Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2891/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 oktyabr 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 28 oktyabr 2025-ci il tarixdə tərtib olunmuş EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətində (BOKT) xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2020 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.3.4-cü yarımbəndinə görə müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar öhdəlik daşıyan şəxslərin xüsusiyyətləri nəzərə alınmaqla eyniləşdirilmə və verifikasiya tədbirlərini, o cümlədən müştəri profil risklərinin qiymətləndirilməsi proseslərini təfsilatı ilə əks etdirməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də müştərilərin yekun risk dərəcəsinin hesablanma üsulu daxili qayda və metodologiya sənədlərində əks olunmamışdır. (Yoxlama haqqında hesabat. Sǝh 4). DNP-nin 4.2.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxs öz işçilərinə vəzifə funksiyalarından asılı olaraq ən azı aşağıda göstərilən təlim kurslarını təşkil etməlidir: Qanun, ƏL/TMM sahəsi üzrə digər hüquqi aktlar ilə, habelə öhdəlik daşıyan şəxsin daxili qayda və prosedurları ilə tanışlıq (4.2.3.1 yarımbəndi); öhdəlik daşıyan şəxs tərəfindən ƏL/TMM sahəsi üzrə müəyyən edilmiş daxili nəzarət proqramı ilə tanışlıq (4.2.3.2 yarımbəndi); müştəri uyğunluğu tədbirləri, müştəri profilinin formalaşdırılması və müştəri profil riskinin müəyyən edilməsi üzrə təlimlər və praktiki məşğələlər (4.2.3.3 yarımbəndi); benefisiar mülkiyyətçinin müəyyən edilməsi üzrə təlimlər və praktiki məşğələlər (4.2.3.4 yarımbəndi); şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarları (indikatorlar) üzrə təlimlər və praktiki məşğələlər (4.2.3.5 yarımbəndi). Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən xx.xx.2024-cü il tarixində keçirilən ƏL/TMM üzrə təlimdə benefisiar mülkiyyətçinin müəyyən edilməsi üzrə praktiki məşğələlər təsdiq edilməmişdir. (Yoxlama haqqında hesabat. Sǝh 4). Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar BOKT-nin direktoru Şəxs tərəfindən BOKT-nin fəaliyyət göstərdiyi ünvan 1-da xx.xx.2020 - xx.xx.2025-ci il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2025-ci il tarixdə aşkarlanmışdır. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs tərəfindən məhkəməyə ünvanlanmış müraciət məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin icraatında olan 3(009)-2891/2025 saylı iş üzrə bildirmək istərdim ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlama nəticəsində ƏL/TMM Qanunu və müvafiq təlimatlar çərçivəsində aşkar edilmiş aşağıdakı risk faktorları və pozuntularla bağlı bildirilmişdir ki, məsələ rəhbərlik səviyyəsində ciddi şəkildə nəzərdən keçirilmiş və aşağıdakı addımların atılması təmin olunmuşdur: - Hazırda BOKT-nin daxili proqram təminatına müvafiq bildiriş sisteminin birbaşa inteqrasiyası üzrə texniki işlər başlanılmışdır. Prosesin tam başa çatdırılması 2025-ci ilin sonunadək nəzərdə tutulur. ƏL/TMM Qanununun 11.3.2-ci maddəsinə uyğun olaraq, siyahı üzrə müəyyən olunmuş müştərilərin dərhal bildirilə bilməsi üçün operativ mexanizm qurulmuşdur və daxili prosedurlar yenilənmişdir. ƏL/TMM Qanununun 21.7-ci maddəsinə uyğun olaraq İRQ hesabatlarının hazırlanması və nəzarət orqanına vaxtında təqdim edilməsi üzrə daxili reqlament təsdiq olunmuşdur. Gələcəkdə bu kimi gecikmələrin baş verməməsi üçün məsul işçilərin məsuliyyət dairəsi müəyyənləşdirilmiş və monitorinq mexanizmi yaradılmışdır. Nəticə olaraq, təqdim edilmiş yoxlama aktında göstərilmiş bütün pozuntular ciddi şəkildə nəzərə alınmış və onların hər biri üzrə aradan qaldırılması istiqamətində həm təşkilati, həm də texniki səviyyədə işlər aparılır. Bütün tədbirlərin qısa müddətdə tam yekunlaşdırılması üçün fəaliyyət plana uyğun olaraq davam etdirilir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı Maliyyə monitorinqi departamentinin Yoxlama haqqında hesabatından görünür ki, Yoxlama nəticəsində aşağıdakı pozuntular aşkar edilmişdir: ƏL/TMM Qanununun 10.1.1-ci maddəsi və DNP-nin 2.3.4-cü yarımbəndinin tələbləri pozulmuşdur. BOKT-də xx.xx.2023-cü il tarixinədək DNP-də nəzərdə tutulmuş daxili qayda, prosedur və nəzarət mexanizmləri təsdiq edilməmiş, həmçinin onların icrası təmin olunmamışdır. BOKT-nin Müşahidə Şurası (MŞ) tərəfindən 2024-cü ilin may ayından etibarən ƏL/TMM üzrə daxili nəzarət proqramı çərçivəsində daxili qayda və prosedurlar təsdiq edilmiş, müvafiq qayda, prosedur və nəzarət mexanizmlərinin icrasına başlanılmışdır. Bununla belə, BOKT tərəfindən daxili qayda, prosedur və metodologiya sənədləri təsdiq edilərkən, DNP tələblərinin daxili qaydaları tənzimləyən müvafiq maddə və bəndlərinin daxili qaydalarda tam əks olunması və icrası təmin edilməmişdir. DNP-nin 2.3.4-cü yarımbəndinin tələbi pozulmuşdur. Müştərilərin yekun risk dərəcəsinin hesablanma üsulu daxili qayda və metodologiya sənədlərində əks olunmamışdır. ƏL/TMM Qanununun 10.1.2-ci maddəsi və DNP-nin 3.2.1-ci yarımbəndinin tələbləri pozulmuşdur. BOKT-də xx.xx.2023-cü il tarixinədək məsul şəxs təyin edilməmişdir. Həmçinin, BOKT-nin İdarə Heyətinin xx.xx.2023-cü il tarixli, 5 No-li əmri ilə təsdiq edilmiş və xx.xx.2024-cü il tarixinədək məsul şəxsi əvəz edən şəxs (kredit üzrə mütəxəssis) olan X2 təyinatı rəhbərlik səviyyəsində həyata keçirilməmişdir. ƏL/TMM Qanununun 10.1.4-cü maddəsi (keçmiş PL/TMM Qanununun 12.1.4-cü maddəsi) və DNPnin 4.2.3.4-cü yarımbəndinin tələbləri pozulmuşdur. ƏL/TMM Qanununun 10.1.4-cü maddəsində işçilərin davamlı olaraq təlimlərə cəlb edilmələri nəzərdə tutulur. Lakin, 2022 və 2023-cü illər ərzində BOKT-nin daxili nəzarət proqramında işçilərin davamlı təlimlərə cəlb edilməsi nəzərdə tutulsa da, işçilər təlimlərə cəlb edilməmişdir. DNP-nin 4.2.3.4-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT tərəfindən xx.xx.2024- cü il tarixində keçirilən ƏL/TMM üzrə təlimdə benefisiar mülkiyyətçinin müəyyən edilməsi üzrə praktiki məşğələlər təşkil edilməmişdir. Yoxlama nəticəsində aşağıdakı risk faktorları aşkar edilmişdir: ƏL/TMM Qanununun 11.3.2-ci maddəsinin, "Hədəfli maliyyə sanksiyaları haqqında" Qanunun 5.1-ci və 5.5-ci maddələrinin və "X1 tətbiqinə dair Təlimatın 1.1-ci və 1.2-ci bəndlərinin tələblərinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. BOKT-də avtomatlaşdırılmış məlumat axtarış sistemlərinin istifadə edilməməsi və bildiriş sisteminin BOKT-nin daxili proqram təminatına birbaşa inteqrasiyasının olmaması səbəbindən bildiriş sisteminin tətbiqi həyata keçirilmir. Bu isə ƏL/TMM Qanununun 11.3.2-ci maddəsinə uyğun olaraq siyahı üzrə müştərilərin dərhal Maliyyə Monitorinqi Xidmətinə göndərilməməsi riskini yaradır. ƏL/TMM Qanununun 21.7-ci maddəsinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. BOKT-də institusional risk qiymətləndirməsi (İRQ) hesabatının nəzarət orqanına təqdim edilmə müddətləri üzrə reqlament müəyyən edilməmişdir. Nəticədə, 2023-cü ilin nəticələrinə dair İRQ hesabatı nəzarət orqanına 2025ci ildə (yoxlama qrupu fakti aşkar etdikdən dərhal sonra) təqdim edilmişdir. DNP-nin 2.3.3cü yarımbəndinin tələbinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. Belə ki, BOKT tərəfindən xarici ölkə vətəndaşları və qeyri- rezidentlər xx.xx.2024-cü il tarixində təsdiq edilmiş "Müştəri profil risklərinin müəyyən edilməsinə dair metodologiya" sənədinin 5.2-ci bəndi ilə yüksək riskli olaraq müəyyən edilmiş, lakin qeyd edilən müştəri profillərinə nəzər yetirdikdə müvafiq müştərilər yekun risk qiymətləndirməsində aşağı riskli olaraq təsnifləşdirilmişdir. Bu baxımdan müştərilərin yekun risk dərəcəsinin hesablanması üsulu daxili qayda və metodologiya sənədlərində müəyyən edilmədiyi, həmçinin manual qaydada həyata keçirildiyi üçün müştərilərin risk kateqoriyasının düzgün müəyyən edilibedilməməsi riski mövcuddur. Həmçinin, BOKT-nin MŞ sədri tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş "Müştəri profil risklərinin müəyyən edilməsinə dair metodologiya" sənədinin 3.2-ci bəndinin məsafədən eyniləşdirmə və verifikasiya (elektron, mobil bankçılıq və s.) vasitəsilə verilmiş kreditləri aşağı riskli olaraq təsnifləşdirməsi risk faktoru təşkil edir. DNP-nin 3.2.3-cü yarımbəndinin tələbinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. Məsul şəxsin ƏL/TMM ile bağlı heç bir sertifikatı və təcrübəsi mövcud deyildir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə görə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun: 10.1.1-ci maddəsinə əsasən Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.1-ci maddəsinə əsasən Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2-ci maddəsinə əsasən Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; 10.1.4-cü maddəsinə əsasən Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Beləliklə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi protokolu öz mülahizlərinə görə əsaslandırmış. Şəxs tərəfindən hər bir müştəriyə və əməliyyata görə aparılmış yoxlamanın nəticəsində müvafiq olaraq, müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasının, maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsi, yaxud tam tətbiq edilməməsinin, nədə ifadə olunması heç bir sübuta əsaslanmamışdır. Bundan başqa Şəxs tərəfindən hər bir əməliyyata görə tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulması halları heç bir vasitə ilə sübuta yetirilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 28 oktyabr 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 28 oktyabr 2025ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2891/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2891/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver