Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-303/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 362-3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 362-3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tərtib edilmiş 06 fevral 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC-yə məxsus “Geofizik-1”, Geofizik-3” “Neft-qa-64”, “Zöhrab Vəliyev” gəmilərində ümumilikdə 16 ədəd radioavadanlıqların icazə vərəqi olmadan quraşdırılmış və istismar edilmişdir. Bununla da, Şəxs QSC İnzibati Xətalar Məcəlləsinin 362-3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, QSC-nin nümayəndəsi Nazirliyə gəlmiş, inzbati xətanı etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs QSC-nin barəsində qanuni tədbirlər görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X3 protokola etiraz təqdim edərək bildirmişdir ki, protokolun tərtib edilməsinə səbəb kimi, ASCO - ya məxsus gəmilərdə xüsusi icazə olmadan radioelektron vasitələrin istifadəsi göstərilmişdir. Qeyd olunanalrla bağlı bildirmək istərdik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016 - cı il tarixli 827 saylı fərmanına əsasən, Müəyyən edilib ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət), onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin Cəmiyyətin Nizamnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üçün xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınmış hesab edilir və yenidən alınması tələb olunmur, Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir. Yuxarıda qeyd olunan sərəncamdan müəyyən olunur ki, ASCO məlum sərəncama əsasən fəaliyyət istiqamətləri üçün xüsusi razılıq (lisenziya), icazə alınması tələb olunduqda xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınmış hesab edilir və yenidən alınması tələb olunmur. Bu xüsusat ASCO tərəfndən inzibati xəta tərkibi yaradan əməlin törədilməməsini sübut edir və tərtib olunmuş xx.xx.2024 - cü il tarixli MN ******* saylı Protokolun qanunsuz tərtib olunduğunu təsdiq edir. Həmçinin qeyd etmək istərdik ki, yoxlama ASCO - nun X7 Donanmasında aparıldığı halda,protokol ASCO barəsində tərtib edilmişdir,belə ki.qanuvericiliyin tələblərinə görə protokol X7 Donanmasının vəzifəli şəxsi barəsində tərtib edilməli idi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Şəxs QSC barəsində tərtib edilmiş xx.xx.2024 - cü il tarixli,EP ******* saylı Protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 362-3.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 362-3.1-ci maddəsinə əsasən radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər beş yüz əlli manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər üç min manat məbləğdə cərimə edilir. Belə ki, iş materiallarında olan 29 yanvar 2024-cü il tarixli, 39 saylı Aktdan görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri Eldəniz Cəfərov, Şahin Cəbiyev və "xxxx" QSC, X7 Donanmasının Rabitə və elektroradionaviqasiya qrupunun rəhbəri Rza Novruzov DRİ-nin xx.xx.2023-cü il tarixli 3-27- 119/2-1107/2023 nömrəli məkubu əsasında həmin QSC-yə məxsus "Geofizik-3", "Geofizik- 1", "Neftqaz-64", "Zöhrab Vəliyev", "Bunkerovşik-4", "Bunkerovşik-6" gəmilərində istismar olunan radioelekron vasitələrə (REV) texniki baxış keçirmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin göstərmişdir ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 362-3.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 117, 128-130 və 362-3.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 362-3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-303/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-303/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver