Məhkəmə qərarları › İş №3(009)-2812/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2812/2024

29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2812/2024 29.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə rəisi X4, İnzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X1 iştirakları ilə, X3 Səbail Rayon İcra Hakimiyyətinin 33 saylı, 04 dekabr 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon İcra Hakimiyyətinin 33 saylı, 04 dekabr 2024cü il tarixli qərarının ləğv olunmasını və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində 16 oktyabr 2024-cü il tarixdə Səbail Rayon Polis idarəsinin 8-ci Polis Bölməsinin sahə rəisi X7 tərəfindən inzibati xəta haqqında MN № ******* No-li protokol tərtib olunaraq Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhəri Səbail RİH 04 dekabr 2024-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında 33 №-li qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə, barəsində 800 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin 2024-cü ilin dekabr ayının 20-də ona məlum olmuşdur ki, inzibati tənbeh vermə haqqında qərar onun barəsində tərtib olunmuşdur. Göründüyü kimi, işin faktiki hallan təhrif edilmiş, düzgün araşdırma aparılmamış, mötəbər sübutlar toplanmamış və nəticədə guya o, 16 oktyabr 2024-cü il tarixdə Səbail rayonu Gülbala Əliyev küçəsində qanunsuz olaraq tikinti işləri müvafiq İcra Hakimiyyyətinin icazə sənədi olmadan qanunsuz tikinti işləri apardığı aşkar olunmuşdur. O, öz həyətində heç bir qanunsuz tikinti işləri aparmamışdır, hər bir tikinti işləri üçün onun icazəsi olmuşdur. Onu barəsində heç bir protokol və ya başqa cəza tətbiq olunmamışdır. Eləcə də göstərilən qərardan şikayət vermə müddəti ötəndən sonra qərar ona təqdim olunmuşdur. Həmçinin göstərilən protokol tərtib olarkən onun xəbəri və iştirakı olmayıb. Ona görə də o, qanunsuz cərimə ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda yazdığı hüquqi faktlara və sübutlara istinad edib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125, 421 mədələrini rəhbər tutaraq, məhkəmədən, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin İnzibati Tənbeh vermə haqqında 33 №-li, 04 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X6 şikayətin təmin olunmasını, inzibati xəta haqqında iş üzrə 33 №-li, 04 dekabr 2024-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X2 inzibati xəta haqqında iş üzrə 33 №-li, 04 dekabr 2024-cü il tarixli qərarın əsaslı olduğunu bildirərək, şikayətin təmin olunmamasını və onun qüvvədə saxlanılmasını xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon Polis İdarəsinin 08-ci PB-nin nümayəndəsi Arif Əsgərov inzibati xəta haqqında haqqında tərtib etdiyi protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 04 dekabr 2024-cü il tarixli 33 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 04 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 800 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 800 manat məbləğində cərimə edilmişdir. İş materiallarına olan inzibati xəta haqqında MN ******* saylı 16 oktyabr 2024cü il tarixli protokoldan görünür ki, X6 16 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 80-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İş materiallarından göründüyü kimi, X3 həyətində sözügedən tikinti işlərinin aparılması ilə bağlı məlumatlandırılma icraatı nəzərdə tutulmuşdur. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan sözügedən tikili ilə bağlı icazə alınmasının tələb olunduğunu, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulduğunu öz qərarında əsaslandırmamışdır. Belə olan halda X3 əməlində inzibati xəta tərkibi olmadığından onun barədinə inzibati xətalara dair iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 Səbail Rayon İcra Hakimiyyətinin 33 saylı, 04 dekabr 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Səbail Rayon İcra Hakimiyyətinin 33 saylı, 04 dekabr 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilsin. Səbail Rayon İcra Hakimiyyətinin 33 saylı, 04 dekabr 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar