Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2975/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə2, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci və 492.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci və 492.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 28 oktyabr 2025-ci il tarixli 00800-01525/25 EP № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Hava Nəqliyyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin icraatında Monitorinq şöbəsindən daxil olmuş 3-33-3100/020/023238 nömrəli raporta əsasən müəyyən edilmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 96 olan hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2025-ci il tarixli **********7112 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək hüquqi şəxsin Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən anbarına saxlanca verilmiş mallar üzərində gömrük nəzarəti formasında xx.xx.2025-ci il tarixdə aparılan yoxlama zamanı malların qablaşdırmaları üzərinə vurulan eyniləşdirmə vasitəsi olan stikerin pozulması, həmçinin malların digər qablaşdırması üzərindəki stikeri pozmadan qablaşdırmanın qapağının açılması faktı müəəyən edilmişdir. Mallar yer və say tərkibləri yerində olmuş, onlardan hər hansı formada istifadə edilməmişdir. xx.xx.2024-cü il tarixdə gömrük qanunvericiliyinin tələblərinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi ilə bağlı 229 nömrəli və xx.xx.2012-ci il tarixli, “Malların” gömrük təminatının vurulması Qaydalarının təsdiq edilməsi haqqında 253 nömrəli qərarına əsasən gömrük nəzarəti formasında hüquqi şəxs tərəfindən saxlanca verilmiş mallara baxış keçirilən zaman 8 sayda qablaşdırmada olan mallardan ikisinin üzərinə vurulan gömrük təminatı vasitələrinin pozularaq, həmin iki sayda malın istifadə edildiyi aşkar edilmişdir. Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 etirazı onunla əsaslandırmışdır ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qeyd olunan protokolun tərtib edilməsi əsassız və qanunsuzdur, çünki qeyd olunan müvafiq mallara baxışın keçirilməsi təxirəsalınmaz idi. Biz bununla bağlı aidiyyəti əməkdaşla əlaqə saxlayıb məlumat verməyə cəhd etsək də bu əlaqənin baş tutmaması səbəbindən belə bir hal baş vermişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, Şəxs MMC 2007-ci ildə 1) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), 2) Nobel Energy və 3) Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. "xxxx" MMC ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Şəxs MMC 2009-cu ildən X1 Assosiasiyasının (İADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir. Nəzərə alınmalıdır ki, Şəxs MMC ölkədə APİ (X2/X3) Q2 sertifikatına sahib olan yeganə yerli qazma şirkəti olduğundan Şəxs MMC həmin sertifikatın tələblərinə uyğun qaydada fəaliyyət göstərməlidir və həmin sertifikat yalnız Şəxs MMC-də olduğu üçün Azərbaycan Respublikası tərəfindən xüsusi dövlət əhəmiyyətli və mürəkkəb quyuların qazılması məhz Şəxs MMC-yə həvalə edilir. Bu isə öz-özlüyündə əlavə məsuliyyət yaratmaqla bərabər həm də dövlətin xüsusi nəzarətini Şəxs MMC-nin üzərində cəmləşdirmiş olur. Belə ki, Şəxs MMC-də dövlətin də payının olması (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, yəni SOCAR həmtəsisçilərdən biri kimi SOCAR-AQŞ MMC-də müvafiq paya sahibdir) öncə qeyd olunanların əyani sübutudur. Həmçinin qeyd olunmalıdır ki, Şəxs MMC-nin əsas fəaliyyəti neft və qaz quyularının qazılması ilə bağlı məhz dənizdə quraşdırılan platformalar vasitəsi ilə həyata keçirildiyindən həmin platformalarda olan avadanlıqların saz vəziyyətdə olması olduqca zəruri haldır. Əks təqdirdə, Şəxs MMC işlənməsini həyata keçirdiyi neft-qaz yataqlarında olan quyularda açıq neft, qaz və su fontanları nəticəsində platformada dəhşətli hadisələrin baş verməsi, hazırda platformada minimum 100 (yüz) nəfər sayda işləyən işçilərin həlak olması, digər ciddi ekoloji fəlakətlərin baş verməsi (neftin və qazın açıq dənizə axıdılması, dənizdə flora və faunanın məhv olması və s.), bir neçə milyard dollarlıq dəyəri olan platformanın suyun altına batması və nəticədə baş verəcək itkilərə görə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri icra etmək qabiliyyətində olmaması qaçılmaz olar. "xxxx" MMC-nin belə olan halda vaxt itkisinə yol verməsi doğru olmaz. Belə olan halda sual yaranır: yuxarıda sadalanan bu halların məsuliyyətini Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və ya digər bir qurum öz üzərinə götürə bilərmi? Zənnimizcə müvafiq mallara baxışın tərəfimizdən məhz hansı səbəblərə görə belə təxirəsalınmadan həyata keçirilməsi səbəbi artıq məlum məsələdir və ədalət mühakiməsini həyata keçirən Bakı şəhəri Səbail rayon Məhkəməsi bu mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edəcəkdir. Unutmaq lazım deyil ki, 04 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Günəşli neft yatağının 10 saylı dərin dəniz özülündə bütün ölkəmizi sarsıdan faciəvi bir hadisə baş verərək yanğın olmuşdur. Yanğının başvermə səbəbi dalğaların 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qıraraq, boru kəmərini zədələməsi idi. Hadisə vaxtı platformada 63 adam var idi. Günəşli yatağında qəza baş verən zaman 33 nəfər xilas edilib. Belə ki, www.bakuplus.az, www.konkret.az, www.qafqazinfo.az və digər xəbər saytlarının 04 mart 2016-cı ildə verdiyi məlumata görə, bu faciə nəticəsində 16 neftçi həlak olub, 14 nəfər isə itkin düşüb. Hadisə vaxtı isə platformada 63 nəfər olub. Bu kimi üzücü hadisələrin təkrarlanmaması üçün ədalət mühakiməsini həyata keçirən məhkəmənin hazırkı mülki mübahisəyə obyektivlik və ədalətlilik prinsipləri çərçivəsində baxması mütləqdir. Yuxarıda qeyd olunanlara əsasən, haqlı olaraq hesab edirik ki, “İnzibati xəta haqqında” 00800-01525/25 nömrəli “Protokol” qanunsuz və əsassızdır və bu səbəbdən həmin protokol məhkəmə tərəfindən ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492-ci maddəsinin hər hər 2 bəndi üzrə, yəni 492.1 və 492.2-ci bəndləri üzrə məsuliyyətə cəlb olunması barədə “Protokol” tərtib etməsi də qəbuledilməzdir, çünki, hər 2 bəndin sanksiyasında cərimə məbləği 1.000,00 manat təşkil edir. Həmçinin bildiririk ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1 və 492.2-ci bəndləri üzrə “İnzibati tənbeh vermə haqqında” 00800-01525/25 nömrəli “Protokol” tərtib edilərkən Şəxs MMCnin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin “Protokol” şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, “Protokol”un məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “Bildiriş” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. Göründüyü kimi, Şəxs MMC baş vermiş hadisədə təqsirsizdir. Yuxarıda qeyd olunanlara əsasən haqlı olaraq hesab edirik ki, Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilən İnzibati xəta haqqında 00800-01525/25 nömrəli “Protokol” qanunsuz və əsassız olduğundan o ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə2 protokolda qeyd edilənləri müdafiə edərək Şəxs MMC-nin inzibati tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 etirazda qeyd edilənləri müdafiə etdiyini bildirmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 492.1-ci və 492.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə -fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən gömrük təminatı altında olan yük yerlərinin konstruktiv bütövlüyünün qəsdən pozulmasına görə -fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs MMC xx.xx.2025-ci il tarixli **********7112 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək hüquqi şəxsin Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən anbarına saxlanca verilmiş mallar üzərində gömrük nəzarəti formasında xx.xx.2025-ci il tarixdə aparılan yoxlama zamanı malların qablaşdırmaları üzərinə vurulan eyniləşdirmə vasitəsi olan stikerin pozulması, həmçinin malların digər qablaşdırması üzərindəki stikeri pozmadan qablaşdırmanın qapağının açılması faktı müəəyən edilmişdir. Mallar yer və say tərkibləri yerində olmuş, onlardan hər hansı formada istifadə edilməmiş və nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 492.1-ci və 492.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci və 492.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu, 493-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci və 492.2-ci maddəsi ilə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2975/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2975/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver