Məhkəmə qərarları › İş №3(009)-2992/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2992/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2992/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, Bakı şəhər X10 İdarəsinin inspektoru barəmdə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə ilə bağlı ("Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 327.1-ci maddəsinin tələblərini pozma ilə bağlı) inzibati xəta haqqında icraata başlamış və bununla bağlı xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə qərarla bağlı bildirmək istəyirəm ki, 30 oktyabr 2025-ci il tarixdə saat 20:53 də Bakı şəhəri, Yasamal Rayonu, Landau küçəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyiin qabağı) hərəkətdə olan zaman, yol hərəkəti qaydalarına uyğun olaraq sağdan, İnşaatçılar prospekti tərəfdən gələn nəqliyyat vasitələrini buraxıb düzünə hərəkəət etmək istədikdə sol tərəfimdə olan "Changan" markalı avtomobillə toqquşdum. Mənim maşınım sol ön hissəsi digər maşının sağ qapı tərəfinə dəydi. Qeyd olunan avtomobil həm avtomobillər arasında olan intervalı düz saxlamamış, eyni zamanda vatomobili zolaqda düz yerləşdirməmişdir. Yəni, mənim qeyd olunan qəzadan qaçmaq şansım yox idi. Əgər mən heç bir qayda pozuntusu etmədiyim halda, qəzada iştirak edən digər avtomobil azı iki qayda pozuntusu etdiyi halda necə olur ki, nəticədə mənim barəmdə qərar qəbul olunur. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 11-ci bəndində qeyd edilmişdir ki, yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin qanunun 75-ci maddəsində (norma yolayrıcını keçmə qaydalarını tənzimləyir) qeyd edilir ki, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını vəyolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. İnspektor 75-ci maddədə qeyd olunan tələblərdən hansını pozduğumu qeyd etməmişdir. Mən heç bir qayda pozmayaraq necə ola bilər ki, inzibati məsuliyyətə cəlb olunum. Amma digər sürücü iki qayda pozaraq inzibati məsuliyyətdən kənarda qalsın. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 42-ci maddəsi görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir. Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr və qarşıdan gələn nəqliyyat etməyə yol verilir. Bu zaman sürücü arxadan vasitələrinə yol verməlidir. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir. Piyada keçidlərində; tunellərdə; körpülərdə, estakadalarda VƏ ən azı bir onların altında; dəmiryol keçidlərində; istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə, ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə geriyə dönmək qadağandır. Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Qeyd olunan normanın tələblərindən də aydın olur ki, "Changan" markalı avtomobilin sürücüsü hadəsidə təqsirkardır. Yəni, hadisəyə görə onun barəsində protokol tərtib edilərək qərar qəbul edilməli idi. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1-1-ci maddəsinə görə bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə görə İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi -göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Yuxarıda göstərilənlərə və İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddələrinə əsasən Bakı şəhər X10 İdarəsinin Yol patrul xidməti inspektoru tərtib etdiyi İXP ******* saylı, 30 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi eyni tarixli qərarının ləğv olunması və hazırkı inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi, habelə barəmdə tətbiq olunmuş 40 (qırx) manat cərimənin ləğv olunaraq Azərbaycan Respublikası X11 İdarəsinin elektron bazasından silinməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək göstərmişdir ki, heç bir qayda pozuntusuna yol verməmişdir. Zolaqlarla bağlı yanlışlığa yol verməmişdir. Maşının qarşısındakı digər avtomobil qayda pozuntusu etmiş, xəta ona görə baş vermişdir. Göstərilənlərə əsasən Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X6 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə göndərilməlidir. Belə ki, iş materillarında olan xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi ərazisində “Honda CRV minik” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan fotoşəkil və videogörüntülərdən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində “Honda CRV minik” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə “Honda CRV minik” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir və inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X4 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar diqqətlə araşdırılmamış və inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X2 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən nəqliyyat vasitəsinin X4 tərəfindən idarə edilməsi, habelə inzibati xətanın X4 tərəfindən törədilib-törədilməməsi araşdırılmamışdır. Bu səbəbdən istinad edilən inzibati xətanın mövcud olub-olmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar