Məhkəmə qərarları › İş №3(009)-2829/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2829/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2829/2025 31.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 16 oktyabr 2025-ci il tarixli, 47/2-21616 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış materiallarla birlikdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -törədilmiş əməl yol hərəkəti qaydaları əleyhinə, yaxud həmin Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xəta olmalı; -həmin xətanın törədilməsinə görə şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməli; -bu qərar qanuni qüvvəyə minməli; -qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməlidir. Məhkəmə qeyd edir ki Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh tətbiq edilməsi barədə qərar iş üzrə materiallara əlavə edilməmişdir. Belə olan təqdirdə məhkəmə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın mövcud olub-olmamasını yoxlaya bilmir və bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranıb-yaranmamasını müəyyən edilməsi üçün zəruridir. Digər şərtin, yəni xətanın törədilməsinə görə şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qanuni qüvvəyə minməsi şərtinin mövcudluğuna gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Qanunvericiliyin tələbindən aydın olur ki, inzibati xəta istər foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə, istərsə də edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə həmin əmələ hüquqi qiymətin verilməsi nəticəsi olaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsindən sonra o, elektron kabinetə dərhal yerləşdirilməli və bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməli, eyni zamanda qərar rəsmi qaydada barəsində inzibati xətə törətmiş şəxsə göndərilməli və ya təqdim edilməli, sonuncu həmin qərarı aldıqdan sonra 3 ay müddətində icra etmədikdə isə onun barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilməsinə əsas olmuş cərimə qərarının X1 çatdırıldığı vaxt barədə və həmin qərarın təqdim edilməsini təsdiq edən sənədlər də məhkəməyə təqdim edilməyib. Sözügedən hal isə özlüyündə Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı alması və belə bir qərarın qanuni qüvvəyə minməsi vaxtını müəyyən etməyə imkan vermir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarın, şikayət ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi qaydaları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138-ci maddəsində tənzimlənir. Həmin Məcəllənin 138.1 və 138.1.1-ci maddəsinin tələbinə görə əgər qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarıda da qeyd edildiyi kimi sənədin rəsmi qaydada verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir. Həmin maddədən məlum olur ki, inzibati xəta haqqında iş üzrə sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən ünvan sahibinə şəxsən verildiyi vaxtdan; sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verildiyi hallarda; ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) həmin Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərarın “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); həmin məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə bir daha qeyd edir ki, protokolu tərtib etmiş orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilməsinə əsas olmuş cərimə qərarı və həmin cərimə qərarının çatdırılma məlumatı inzibati xəta haqqında protokol iş materiallarına əlavə edilmədiyindən həmin cərimə qərarının qanuni qüvvəyə minmə vaxtını və qərarın icra müddətini müəyyən etmək mümkün deyildir. Halbuki İXM-nin 529.3-cü maddəsinin dizpozitiv şərtlərinin ödənilib-ödənilməməsini müəyyən etmək üçün cərimə qərarı yazılmış inzibati xətanın baş verdiyi vaxtı və qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi və həmin qərarın icra müddətləri müəyyən olunmalıdır. Bu müddətləri müəyyən edən müvafiq sənədlər İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola əlavə edilməlidir. Protokolu tərtib etmiş orqan tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola təkcə portal çıxarışı əlavə etmişdir ki bu çıxarış xətanın törədilməsinə görə şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarı və onun rəsmi şəkildə çatdırılma məlumatını əvəz etmir. Hazır ki iş üzrə iş materiallarında Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın olmaması, qərarı alması və həmin qərarın qanuni qüvvəyə minməsi vaxtının müəyyən edilməməsi isə öz növbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranıb-yaranmamasını müəyyən etməyə imkan vermir. Göründüyü ki, materiallar natamamdır və işə baxılarkən də tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yekunda məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin rəisinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol 21 mart 2025-ci ildə tərtib edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109- cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin rəisinin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməsinə nəzarəti artırsın. Bu qərardaddan şikayət verilə bilməz Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar