Məhkəmə qərarları › İş №3(009)-3/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu 8-ci Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 28 iyun 2021-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək ona məxsus “Xiomi Redmi 9” mobil telefonunu satmışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 28 iyun 2021-ci il tarixli 3(009)-3/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti əsasında işə yenidən baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 3(103)- 1699/2021 saylı qərarı ilə Səbail Rayon Məhkəməsinin 28 iyun 2021-ci il tarixli 3(009)- 3/2022 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş 24 avqust 2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinə daxil olmuş və həmin iş üzrə 18 avqust 2021-ci il, 25 avqust 2021-ci il, 03 sentyabr 2021-ci il və 06 oktyabr 2021-ci il tarixlərdə məhkəmə iclasları təyin edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Bu səbəbdən məhkəmənin 03 sentyabr 2021-ci il və 06 oktyabr 2021-ci il tarixli qərardadları ilə Şəxs məcburi qaydada məhkəməyə gətirilməsi qərara alınmış, lakin qərardadlar icra edilməmiş və Şəxs məhkəmə iclasına məcburi gətirilməsi mümkün olmamışdır. Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 3(009)-1369/2021 saylı qərarı ilə Şəxs barəsində axtarış elan edilmiş, Şəxs tapılanadək 3(009)-1369/2021 saylı inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 3(009)-1369/2021 saylı qərarı icra edilməyərək Şəxs tapılması hazırki günədək təmin edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədləri araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 28 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə əlaqədar toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə aldadaraq dələduzluq etmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərar təhqiqat orqanının rəhbərinə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətdiyi vaxtdan, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən 1 ildən artıq müddət keçmişdir. Belə ki, inzibati xəta xx.xx.2021-ci il tarixdə törədilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və həmin tarixdə inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105, 109, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALD İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar