Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3000/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 29 oktyabr 2025-ci il tarixində Bakı şəhəri, Səbail rayonu Qurd Qapısı ərazisində - Nəbatət bağı istiqamətinə **-QF-*** dövlət qeydiyyat nişanlı "Niva Urban" markalı şəxsi avtomobili ilə hərəkət edərkən, Qurd Qapısı dairəsində onun və digər bir sürücünün (Mercedes-Benz Sprinter markalı yük avtomobili) işıqforun qırmızı işığında keçdikləri iddiası ilə **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Bakı şəhər DYPİ-nin polis baş serjantı X7 tərəfindən saxlanılmışlar. Həmin polis əməkdaşı yaxınlaşaraq qırmızı işıqda keçdiyini bildirmiş və bununla əlaqədar inzibati protokol tərtib ediləcəyini qeyd etmişdir. Buna etiraz etmiş və avtomobildə oturan digər polis əməkdaşı "bizdə də video görüntü var, istəsəniz təqdim edə bilərik" demişdir. Polis əməkdaşlarının xidməti maşınına yaxınlaşaraq video görüntünü tələb ettikdə onu saxlayan X7 aqressiv şəkildə “sən qırmızıda keçmisən" deyərək ittihamı təkrar etmişdir. Qırmızıda keçmə sübutunun təqdim olunmasını tələb etdikdə isə kobud şəkildə “sənə borcum yoxdur" cavabını vermişdir. Təkrar olaraq video görüntünün göstərilməsini tələb etdikdə polis əməkdaşı X7 və adını bilmədiyi digər polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq tətbiq edilmişdir. Bakı şəhəri DYPİ yol patrul xidməti inspektoru polis serjantı X7 tərəfindən barəsində İXM-nin 327.2-ci maddəsi ilə bağlı İXP ******* saylı inzibati xəta protokolu tərtib edilmişdir. Daha sonra Bakı şəhəri DYPİ polis kapitanı X1 tərəfindən yuxarıda qeyd edilən inzibati xəta protokolu əsasında 08 noyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.2-ci maddəsi ilə 3 bal 100 manat cərimə edilmişdir. Hesab edir ki, tərəfindən həmin maddə ilə hər hansı xəta törədilməmişdir. Belə ki, elektron sistemdə işıqforun qırmızı İşığında hərəkət etməyi ilə bağlı fotoşəkillər, video görüntülər əlavə edilməmiş və buda bir daha sübut edir ki, protokolun tərtib edilməsi tam əsassızdır. Belə olan halda, inspektorun barəsində tərtib etdiyi İXP ******* saylı, 29 oktaybr 2025ci il tarixli inzibati xəta protokol və həmin inzibati protokol əsasında daha sonra Bakı şəhəri DYPİ polis kapitanı X1 tərəfindən çıxarılmış TP ******* saylı, 08 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı sayıla bilməz. İnzibati Qanunvericilik bu növ işlərdə birmənalı olaraq ilk öncə xətanın baş verməsi ilə bağlı mütləq sübutun təqdim edilməsini və sübut təqdim edildiyi halda onunla bağlı işin araşdırılmasını və xətanın olub-olmamasına qiymət verilməli olmasını göstərir. Bundan başqa inzibati qanunvericilikdə xəta ilə bağlı sübut olmadığı və ya sübutla bağlı şübhələr yarandıqda işin nəticəsinin vətəndaşın xeyrinə həll edilməli olması qeyd edilir. Azərbaycan Respublikası İXM-nin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasəninzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.Mənim barəmdə inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq barəmdə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.Mənim tərəfindən inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də, tətəfindən inzibati xəta törədilmədiyindən Bakı şəhəri DYPİ maddəsi ilə barəsində 08 noyabr 2025-ci il tarixli, TP ******* saylı qərar İXM-nin polis kapitanı X1 tərəfindən İXM-nin 327.2-ci 53.1.1-ci maddəsinə əsasən ləğv edilməli və inzibati işin icraatına xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X6 şikayətini müdafiə edərək bildirmişdir ki, hadisə 29 oktyabr tarixində baş vermişdir. İşıqfora yaxınlaşdıqda yaşıl işığın yandığını görmüşdür. Həmin an sol zolaq da hərəkət etmişdir. Biraz irəlidə-dairəyə yaxınlaşan yerdə eyni cərgə ilə irəlilədikdə istər-istəməz qayda pozuntusuna yol verilmiş hesab olunacaqdı. Qayda pozuntusuna yol verməmək üçün müvafiq qaydalara əməl edilərək sağ zolağa keçmişdir. Dairəyə çatdıqda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşlarının qeyd etdiyi kimi maşını saxlasa idi, aşkar şəkildə qəza vəziyyəti yaranacaqdır. Arxası ilə sprinter markalı maşın hərəkət edirdi və onu da saxlamışlar. Polis kobud danışaraq videogörüntü təqdim etməmişdir. Eyni zamanda 5 nəfər polis əməkdaşı tərəfindən zorakılığa məruz qalmışdır, yerə yıxaraq qolunu qırmağa cəhd göstərmişlər. Göstərilənlərə əsasən TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X5 şikayətə etiraz edərək bildirmişdir ki, hadisənin videogörüntüsü mövcuddur. Görüntüdən də göründüyü kimi şəxs işıqforun qırmızı işığından keçərək yol hərəkəti qaydalarını pozmuşdur. Yol hərəkəti haqqında qanunun 85-ci maddəsinə əsasən polis əməkdaşları videogörüntü təqdim etməyə məcbur deyil. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 11:47-də Bakı şəhəri, Badamdar yolu 42, Qurd Qapısı ərazisində “X11 minik” markalı **-QF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntülərə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X6 “X11 minik” markalı **-QF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının tələblərini pozmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, X6 xx.xx.2025-ci il tarixdə saat 11:47-də Bakı şəhəri, Badamdar yolu 42, Qurd Qapısı ərazisində “X11 minik” markalı **-QF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X4 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - bir yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin İİİ bəndinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X4 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X6 avtomobili Bakı şəhəri, Badamdar yolu 42, Qurd Qapısı ərazisində “X11 minik” markalı **-QF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X4 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-3000/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3000/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver