Məhkəmə qərarları › İş №3(009)-2773/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2773/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2773/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Pakistan İslam Respublikasının vətəndaşı Riaz Muhammadin, Zərərçəkmiş şəxs X3, X1 iştirakları ilə, Pakistan İslam Respublikasının vətəndaşı Riaz Muhammadin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Riaz Muhammadin barəsində Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən 27 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 27 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X9 Rayon Məhkəməsinin 2(005)-1848/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməkdən boyun qaçırır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 protokolu müdafiə edərək bildirmişdir ki, 2 uşağı var, uşaqlar əlildir, tələbkar özü də əlildir. 17000 aliment borcu var, şəxs ödəmir. Riaz Muhammad barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş şəxs Riaz Muhammad özünü təqsirli bilməyərək bildirmişdir ki, 2 il Azərbaycanda olmamışdır. Bundan əlavə, 2024-cü ilin hər ayında ödəniş etmişdir. Hazırda imkanı zəifdir deyə ödəniş edə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, 2 uşağı var və hər ikisi əlildir. Özü də əlil oluğu üçün işləyə bilmir və uşaqlara baxa bilmir, çox çətinlik çəkir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Riaz Muhammad xarici ölkə vətəndaşı olmasına baxmayaraq, protokol tərtib edilərkən, hətta iş məhkəməyə gətirilərkən belə tərcüməçi ilə təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Həmin Məcəllənin 61.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri olan dilləri bilən şəxs inzibati xətalar haqqında işlərin icraatında tərcüməçi ola bilər. Məhkəmə icraatında iştirak edən əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) köməyindən istifadə etdiyi hallarda, həmin ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) bu Məcəllənin məqsədləri üçün tərcüməçi hesab olunurlar. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Riaz Muhammadin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsinə dair məhkəməyə təqdim olunmuş inzibati xətaya dair iş natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından Səbail Rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Pakistan İslam Respublikasının vətəndaşı Riaz Muhammadin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol və əlavə edilmiş sənədlər Səbail Rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar