Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2787/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin 02 dekabr 2024-cü il tarixli, EQ 24864101 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin 02 dekabr 2024-cü il tarixli, EQ 24864101 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 10:36-da AsanPay sistemi vasitəsilə məlumat daxil olmuşdur ki, barəsində EQ24864101 nömrəli xx.xx.2024cü il tarixli inzibati tənbeh haqqında elektron qərar qəbul edilərək qüvvəyə minmişdir. Qərarla tanış olduqda müəyyən etdi ki, həmin qərara əsasən o mülkiyyətində olan **-NL- *** dövlət qeydiyyat nişanlı “Kia Sportage” minik markalı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri İstiqlliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına görə 100 manat məbləğində cərimə və 3 bal ilə qiymətləndirilmişdir. Xüsusi texniki vasitə ilə çəkilmiş fotolardan aydın olur ki, inzibati xətanın törədildiyi yerdə iki yol hərəkət nişanı quraşdırılmışdır. 3.1 “giriş qadağandır” və 7.4.4 avtobus nəqliyyat növünü göstərən əlavə məlumat nişanı. 7.4.4 avtobus nəqliyyat növünü göstərən əlavə məlumat nişanı 3.1 “Giriş qadağandır” qadağan nişanının qüvvəsinin hansı növ nəqliyyat növünə şamil edilməsini göstərir. Bu səbəbdən İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən sonra hərəkətin davam etdirilməsi yalnız avtobuslara qadağandır. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X2 şikayətdə qeyd edilənləri müdafiə edərək Bakı şəhəri X7 İdarəsinin 02 dekabr 2024-cü il tarixli, EQ 24864101 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş qərarın ləgv edilməsi və əlaqəli şəxslər barəsində tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət edilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar. Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilirlər. Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2—7.2.4, 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla qiymətləndirilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan X3 əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, X3 münasibəti qərəzli olmamışdır. Təsvir olunanlardan görünür ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər X7 İdarəsinin 02 dekabr 2024-cü il tarixli, EQ 24864101 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər X7 İdarəsinin 02 dekabr 2024-cü il tarixli, EQ 24864101 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2787/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2787/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver