Məhkəmə qərarları › İş №3(009)-3/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərara və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nın Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 21 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2024 –cü il tarixindən xx.xx.2024 –cü il tarixinədək Şəxs MMC tərəfindən Az.Resp.Əmək Məcəlləsinin 7-ci və 49 – cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən nəzarətçi vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək, bildirmişdir ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanmadan şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması müəyyən olunmuşdur. Bununla bağlı Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nın nümayəndəsi Nümayəndə2, onlar tərəfindən heç bir işin görülməsinə müqavilə olmadan cəlb edilmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, Səbail Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə Səbail Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 22 noyabr 2024-cü il tarixli X4 Xidmətinin Bakı şəhər İdarəsinin Şəxs MMC-yə ünvanlanmış məktubundan görünür ki, vətəndaş X1 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. X4 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətamn əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməniz məqsədi ilə xx.xx.2024- cü il tarixdə saat 12:00-da 3 saylı Bakı DOST Mərkəzinə (Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekt 183B Əlaqə: ***-*******, daxili 6064) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs MMC ilə X2 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, lakin əmək müqaviləsi bildirişi Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmişdir. İş materiallarında olan vatsap yazışmalarından görünür ki, X2 Şəxs MMC-nin işçisi olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" ASC–nin kart hesabı çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə X1 hesabına əmək haqqı təyinatlı 450 manat ödəniş mədaxil olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəyə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən işçi ilə əmək müqaviləsi bağlanmamasına dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC -nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar