Məhkəmə qərarları › İş №3(009)-29/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-29/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-29/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon DYPŞ-nin TP ******* nömrəli 27 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon DYPŞ-nin TP ******* nömrəli 27 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 dekabr 2022-ci il tarixində ona məxsus olan Azərbaycan Respublikasının 99BE411 saylı avtomobil dövlət qeydiyyat nişanlı və nəqliyyat vasitəsinin BA169269 nömrəli qeydiyyat şəhadətnaməli "BMW" markalı, 328X1 minik modelli avtonəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının 99YP254 saylı avtomobil dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən Baş X8 İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı cənab Nümayəndə3 tərəfindən «saxla» əmri verilərək heç bir qanuni əsasa istinad olunmadan, heç bir ekspertiza təyin olunmadan qərarsız Yol hərəkəti qaydaları və yol hərəkət təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati Xəta haqqında İXP ******* saylı Protokol tərtib olunmuşdur. Bundan başqa, 13 dekabr 2022-ci il tarixində avtonəqliyyat vasitəsi cərimə meydançasına aparılmış və bu günə qədər avtonəqliyyat vasitəsi cərimə meydançasında olmağa davam edir. Qeyd olunmuş hadisə ilə bağlı Azərbaycan Respublikası Baş X7 İdarəsinin rəsmi saytına iki dəfə rəsmi şikayətlə müraciət etmiş, Baş X7 İdarəsinin 902 Qaynar xətt zəng mərkəzinə, habelə Daxili İşlər Nazirliyinin 102 Qaynar xətt zəng mərkəzinə şikayət etmişdir. Lakin, bu şikayət və müraciətlərlə bağlı heç bir geri dönüş olmamışdır. Səbail rayon X8 İdarəsinə də ona qarşı tərtib olunmuş Protokolun nə dərəcədə qanuni olduğu barədə müraciət edilmişdir, lakin İdarə də qanunvericilikdə heç bir əsasa istinad etmədən və Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən nəqliyyat vasitəsinin BA 169269 nömrəli qeydiyyat şəhadətnaməsində M3-ün yığılmasının xüsusi qeyd başlığı altında qeydiyyata alınmasına baxmayaraq bu cür qeydin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində yazılmasının qanunsuz olduğunu və avtonəqliyyat vasitəsinə M3-ün yığılmasının qeyriqanuni olduğunu bildirmişdir. Bütün bunların nəticəsində onun işə gediş-gəlişində çətinlik yaranmışdır, bu çətinliyi aradan qaldırmaq məqsədi ilə də o, hər gün iş yerinə taksi ilə gedib-qayıtmaq məcburiyyətində qalmışdır. Taksidən istifadə etdiyinə baxmayaraq iş yerinə gecikmələr qaçınılmaz hala çevrilmişdir və gecikmələrlə bağlı iş yerinin müdriyyəti tərəfindən ona artıq bir neçə dəfə töhmət verilmişdir. Bütün bu məsələ ilə bağlı ona bu günə qədər dəymiş ziyanın miqdarı 3000 AZN (üç min manat) təşkil edir. Ona görə də tərtib olunmuş Protokolun qanuniliyi barədə ekspertizanın təyin olunmasını, qanunsuz olan Protokolu tərtib etmiş Baş X8 İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı cənab Nümayəndə3 töhmət verilərək cəzalandırılmasını, ona 3000 AZN (üç min manat) məbləğində dəymiş ziyanın ödənilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən X4 Rauf oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və şikayətini müdafiə edərək Bakı şəhər Səbail rayon DYPŞ-nin TP ******* nömrəli 27 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinin xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Səbail rayon DYPŞ YPX-nin inspektoru polis baş leytenantı Nümayəndə3, xx.xx.2022-ci il tarixdə X5 idarə etdiyi «BMW» markalı, 99BE411 dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə 150 manat məbləğində cərimə olunmuşdur. Qərar qanuni və əsaslıdır. X2 törətdiyi inzibati xətanın aşkar olunması və sənədləşməsində hüquqa zidd hərəkətlərə yol verilməmişdir. Belə ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində xüsusi qeyd hissəsində “M 3 yığılıb” qeydinin mövcudluğu уalnız avtomobilin görünüşünün dəyişdirilməsini əhatə edir, bu qeyd avtomobilin sahibi tərəfindən kustar üsulla əlavə avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə əsas vermir. Odur ki, X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. X1 və inzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Səbail rayon DYPŞ-nin TP ******* nömrəli 27 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə X5 Bakı şəhəri, Arif İsmayılov dalan2, 41 b ünvanında idarə etdiyi «BMW» markalı, 99BE411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, şəhadətnamədə xüsusi qeyd hissəsində “M 3 yığılıb” qeydi mövcuddur. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, «BMW» markalı, 99BE411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə kustar üsulla əlavə avadanlıq quraşdırılmışdır. “Yol hərəkəti haqqında” qanunun birinci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin Qanunun ikinci bəndinə görə nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər. Həmin Qanunun beşinci bəndinə görə istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Göründüyü kimi, istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativtexniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq qanunla qadağan edildiyi halda X5 idarə etdiyi «BMW» markalı, 99BE411 dövlət qeydiyyat nişanlı avtomobildə əlavə qurğu quraşdırmaqla texniki və normativ tələblər pozulmuşdur ki, bu hal X5 tərəfindən Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Ona görə də X5 barəsində Bakı şəhər Səbail rayon DYPŞ-nin TP ******* nömrəli 27 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon DYPŞ-nin TP ******* nömrəli 27 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar