Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2779/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis şöbəsinin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Vətən müharibəsi iştirakçısı, Biləsuvar rayonu, Əskərabad qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Çiçəkli qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu PŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 9-cu Polis Şöbəsindən daxil olmuş 28 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27 oktyabr 2025-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Səbail rayonu ərazində Nazirlər Kabinetinin qarşısında hərbi hərbi və xüsusi geyim formalarını daşımaq qaydalarını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis şöbəsinin sahə rəisi X2 protokola uyğun izahat verib, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Belə ki, Füzuli, Qubadlı, Xocavəndin və Cəbrayıl rayonlarının ərazisində döyüşlərdə iştirak etmişdir. 27 oktyabr 2025-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Səbail rayonu ərazində Nazirlər Kabinetinin qarşısında çəkiliş edən zaman polis əməkdaşları ona yaxınlaşıb hərbi geyimdə olduğunu görüb ondan hərbçi olub-olmamasını müəyyən etmək üçün sənədlər təqdim etməsini xahiş etdilər. Həmin geyimi geyinməkdə hər hansı məqsədi və ya qanunu pozmaq niyyəti olmamışdır. Müharibədən qayıtdığı üçün iştirak etdiyi döyüşlərin xatirəsi kimi bir müddət həmin geyimdə olmaq istəmişdir. Son olaraq məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinin dispozisiyasına görə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə-inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışlar keçən hərbi vəzifəlilər hərbi rütbə və qoşun (xidmət) növü üzrə fərqləndirmə nişanları olan hərbi geyim forması geyinirlər. Fərqləndirmə nişanları olan hərbi geyim formasını qanunsuz olaraq daşıyan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, fərqləndirmə nişanları olan hərbi geyim formasını qanunsuz olaraq daşıyan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli, 514 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsanamə”nin: 1-ci bəndinə əsasən hərbi geyim forması - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi litseyin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir; 3-cü bəndinə əsasən hərbi qulluqçuların fərqləndirmə nişanları – hərbi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət mənsubiyyətini, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, Silahlı Qüvvələrin növünə, qoşun (xidmət) növünə, ixtisasına, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə və konkret qoşun vahidinə mənsubiyyəti göstərir. "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin 1-ci maddəsinə əsasən hərbi geyim forması – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (bundan sonra Silahlı Qüvvələr) şəxsi heyəti və hərbi litseyin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir. Həmin Əsasnamənin 3-cü maddəsinə əsasən hərbi qulluqçuların fərqləndirmə nişanları – hərbi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət mənsubiyyətini, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, Silahlı Qüvvələrin növünə, qoşun (xidmət) növünə, ixtisasına, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə və konkret qoşun vahidinə mənsubiyyəti göstərir. Həmin Əsasnamənin 4-cü maddəsinə əsasən Fərqləndirmə nişanlarına aiddir: paqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar. Bundan əlavə hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir. Həmin Əsasnamənin 21-ci maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır. Məhkəməyə təqdim edilən iş materiallarından, habelə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatından da görünür ki, Şəxs hərbi geyimdə olması müəyyən olunsa da, həmin geyim üzərində hər hansı fərqlənmə nişanlarının olması öz təsdiqini tapmır. Qanunvericiliyin mənasından isə görünür ki, şəxsin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə məsuliyyətə cəlb olunması üçün əsasdır. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən 27 oktyabr 2025-ci il tarixdə məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində hərbi və xüsusi geyim formalarını daşımaq qaydalarının pozulması, bir sözlə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2779/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2779/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver