Məhkəmə qərarları › İş №3(009)-2782/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2782/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2782/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi X5, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X3, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxxx 1953-cü il təvəllüdlü, Latviya Respublikasının Riqa şəhərində anadan olmuş, hal hazırda ünvan 1 ünvanında qeydiyyatda olan, lakin ünvan 2a yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 227-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 227-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 18 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində 18 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 227-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətinə aid olduğundan həmin protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 18 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokoldan görünür ki, xx xxxxxxx 1953-cü il təvəllüdlü, Latviya Respublikasının Riqa şəhərində anadan olmuş, hal hazırda ünvan 1 ünvanında qeydiyyatda olan, lakin Səbail rayonu, H.Seyidbəyli küçəsi, ev 31, mənzil 12 Şəxs Səbail rayonu, Ş.Şamil küçəsində vətəndaş X2 məxsus torpaq sahəsindən 500 AZN dəyərində, əşya oğurlayıb həmçinin 1000 AZN dəyərində əmlakı qəsdən məhv edərək ziyan vurmuşdur. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 227-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, özünü təqsirli bilmədiyini iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs və onun müdafiəçisi “Güvən” Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, hazırki iş üzrə 13 may 2024-cü il tarixdə xitam qərarı qəbul edilmişdir. Şahidlər, zərərçəkmiş şəxs dindirilmişdir. Şahidlər ifadələrində maddi ziyan dəyməsinin əsassız olduğunu bildirmişlər. Daha sonra qərar ləğv olunub yenidən araşdırılması üçün göndərilmişdir. Şahidlərdən biri Şəxs əlində torba olduğunu gördüyünü bildirmişdir. Tərtib edilmiş protokol əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, həmin torpaq onların qanuni istifadəsindədir. Ona məxsus olan bağa girib dağıdıb, ağacları sındırmışlar. Barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 227-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil və Bünyad Sərdarov küçələrinin kəsişməsində yerləşən 200 kvm torpaq sahəsində aparılan tikintinin sökülməsi, qapıların sındırılması ilə vurulmuş vurulmuş ziyan və torpaq sahəsinin əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə ********* nömrəli cinayət işinin icraatına hissəvi xitam verilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1 qanuni istifadəsində olan torpaq sahəsinə qanunsuz daxil olmaqla həmin torpaq sahəsində olan tikintinin qəsdən sökülməsi, qapıların qəsdən sındırılması və onların istifadə üçün yararsız hala salınması hesabına zərərçəkmiş Bahadur Eynullayevə 1000 manat məbləğində maddi zərər vurulması xüsusatı üzrə əməldə cinayət tərkibi olmadığından iş üzrə Şəxs tərəfindən zərərçəkmiş X2 məxsus olan 1000 manat dəyərində əmlakın qəsdən məhv edilməsi və zədələnməsinə görə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib hissəsi olduğu üçün Şəxs həmin xüsusat üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması və barəsində müvafiq tədbir görülməsi üçün qərarın surətinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi vasitəsilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan başqa qərarın təsviri hissəsində göstərilənlərə zərərçəkmiş X2 məxsus 01 ədəd laqonda, 01 ədəd direl, 01 ədəd su motorunun ümumi qiyməti 500 manat hesab edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi iloə xırda talama kimi qiymətləndirilməsi və oğurluq faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Həmin əşyaları oğurlayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati təsir tədbirləri görülməsi üçün qərarın surətinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi vasitəsilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Eyni zamanda sözügedən qərardan göründüyü kimi hadisə 14 iyul 2023-cü il tarixdə baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 9 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində qeyd edilir ki, Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, 14 iyul 2023-cü il tarixdə baş vermiş hadisədən bir ildən artıq müddət keçdiyindən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 227-ci maddələri ilə təqsirli bilinməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 105, 38-ci və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 227-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar