Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2978/2025 23.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X2, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidmətinin baş inspektoru, polis kapitanı Nümayəndə iştirakları ilə, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 2025-ci ilin 16 oktyabr tarixində Səbail rayonu ərazisində X7 əməkdaşları idarə etdiyi BMW 528Xİ markalı 77 - HA- 772 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlayaraq, onu sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı müayinəyə cəlb etmişlər. O, saxlanılmasının qanunsuz olduğunu bilsə də sərxoş olmadığından əmin olaraq avtomobili saxlamışdır. Bu zaman YPX əməkdaşı onun sərxoş olub-olmamasını müəyyən etmək üçün alkotesterdən istifadə edəcəyini ona bildirmişdir. O da öz növbəsində buna etiraz etməmişdir. Yoxlama aparıldıqdan sonra ona müayinənin nəticələri göstərilmədən və bildirilmədən avtomobilin duracağa aparılacağı və səhərisi Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə gəlməli olduğu deyildi. O, buna etiraz etsə də qaydanın bu cür olduğu ona deyilmişdir. Gecə vaxtı olduğundan polislə mübahisə etməmişdir. Hadisə xx.xx.2025-ci il tarixdə baş versə də onun barəsində inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Bütün bunları nəzərə alaraq Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim:Şəhla Süleymanova) X2 şikayəti qismən təmin edilmiş, yenidən araşdırma aparılması üçün qərar Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilmişdir. Həmin qərardan narazı qalan Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında material yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında göstərilmiş mövqeyə əsasən tərəflərin birgə iştirakı ilə onların göstərdikləri dəlillərə hüquqi qiymət verilməli və hər iki tərəfin məhkəmə iclasənda iştirakı ilə iş üçün zəruri olan hallar araşdırılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı Səbail Rayon Məhkəməsinə daxil olduqdan sonra (hakim: Afət Quliyevanın sədrliyi ilə) xx.xx.2026-cı il tarixdə hər iki tərəfin məhkəmə iclasında iştirakı təmin edilməklə məhkəmə baxışı keçirilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, polis əməkdaşları onu saxlayan vaxt o, içkili olmamışdır. Buna baxmayaraq, polis əməkdaşı cihaz vasitəsilə onu yoxladıqdan sonra içkili olmasını əsas gətirmişdir. İş materiallarında olan cihazın texniki göstəricilərinə görə onda 0.392 promil alkoqol aşkar edilməsi ilə razı olmadığını, polis əməkdaşları tərəfindən nəticə ilə razı olmadığı halda tibbi müayinəyə aparılmadığını qeyd etmişdir. Həmçinin, iddia olunan inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə aşkar edilsə də onun barəsində inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Bütün bunları nəzərə alaraq Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidmətinin baş inspektoru, polis kapitanı Nümayəndə izahatında bildirmişdir ki, ərazidə xidmət aparan zaman şəxsin işıq cihazlarından düzgün istifadə etmədiyini və X2 idarə etdiyi avtomobilin üzərində həbs olduğunu görmüş və bununla əlaqədar saxlama əmri vermişdir. Avtomobili saxlayarkən sürücünün içkili olduğuna şübhə yaranmışdır. Bu zaman onun sərxoş olmasını ehtimal etmiş və alkotester müayinəsi zamanı şəxsdə sərxoşluq müəyyən olunmuşdur. Şəxsi saxlayarkən o, könüllü şəkildə pivə içkisi qəbul etdiyi bildirmiş və o, həmçinin alkotester yoxlanışından keçmişdir. X4 hadisə baş verən günün səhərisi polis şöbəsinə yaxınalaşaraq müayinən nəticəsi ilə razı olmadığını qeyd etmişdir. Bu zaman ona yalnız 2 halda tibbi müayinənin aparıldığı hallar izah edilmişdir. Belə ki, sürücü qanunvericiliyin tələblərinə əsasən alkotester yoxlanışından keçməkdən imtina etdiyinə və ya onun nəticəsi ilə razılaşmadıqda polis əməkdaşlarının iştirakı ilə tibb müəssisəində həmin sürücünün tibbi müayinəsi aparılır. Belə bir hal baş vermədiyindən Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşı hesab edir ki, sürücü X4 barəsində tətbiq edilmiş inzibatin tənbeh vermə haqqında qərar tam qanunidir, ləğvi və ya dəyişdirilməsi üçün hər hansı əsas yoxdur. Məhkəməyə sübut qismində 01 ədəd CD diski təqdim edə bilərlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2025-ci il tarixində, saat 00:55 radələrində BMW 528Xİ markalı 77 - HA- 772 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozmuş və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il BMW 528Xİ markalı 77 - HA- 772 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğundan və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və o, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən və iş materiallarına əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilərkən müyyən edilmişdir ki, X3 alkoqolun miqdarı həmin gün polis tərəfindən saxlanılarkən 0.392 faiz olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarının 2.4-cü maddəsinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini, o cümlədən TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci saylı inzibati tənbeh vermə haqqında qərarı, sərxoşluq vəziyyətinin təyin edilməsinə dair texniki vasitənin göstəricilərini, digər sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə, İXM-nin 84.1-ci maddəsinin tələbinə uyğun olaraq, sübutları öz daxili inamı ilə qiymətləndirərkən aşağıdakı nəticələrə gəlir: İş materialları ilə müəyyən edilmişdir ki, 16 oktyabr 2025-ci il tarixdə X4 BMW 528Xİ markalı 77 - HA- 772 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən o, alkoqol təsiri altında minik markalı nəqliyyat vasitəsini idarə etmiş, səlahiyyətli orqan əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılmışdır. Həmin vaxt aparılmış yoxlama nəticəsində X2 nəfəsində alkoqolun miqdarının 0,392 promil olduğu müəyyən edilmişdir. Bu fakt texniki vasitənin göstəricisi və müvafiq protokolla təsdiq olunur. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ictimai təhlükəliliyi yüksək olan hüquqazidd əməldir. Bu cür hərəkətlər təkcə sürücünün özünün deyil, digər yol hərəkəti iştirakçılarının – sərnişinlərin, piyadaların və digər sürücülərin həyat və sağlamlığı üçün birbaşa və ciddi risk yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da dəfələrlə qeyd olunduğu kimi, dövlətin Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsindən (yaşamaq hüququ) irəli gələn pozitiv öhdəliklərindən biri də öz yurisdiksiyası altında olan hər kəsin yaşamaq hüququnu qorumaq üçün effektiv qanunvericilik və inzibati tədbirlər görməkdir. Sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə edilməsinə qarşı sərt və qaçılmaz məsuliyyət tədbirlərinin müəyyən edilməsi və tətbiqi məhz bu pozitiv öhdəliyin yerinə yetirilməsinin vacib elementidir. Məhkəmə qeyd edir ki, İXM-nin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutur. Bu prinsipə görə, aradan qaldırılması mümkün olmayan bütün şübhələr şəxsin xeyrinə yozulmalıdır (in dubio pro reo). Lakin bu prinsip, məhkəmədən işin obyektiv halları və elmi faktlarla açıq-aşkar ziddiyyət təşkil edən, məntiqə uyğun olmayan və yalnız məsuliyyətdən yayınmaq məqsədi güdən fərziyyələri qəbul etməyi tələb etmir. Hazırkı işdə təqdim edilmiş sübutların məcmusu o qədər güclü və bir-birini tamamlayan bir zəncir təşkil edir ki, Həmid Həsənzadənin izahatı əsaslı şübhə yaratmaq gücündə deyildir. Bütün bu sübutların və hüquqi arqumentlərin məcmusunu qiymətləndirərək, məhkəmə hesab edir ki, X2 əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementləri – həm obyektiv cəhət (sərxoş vəziyyətdə idarəetmə), həm də subyektiv cəhət (qəsd) – tam sübuta yetirilmişdir. Həmçinin, şikayətçinin şikayətdə qeyd etdiyi digər dəlilə münasibətdə isə məhkəmə vurğulamaq istəyir ki, İXM-nin 101.2-ci maddəsinə görə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Buna görə də inzibati xəta haqqında protokolun dərhal deyil, 2 gün sonra tərtib edilməsi iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, İXM-in 53-cü maddəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinin konkret əsasları göstərilmiş, həmin hallar sırasında inzibati xəta haqqında protokolun dərhal tərtib olunmadığı halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qeyd olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2978/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2978/2025
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver