Məhkəmə qərarları › İş №3(009)-2895/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2895/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2895/2025 25.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Şikayətçi Vəkilov İsa Teymur oğlunun nümayəndəsi Vəkilov Müşfiq İsa oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 56 saylı inzibati tənbeh vermə haqqında qərardan Vəkilov İsa Teymur oğlu tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Vəkilov İsa Teymur oğlu məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 56 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qərarda qeyd olunan Səbail rayonu, Neftçilər prospekti 12 ünvanında yerləşən ərazi Vəkilov İsa Teymur oğlunun mülkiyyətində, istifadəsində və va icarəsində olan hər hansı torpaq və ya tikinti sahəsi deyil. Şikayətçi həmin ünvana, orada görülən işlərə və ya aparılan tikintiyə heç bir hüquqi və faktiki münasibətə malik deyildir. Ona məxsus və ya onun tərəfindən idarə edilən heç bir obyekt və ya əmlak mövcud deyil. Bu baxımdan, şikayətçinin “icazəsiz tikinti aparmaq” kimi bir hərəkət etməyi fiziki cəhətdən mümkün deyildir. Qərar yalnız polis bölməsinin tərtib etdiyi protokola istinad etməklə formaca hazırlanmış, faktiki sübutlara söykənmədən qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə, inzibati xəta haqqında iş üzrə sübutlar hadisənin və ya hərəkətin baş verməsini təsdiq edən hər bir məlumatdır. Sübutlar maddi, yazılı və ya elektron sənədlər, foto-video materiallar, şahid ifadələri və izahatlar formasında olmalıdır. Hazırkı halda inzibati orqan belə sübutların heç birini təqdim etməmişdir. Qərarda yalnız polis protokoluna istinad edilir, lakin həmin protokolda şikayətçinin iştirakı və ya imzası yoxdur, yəni şikayətçi nə ifadə vermişdir, nə izahat yazmışdır, nə də hər hansı sənədlə tanış edilmişdir. Bu isə İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinin tələblərinə ziddir, çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək hüququ vardır. Qeyd etmişdir ki, o, inzibati icraat barədə ümumiyyətlə məlumatlandırılmamışdır. Polis orqanı və ya icra hakimiyyəti tərəfindən ona hər hansı çağırış göndərilməmiş, izahat alınmamış, protokola imza atmaq və ya faktlarla tanış olmaq hüququ təmin edilməmişdir. Vəkilov İsa Teymur oğlu yalnız 27 oktyabr 2025-ci il tarixdə poçt vasitəsilə inzibati tənbeh haqqında qərarı aldıqdan sonra bu barədə məlumat əldə etmişdir. Bu, müdafiə hüququnun tam şəkildə pozulması deməkdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Vəkilov İsa Teymur oğlunun nümayəndəsi Vəkilov Müşfiq İsa oğlu şikayətdə qeyd edilənlərə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana və məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 56 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Vəkilov İsa Teymur oğlunun xx.xx.2025-ci il tarixdə Səbail rayonu, Neftçilər prospekti 12 ünvanında müvafiq icra Hakimiyyətinin icazə sənədi omadan qanunsuz tikinti işlri apardığı aşkar olunmuşdur. Vəkilov İsa Teymur oğlu İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 56 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə-fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 56 saylı saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 128-129, 131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəkilov İsa Teymur oğlunun şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 56 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar