Məhkəmə qərarları › İş №3(009)-2909/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2909/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2909/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək məhkəməyə yazılı izahat verərək bildirmişdir ki, bir Aərbaycanlı gənc kimi həqiqəti sizə çatdırmaq istəyir. Bildirir ki, xx.xx.2025-ci il tarixdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tətrtib edilmişdir (nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsi; ön qeydiyyat nişanı üzərində ağ əl salfetin olması). İstifadəsində olan ** BN *** dövlət qeydiyyat nişanlı "Hyundai sonata,, markalı minik nəqliyyat vasitəsini hərəkətsiz olaraq ünvan 1 ünvanında qadağan olunmayan yerdə saxlayıb, dayandırıb 10-15 dəqiqə vaxtla mənzilə daxil olub geri qayıtmışdır (həmin ərazidə maşını saxlayıb mənzilə qalxanda həmin ərazidə iki maşının da dövlət qeydiyyat nişanının örtüldüyünü görmüş, evdən qayıdanda isə həmin maşınlar artıq yox idi). Xüsusilə qeyd olunur ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşü həmin nəqliyyat vasitəsinin hərəkəti zamanı təmin edilməlidir. Bu tələb Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsində nəqliyyat vasitəsi sürücüsü üzərinə qoyulmuşdur: Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri. İ. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: 10) hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir. Bununla yanaşı qeyd olunur ki, hər hansı nəqliyyat vasitəsi dayandığı halda onun üzərinin günəş və ya digər yan təsirlərədən mühafizəsi üçün örtüklə örtülməsi də tərcih edilir ki, belə olan halda da nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşü məhdudlaşdırılmış olur, lakin bu hal inzibati xəta tərkibi sayılmır. Qeyd edilənlər onu deməyə əsas verir ki, hərəkətdə olmayan, dayanan nəqliyyat vasitəsinin hər hansı kənar təsirlə dövlət qeydiyyat nişanının örtülməsi inzibati xəta tərkibinin əlaməti kimi qiymətləndirilməsi istisna edilir. Həmçnin qeyd edir ki, istifadəsində olan qeyd edilən nəqliyyat vasitəsinin dayanadığı yer "dayanma-durma qadağandır,, nişanı ilə məhdudlaşdırılmamış, hər hansı inzibati və ya digər qanunsuz hərəkətin məsuliyyətindən yayınmaq kimi bir niyyəti, məqsədi eləcə də buna fakt və əsas da olmamışdır. İnzibati məsuliyyətin əsaslarını müəyyən edən Azərbaycan Respubblikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Qeyd olunan maddələrin təfsirindən aydın görünür ki, inzibati məsuliyyətə cəlb olunma dolayısı ilə şəxs barəsində inzibati tənbeh növü tətbiq olunarkən şəxsin inzibati xətanın törədilməsində təqsiri və inzibati xəta tərkibinin bütün digər əlamətləri müəyyən olunmalı, sübuta yetirilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hörmətli məhkəmədən tələbə olmağının nəzərə alınmasını, yuxarıda qeyd olunanların qiymətləndirilməsini qeyd edərək Azərbaycan Respublikası İXMnin 53-cü və 135-ci maddələrinə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 oktyabr 2025-ci il tarixdə, saat 18:21-də “Hyundai Sonata minik” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9 və 346.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan fotoşəkildən müəyyən edilir ki, Şəxs idarə etdiyi “Hyundai Sonata minik” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 20 oktyabr 2025-ci il tarixdə, saat 18:21-də Şəxs idarə etdiyi “Hyundai Sonata minik” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanınının görünüşünü çətinləşdirən örtükdən istifadə etmiş, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 342.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar