilməsi hissəsində dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X6 hər həftənin şənbə günü saat 11:00-dan, 14:00-dək Zərərçəkmiş şəxs himayəsinə verilməklə təklikdə və sərbəst görüş günləri təyin edilməlidir. İcra sənədi xx.xx.2012-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. xx.xx.2012-ci il tarixdə uşaqla ünsiyyətlə bağlı görüş təyin olunmuş, lakin borclu uşağı görüş yerinə gətirməmişdir. Gətirməməsinin səbəbi kimi uşağın xəstə olmasını əsas gətirmiş və buna dair Bakı şəhəri 34 saylı uşaq poliklinikası tərəfindən verilmiş arayışı şöbəyə təqdim etmişdir. Daha sonra borclu xx.xx.2012-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, məhkəmə qərarına hörmətlə yanaşdığını, qərarın icrasına etirazının olmadığını bildirmiş, lakin tələbkarın icra şöbəsinə müraciət edərək uşağın digər şəxsə verilməsini və onun vasitəsi ilə uşağın götürülməsinə qəti etiraz etdiyini qeyd etmişdir. Növbəti dəfə xx.xx.2012-ci il tarixinə uşaqla ünsiyyət təyin edilsə də, borclu uşağı görüş yerinə gətirməmişdir. Borcluya bu barədə xəbərdarlıq ünvanlansa da, qərarın icrasından yayınmışdır. X2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1368/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsində kassasiya şikayəti vermiş, iş baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən şikayət təmin edilməmişdir. Daha sonra müxtəlif tarixlərdə borcluya xəbərdarlıq məktubları göndərilsə də, qərarın icrası borclu tərəfindən təmin edilməmişdir. Bu faktı xx.xx.2015, xx.xx.2015-ci il tarixli aktlar təsdiq edir. 2016-cı ildə bir neçə dəfə görüş təyin olunsa da, bu dəfə tələbkar icra yerində iştirak etməmişdir. Sonrakı dövrdə xx.xx.2023-cü il tarixdə borclunun etibarnamə üzrə nümayəndəsi şöbəyə ərizə ilə müraciət edərək uşaqla ünsiyyətin təmin olunmasını xahiş etmişdir .xx.xx.2023-cü il tarixdə borclunun qeydiyyatda olduğu ünvana xəbərdarlıq məktubu ünvanlanmış, lakin məktubu qəbul edən olmamışdır. Borclunun yaşadığı ünvanı tapmaq mümkün olmadığından onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu barəsində Səbail rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 20943/23 nömrəli axtarış işi açılmışdır. Borclu xx.xx.2023-cü il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Ondan izahatı alınmış, izahatında məhkəmə qərarından məlumatı olduğunu, lakin atasının heç vaxt uşaqla maraqlanmadığını, uşağı görmək istəmədiyini qeyd etmişdir. Həmçinin övladının atası ilə görüşməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etdi, protokolu müdafiə edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mcdougall (Abbasova) Səbinə Böyükağa qızı özünü təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, uşaqla ünsiyyət barədə məhkəmə qərarı qəbul edildikdən sonra, o, xx.xx.2009-cu il təvəllüdlü oğlu X6 atası ilə ünsiyyətinə mane olmamış, tələbkar özü uşaqla ünsiyyətə cəhd etməmiş, daim onunla məhkəmələrdə maşın, ev mübahisələri etmişdir. 2018-ci ilədək tələbkar uşaqla maraqlanmamış və 2018-ci ildə o, xarici vətəndaşla ailə həyatı quraraq, İngiltərəyə getmiş və uşağını da özü ilə aparmışdır. O zaman uşaq Bakıda 236 nömrəli məktəbin 2-ci sinfində oxuyurdu. Tələbkar uşağını gedib məktəbdə də görmürdü və buna cəhd etmirdi də. Hal-hazırda oğlu Turan İngiltərədə 10-cu sinifdə oxuyur. O, oğlunun öz atası ilə ünsiyyətinə heç vaxt mane olmamış və hal-hazırda da mane olmur. Lakin oğlu Turan atasını tanımır və onunla ünsiyyətdə olmaq istəmir. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2009-cu il təvəllüdlü oğlu X7 ilə sonuncu dəfə uşağın 4 yaşı olanda ünsiyyətdə olmuş və ondan sonra nə qədər cəhd etsə də, qarşı tərəf uşağı ona göstərməmişdir. O, uşağının hansı məktəbdə oxuduğunu da bilməmişdir. Hal-hazırda o oğlu ilə ünsiyyətdə olmaq, onunla vaxt keçirmək istəyir. Məhkəmə iclasında valideynlərinin iştirakı ilə dindirilmiş xx.xx.2009-cu il təvəllüdlü X7 bildirmişdir ki, o, atasını yalnız dörd yaşında görmüşdür, lakin bunu da xatırlamır. O, ikinci sinifdə oxuyarkən anası ilə birlikdə İngiltərəyə köçmüşdür və orada yaşayır. O, İngiltərədə 10-cu sinifdə oxuyur. O, atasını tanımır və onunla ünsiyyətdə olmaqdan imtina edir. Beləliklə, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Mcdougall (Abbasova) Səbinə Böyükağa qızının hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Mcdougall (Abbasova) Səbinə Böyükağa qızının əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Mcdougall (Abbasova) Səbinə Böyükağa qızının əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114- 115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mcdougall (Abbasova) Səbinə Böyükağa qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar