Məhkəmə qərarları › İş №3(009)-2757/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2757/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2757/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Yuliya Sadikova izahatında bildirmişdir ki, "xxxx" şirkəti tərəfindən tərtib edilmiş audit rəyindən görünür ki, Retail Group Azərbaycan MMC və onun afillə olunmuş şirkətlərin (Master Retail Azərbaycan MMC daxil olmaqla) 2023-cü il üzrə maliyyə hesabatlarının auditi aparılmışdır. Retail Group Azərbaycan MMC, Master Retail Azərbaycan MMC, Best Retail Azərbaycan MMC, Mega Store Azərbaycan MMC, Pro Retail Azərbaycan MMC, Spanish Retail Azərbaycan MMC, Global Apparel Azərbaycan MMC və Fashion Retail Azərbaycan MMC eyni təsisçilər tərəfindən təsis edilmiş qeyim mallarının satışı ilə məşğul olan Şirkətlər Qrupudur. Bu səbəbdən də, şirkətlər qrupuna aid hesabatlar və audit rəyləri konsolidə olunmuş formada tərtib edilir. Konsolidasiya edilmiş maliyyə hesabatları — bütövlükdə nəzərə alınan əlaqəli təşkilatlar qrupunun maliyyə hesabatlarıdır. Qrupun konsolidə edilmiş hesabatının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, hüquqi şəxslərin aktivləri, öhdəlikləri, gəlirləri və xərcləri ayrıca maliyyə hesabatları sisteminə birləşdirilir. "xxxx" Şirkəti tərəfindən tərtib edilmiş audit rəyinin 8-ci səhfəsində yuxarıda göstərilən bütün şirkətlərin siyahısı verilmiş və rəydə olan bütün maliyyə göstəriciləri konsolidə edilərək, bütün şirkətlərə birlikdə aiddir. Həm İXM-nə, həm də Maliyyə Nazirliyi tərəfindən tətib edilmiş protokoluna əsasən, 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi auditin aparılmamasından ibarətdir. Hazırki halda isə, təqdim edilən audit rəyi ilə Şəxs MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilərək, məcburi auditin aparılması sübuta yetirilir. Odur ki, Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və təşkilatlarının 31 dekabr 2023-cü il tarixində başa çatan il üzrə xüsusi təyinatlı birləşdirilmiş maliyyə hesabatları və müstəqil auditorların hesabatı”-dan görünür ki, Şəxs MMC-də 2023-cü il üzrə audit yoxlaması aparılmış və müvafiq audit rəyləri verilmişdir. Beləliklə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamasına görə protokol tərtib edilsə də, məhkəmə iclasında müvafiq dövr üzrə audit yoxlamasının aparılması və müvafiq audit rəyinin verilməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 105, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar