Məhkəmə qərarları › İş №3(009)-276/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-276/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-276/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli EQ 11836277 saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli EQ 11836277 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində elektron şəkildə tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ 11836277 nömrəli xx.xx.2022-ci il tarixli inzibati protokola və həmin tarixdə qəbul edilmiş, eyni nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən əsassız, qanunsuz və qeyri-obyektiv olaraq Bakı Şamaxı yolu 64.9 km Şamaxı ist. saat 12:39:22 radələrində mülkiyyətindəki “Honda İnsight” minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəməri bağlamadan idarə etməkdə ittiham olunmuş və barəsində İXM-nin 329.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Qərarın ASAN Ödəniş sisteminə yerləşdirildiyi gün həmin inzibati protokoldan və qərardan şikayət versə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin rəis müavini Yol-Patrul Xidməti Alayının komandiri Fuad Mayılovun xx.xx.2022-ci il tarixli ***-*******-4222 saylı (04.11,2022-ci il tarixli daxilolma) cavab məktubuna əsasən şikayəti təmin olunmamışdır. Odur ki, yuxarı səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati protokol və qərardan verdiyi şikayət üzrə cavab məktubundan (şikayətə baxılması barədə qərarından) narazı qaldığından həmin inzibati protokol və qərardan məhkəməyə şikayət verməli olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin rəis müavini Yol-Patrul Xidməti Alayının komandiri Fuad Mayılovun xx.xx.2022-ci il tarixli ***-*******-4222 saylı (04.11,2022-ci il tarixli daxilolma) cavab məktubu İXM-nin 127-6.3-cü maddəsinə zidd olaraq ASAN Ödəniş elektron informasiya sistemində şəxsi kabinetinə yerləşdirilməmişdir. Eyni zamanda, inzibati tənbeh vermə haqqında elektron inzibati protokol və qərardan məhkəməyə şikayət İXM-nin 127-6.1-ci maddəsində göstərilmiş müddətdə, yəni müvafiq elektron informasiya sisteminə yerləşdirildikdən sonra 20 gün müddətində, habelə yuxarı səlahiyyətli orqanın (vəzifəli şəxsin) şikayətə baxılması barədə qərarından 6 gün müddətində verilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 3(009)-1841/2022 saylı 15.11,2022-ci il tarixli Qərardadına (Hakim Günel Səmədova) əsasən X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş EQ 11836277 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. İstinad olunan qərardadın göstərişlərinə müvafiq olaraq mübahisəli inzibati tənbeh vermə haqqında qərarın təqdim olunması üçün yazılı sorğu ilə AR DİN DYPİ- yə müraciət etmiş, AR DİN DYPİ-nin rəis müavini, Yol-patrul Xidməti Alayının komandiri Fuad Mayılovun xx.xx.2022-ci il tarixli 1478077-422 nömrəli məktubu ilə mübahisəli qərar ona rəsmi təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar xx.xx.2022-ci il tarixdə ona rəsmi təqdim edildikdən sonra xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə məhkəməyə şikayət ünvanlamışdır. Hesab edir ki, barəsində elektron şəkildə tərtib edilmiş İXM- nin 329.1-ci maddəsi ilə ittiham olunduğu EQ 11836277 nömrəli xx.xx.2022-ci il tarixli inzibati protokol və inzibati qərar əsassız, qeyri-obyektiv, səthi və qanunsuzdur. Belə ki, Bakı Şamaxı yolu 64.9 km Şamaxı ist. saat 12:39:22 radələrində mülkiyyətindəki “Honda İnsight” minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəməri taxmaqla idarə etmiş, barəsində tərtib edilmiş bununla bağlı inzibati protokol tamamilə əsassızdır. Ümumiyyətlə, o, təhlükəsizlik kəmərindən istifadə edilməsini gündəlik vərdişə çevirmiş sürücü kimi sürücülük hüququ əldə etdiyi gündən həmin tarixədək heç vaxt İXM-nin 329.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətməkdə ittiham olunmamış və barəsində bununla bağlı heç vaxt hər hansı bir inzibati protokol tərtib edilməmişdir. Bununla yanaşı xidməti ezamiyyə ilə əlaqədar Şamaxı şəhərinə həmin gün qeyd olunan avtomobildə onunla birlikdə yol getmiş iş yoldaşı da nəinki həmin vaxt, ümumilikdə yol boyu təhlükəsizlik kəmərini taxdığını şahid qismində ifadə verərək təsdiq edə bilər. Mübahisəli elektron inzibati protokoldakı xüsusatlar tamamilə əsassızdır, belə ki, o, nəinki inzibati protokolda qeyd olunan tarixdə, saatlarda və ərazidə, ümumilikdə Bakı Şamaxı yolu boyu təhlükəsizlik kəməri taxmışdır. Sadəcə olararaq texniki vasitə (kamera) ilə əldə edilən görüntü DYP əməkdaşları tərəfindən düzgün təhlil və emal edilməmiş, görüntünün müfəssəl və dəqiq təhlili aparılmadan mexaniki olaraq İXM-nin 329.1-ci maddəsi üzrə inzibati protokol tərtib edilmişdir. Halbuki, idarə etdiyi “Hondan İnsight” **-FP-*** nömrə nişanlı avtomobilin təhlükəsizlik kəməri avtomobilin rənginə (açıq göy metallik) müvafiq olaraq açıq rəngdə olduğundan və avtomobili idarə edərkən geyindiyi üst geyiminin rəngi ilə kəskin kontrast təşkil etmədiyindən ilk baxışda sürücü tərəfindən kamera görüntüsündən təhlükəsizlik kəməri taxılmaması təəsüratı yaransa da bütün yol boyu kəmər təhlükəsizlik kəməri taxmışdır. Analoji vəziyyətlə bağlı Bakı şəhəri ərazisində də dəfələrlə bununla əlaqədar DYPİ inspektorları ilə aralarında anlaşılmazlıqlar baş vermiş, lakin insepktorlar tərəfindən avtomobilə keçirilən yaxından baxış zamanı təhlükəsizlik kəməri taxmağı müəyyən edildikdən sonra belə anlaşılmazlıqlar aradan qalxmışdır. İnzibati protokola əlavə edilən fotolar da İXM-nin 329.1- ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanın mövcudluğunu təkzib edir. Belə ki, protokola əlavə olunan fotolarda təhlükəsizlik kəmərinin avtomobilin tavan hissəsinə bitişik hissəsi üzrə toqqasının duruş bucağından da görünür ki, kəmər tarama vəziyyətdə və iti bucaq altındadır. Bu nüans bir daha həmin anda təhlükəsizlik kəmərindən istifadə etdiyini və inzibati xəta üzrə icraatın əsassız aparıldığını təsdiq edir. Başqa sözlə, təhlükəsizlik kəmərinin avtomobilin tavanına bitişik hissəsindən (yuvasından) şikayətə əlavə edilmiş fotoda işarələnmiş çıxma bucağının iti bucaq olması bir daha təsdiq edir ki, avtomobil idarə edilərkən təhlükəsizlik kəməri taxmış, lakin kəmərin rəngi ilə üst geyiminin rəngi kontrast təşkil etmədiyindən kamera görüntülərindən ilk baxışda sürücü tərəfindən kəmər taxılmaması barədə yalnış təəssürat yaranmışdır. Şikayətə vəzifəli şəxs (yuxarı orqan) tərəfindən baxılarkən ekspert dəvət edilməmiş, qeyd olunan xüsusat araşdırılmamış və şikayətdə göstərilən xüsusatlara səthi baxılmışdır. Halbuki, heç bir sübutun, o cümlədən texniki vasitə ilə əldə edilən görüntünün bununla bağlı ekspert rəyi və xüsusi araşdırma aparılmadan qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Protokolun tərtib olunduğu radələrdə Bakı Şamaxı yolu boyu müvafiq DYP postlarından və xidmət aparan çoxsaylı DYP patrul avtomobillərinin yanından da ötüb keçmiş və əgər təhlükəsizlik kəməri bağlanmamış olsa idi bu barədə onlar tərəfindən müvafiq tədbir görülmüş olardı. Beləliklə, müvafiq kamera görüntüləri dərindən, tam, hərtərəfli, obyektiv təhlil olunmadan, bu sahədə ekspert cəlb olunmadan və səthi inzibati araşdırma nəticəsində barəsində İXM-nin 329.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və inzibati xəta məsuliyyətinə cəlb olunmağı barədə qərar qəbul edilmişdir. Bununla da qərarından şikayət verilən orqan tərəfindən onun təqsirsizlik prezumpsiyası hüququ kobud surətdə pozulmuşdur. Bununla yanaşı, mübahisəli EQ 11836277 saylı elektron qərardan göründüyü kimi İXM-nin 100.1.8-ci maddəsinin tələblərinə zidd olaraq baş verdiyi iddia olunan inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yerlə bağlı qrafalar boşdur. Halbuki, xüsusi texniki vasitələrlə qeydə alınan və elektron protokol və qərar əsasında icraatı aparılan inzibati xətaların baş vermə yeri məhz müvafiq texniki vasitənin yerləşdiyi yeri müəyyən etmədən mümkün deyil. Eyni zamanda, inzibati xətanın baş verdiyi yerin müəyyənləşdirilməsi həm maddi hüquqi, həm də prosessual baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə olan halda, mübahisəli inzibati qərarda qərarın çıxarıldığı və inzibati xətanın baş verdiyi yer qrafasındakı məlumatlar da xüsusi texniki vasitənin yerləşdiyi yer müəyyən olunmadığından əsaslı şübhə yaradır. Həmçinin mübahisəli inzibati qərar şablonunda sözügedən məlumatların qrafalarının nəzərdə tutulmasına baxmayaraq həmin məlumatların qeyd olunmaması bir daha DİN BDYİ-nin həmin məlumatların qeyd olunması ilə bağlı normativ və prosessual zərurətin mövcudluğunu dərk etdiklərini və həmin məlumatların qeyd olunması zərurətini dolayısı ilə etiraf etdiklərini təsdiq edir. Eyni zamanda, İXM-nin 100.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer göstərilməlidir. Halbuki, mübahisəli EQ11836277 saylı elektron qərarın əsaslandırıcı hissəsində (“müəyyən edildi”) göstərilmişdir ki, inzibati xəta Bakı-Şamaxı yolu 64.9 km, Şamaxı ist. saat 12:39:22 xx.xx.2022-ci il tarixində, saat 22:00:02-də törədilmişdir. Mübahisəli protokolun qeyd olunan müddəasından göründüyü kimi ittiham olunduğu inzibati xətanın baş vermə vaxtını qərardan müəyyən etmək mümkün deyil. Belə ki, bununla bağlı qərarda 2 vaxt göstəricisi qeyd olunmuşdur (saat 12:39:22 və saat 22:00:02). Həmçinin, o, və idarə etdiyi nəqliyyat vasitəsi ümumiyyətlə xx.xx.2022-ci il tarixində saat 22:00:02da qeyd olunan ərazidə olmamışdır (Bunu sorğu əsasında müvafiq mobil operatorun ANTEN məlumatlarından da müəyyən etmək mümkündür). Beləliklə, mübahisəli qərarda inzibati tənbeh vermə haqqında qərar üzrə İXM-də müəyyən edilmiş mühüm rekvizitlərdən biri kimi istinad olunan inzibati xətanın baş vermə vaxtını müəyyən etmək mümkün deyil. Halbuki, inzibati xətanın baş vermə vaxtı inzibati protokolun mühüm rekvizitlərindən və zəruri məlumatlarından biridir. Ona görə də hesab edir ki, mübahisəli inzibati protokol və qərar qanunsuz, əsassız və qeyri-obyektiv olduğundan, protokolda istinad olunan inzibati xəta hadisəsi baş vermədiyindən edilmiş EQ 11836277 nömrəli xx.xx.2022-ci il tarixli inzibati protokolun və EQ 11836277 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətini müdafiə edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli EQ 11836277 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli EQ 11836277 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 21 oktyabr 2022-ci il tarixində Bakı-Şamaxı yolu 64.9 km-də HONDA İNSİGHT (HİBRİD) minik markalı 77- FP-179 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin X4 ünvanlanmış məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə “Honda” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Bakı-Şamaxı-Yevlax yolunun 64.9-cu km-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci bəndinin 6-cı hissəsinin tələbinə zidd olaraq təhlükəsizlik kəmərini bağlamaması halı ərazidə quraşdırılmış videonəzarət kamerası vasitəsilə qeydə alınmış, Baş X6 İdarəsinin X2 ötürülmüş məlumatlar əsasında barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə elektron qaydada EQ11836277 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Aparılmış araşdırma zamanı videonəzarət kamerasının qeydə aldığı görüntülərə baxış keçirilmiş, tərəfinizdən inzibati xətaya yol verilməsi halı təsdiqlənmişdir. İş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X1 məlumata əsasən vətəndaş X5 21 oktyabr 2022-ci il tarixində Bakı-Şamaxı yolu 64.9 km idarə etdiyi HONDA İNSİGHT (HİBRİD) minik markalı 77- FP-179 dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan rayonunun inzibati ərazisində hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində xüsusi texniki vasitə ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən EQ 11836277 nömrəli elektron qərar qəbul edilmiş DİN BDYPİ X2 inteqrasiya edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə və CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 21 oktyabr 2022-ci il tarixində saat 12:39:22-də və saat 22:00:02-də Bakı-Şamaxı yolu 64.9 km-də idarə etdiyi HONDA İNSİGHT (HİBRİD) minik markalı 77- FP-179 dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli EQ 11836277 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli EQ 11836277 saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar