Məhkəmə qərarları › İş №3(009)-300/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-300/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-300/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti 214620.00 ABŞ dolları məbləğində vəsaiti 21 yanvar 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 146759.20 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 22 yanvar 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, onlarla Ukraynanın Metinvest şirkəti arasında 2022-ci il tarixdə müqavilə bağlanmış və həmin şirkət gəmilərin tikintisi və dgər işlərlə bağlı onları dəmirlə təmin etməli idi. Lakin 2022-ci ilin fevral ayında Ukraynada baş verən müharibə zamanı şirkətin ərazisi də həmin müharibə zonasına düşdüyündən şirkətin həmin malı çatdırmasında problemlər yarandı və həmçinin onlara bu barədə də məlumat verilmiş və onlar da yubanmanın onların təqsiri üzündən olmadığını bildirmişlər. Təklif göndərilmişdir ki, müqavilənin müddəti uzadılsın. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəf məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş etiraz ərizəsindən görünür ki, Şəxs QSC (ASCO) "xxxx" LLC arasında bağlanmış xx.xx.2022 - ci il tarixli 67/MA-0125 nömrəli alğı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq tərəfimizdən avans olaraq 429240 (dörd yüz iyirmi doqquz min iki yüz qırx) ABŞ dolları Ukrayna Respublikasının rezidenti olan "xxxx" LLC-nin hesabına köçürülmüşdür. 2022-ci ilin fevral ayında Ukrayna Respublikasının ərazisində baş vermiş və bugünədək davam edən hadislərə görə müqavilədə nəzərdə tutulmuş mallar "xxxx" LLC tərəfindən tam həcmdə göndərilə bilməmiş, malların bir hissəsi ASCO-ya təhvil verilmişdir. Hal-hazırda çatdırılmamış malların qiyməti 361379,20 ABŞ dolları təşkil edir. Müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilməyən "xxxx" LLC ilə ASCO arasında malların qalan hissəsinin çatdırılması üçün danışıqlar aparılır və bununla əlaqədar müxtəlif variantlar müzakirı olunur. Eyniz zamanda nəzərə alınmalıdır ki, mövcud olan vəziyyət müqavilənin 8.1-ci bəndinə əsasən aşağıdakı qaydada tənzimlənir: “İstənilən tərəfin bu Müqavilə üzrə öz öhdəliklərini tam və ya qismən yerinə yetirməməsi vəziyyəti yarandıqda, yəni məhz yanğın, təbii fəlakətlər, istənilən hərbi xarakterli əməliyyatlar, blokadalar, ixrac və idxalın qadağan olunması, tərəfləri Müqavilə üzrə öhdəliklərinin yerinə yetirmə müddəti həmin vəziyyətlərin davam etdiyi müddətdə təxirə salınır. xx.xx.2024 - cü il tarixdə 13-3/2- 364/2024 saylı ASCO tərəfindən “METİNVEST- SMC” LLC - yə məktubla müraciət edilmiş, xx.xx.2022 - ci il tarixli 67/MA-0125 nömrəli alğı-satqı müqaviləsinə əlavə razılaşma bağlanılmasının zəruri olması bildirilmişdir. Belə ki, malların çatdırılmaması səbəbindən ASCO - nun yerli qanunvericiliyə əsasən cərimə edilə biləcəyi qeyd olunmuşdur. Göründüyü kimi, Ukrayna ərazisində 2022-ci ildən etibarən baç verən hadisələri beynəlxalq və yerli qanunvericilikdədə fors-major hallarına aid edilir. ASCO tərəfindən baş verən hadisədə qərəz olmamış, silahlı münaqişə səbəbindən müqavilədə qeyd olunan malların çatdırılmasında gecikmələrə yaranmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 24 yanvar 2024-cü il tarixli 6-2/2-113/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidenllərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarrınn 4.3.1.3 bəndinə əsasən ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilməməsi səbəbindən müvafiq köçürmə üzrə avans sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli 67MA0125 DD06/SAİD/17 saylı müqavilə əsasında Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 214620.00 ABŞ dolları məbləğində vəsait “Metinvest SMC” LLC-nın bank hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə “Metinvest SMC” LLC arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarında olan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-3/2- 240/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Şəxs QSC (ASCO) ilə "xxxx" LLC arasında bağlanmış 17.01,2022-ci il tarixli 67/MA-0125 nömrəli alqı-satqı müqaviləsinin (müqavilə) şərtlərinə uyğun olaraq tərəfimizdən avans olaraq 429240,00 (dörd yüz iyirmi doqquz min iki yüz qırx) ABŞ dolları Ukraynanın rezidenti olan "xxxx" LLC-nin hesabına köçürülmüşdür. 2022-ci ilin fevral ayında Ukraynanın ərazisində baş vermiş və bu günədək davam edən hadisələrə görə müqavilədə nəzərdə tutulmuş mallar "xxxx" LLC tərəfindən tam həcmdə göndərilə bilinməmiş, malların bir hissəsi ASCO-ya təhvil verilmişdir və hazırda çatdırılmamış malların qiyməti 361379,20 ABŞ dolları təşkil edir. Müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilməyən "xxxx" LLC ilə ASCO arasında malların qalan hissəsinin çatdırılması üçün danışıqlar aparılır və bununla əlaqədar müxtəlif variantlar müzakirə olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud olan vəziyyət bağlanmış müqavilənin 8.1 -ci bəndinə əsasən aşağıdakı qaydada tənzimlənir: “istənilən tərəfin bu Müqavilə üzrə öz öhdəliklərini tam və ya qismən yerinə yetirməməsi vəziyyəti yarandıqda, yəni mənz yanğın, təbii fəlakətlər, istənilən xarakterli hərbi əməliyyatalar, blokadalar, ixrac və idxalın qadağan olunması, tərəfləri Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilmə müddəti həmin vəziyyətlərin davam etdiyi müddətə təxirə salınır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 146759.20 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürülsə də, həmin vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi və pul vəsaitinin geri qaytarılmaması Şəxs Qapalı Səhmdar Cəmiyyətinin təqsiri üzündən baş verməmişdir. Azərbaycan Respublikasının Konstiusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd elmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar