Məhkəmə qərarları › İş №3(009)-2945/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2945/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2945/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Səbail rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində, saat 16:32-də Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi, Bayraq Meydanı yaxınlığında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokol tərtib etmiş orqana və barəsində protokol tərtib edilmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndələr məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu və iş materiallarındakı digər sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixində, saat 16:30-da Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi, Bayraq Meydanı qarşısında anasına məxsus “Hyundai Avante” markalı avtomobili idarə edərkən sola düzgün manevr etməmişdir. Bu zaman sol tərəfdə hərəkətdə olan “Bajaj” markalı 99 K692 nömrəli dövlət qeydiyyat nişanlı motosikletə sol yan hissədən vurmuşdur. Xəsarət alan olmamışdır. İş materiallarında olan X2 izahatından görünür ki, xx.xx.2025-ci il tarixində saat 16:30-da Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi, Bayraq Meydanı qarşısında ona məxsus “Hyundai Avante” markalı ** BQ *** dövlət qeydiyyat nişanlı avtomobilini qızı Şəxs sürücülük hüququ olmadan idarə etmək üçün vermişdir. Bu zaman qızı sola düzgün manevr etmədiyi üçün sol tərəfdə hərəkətdə olan “Bajaj” markalı 99 K692 nömrəli dövlət qeydiyyat nişanlı motosikletə sol yan hissədən vurmuşdur. Xəsarət alan olmamışdır. İş materiallarında olan X3 izahatından görünür ki, xx.xx.2025-ci il tarixində, saat 16:32-də Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi, Bayraq Meydanı qarşısında özünə məxsus “Bajaj” markalı 99 K692 nömrəli dövlət qeydiyyat nişanlı motosikletlə hərəkətdə olarkən sağ zolaqda olan “Hyundai Avante” markalı ** BQ *** dövlət qeydiyyat nişanlı avtomobil sola dönmə işığını yandırmadan qəflətən sola manevr edərək motosikletin ön hissəsinə vurdu. Hadisə nəticəsində xəsarət alan olmamışdır. İş materiallarında olan X1 izahatından görünür ki, xx.xx.2025-ci il tarixində, saat 16:32-də Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi, Bayraq Meydanı qarşısında X3 idarə etdiyi motosikletdə sərnişin qismində olarkən manevr qaydasını pozan “Hyundai Avante” markalı avtomobil sağ zolaqdan sol zolağa qəflətən manevr etmişdir. Və nəticədə motosikletə çırpılmışdır. Hadisə zamanı xəsarət alan omamışdır. İş materiallarında olan yol nəqliyyat hadisəsi sxemindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi, Bayraq Meydanı qarşısında sağ zolaqda hərəkətdə olan “Hyundai Avante” markalı ** BQ *** dövlət qeydiyyat nişanlı avtomobil sola manevr edərək, həmin zolaqda hərəkətdə olan “Bajaj” markalı 99 K692 nömrəli dövlət qeydiyyat nişanlı motosikletə dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hesab edir ki, iş materialları və məhkəmə iclasında tədqiq edilməsi sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar