Məhkəmə qərarları › İş №3(009)-3030/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3030/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3030/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mikayılova Şəbnəm Faiq qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 19 noyabr 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 13089,17 Avro məbləğində vəsaiti 25 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də, 13089,17 Avro məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 26 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, mallar 2023-cü il tarixdə gəlmişdir, lakin bunu təsdiq edən sənədi hazırda təqdim edə bilmir. Bununla bağlı Gömrük Komitəsinə sorğu verilmişdir. Əlavə olaraq “BP” şirkətindən malların göndərilməsi ilə bağlı sənəd alına bilər. Lakin bunlar biraz vaxt ala bilər. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 30 oktyabr 2025-ci il tarixli məktubundan və ona əlavələrdən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə avans ödəniş aparılmış, lakin 2 (iki) il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş invoys sənədlərindən görünür ki, 2023-cü ildə müxtəlif tarixlərdə Şəxs MMC tərəfindən “BP İnternational LTD” şirkətinin bank hesabına mallar üçün ümümilikdə 13089,17 Avro məbləğində vəsait ödənmişdir. Şəxs MMC-nin nümayəndəsi X7 məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 19 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən "xxxx" MMC 13089.17 Avro məbləğində vəsaiti 25 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13089.17 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta 26 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Bildirir ki, AR Mərkəzi Bankının EP № ******* saylı 19 noyabr 2025-ci il tarixli Protokolu əsassız və qanunsuzdur. Belə ki, işin hallarına obyektiv yanaşılmamış, təqdim edilmiş sənədlər uyğunluq və hüquqi baxımdan araşdırılıb analiz edilməmiş və beynəlxalq ticarət sövdələşmələrinin təcrübələri nəzərə alınmadan protokol tərtib edilmişdir. İşin halları: İddiaçı AR Mərkəzi Bankı 13089.17 Avro məbləğinin xaricə köçürülməsi və 2 il müddət keçsə də, Malların Azərbaycan Respublikasına idxal edilməməsi və ya valyutanın geri qatarılmamasını səbəb göstərməklə EP № ******* saylı 19 noyabr 2025-ci il tarixli Protokol tərtib etmişdir. Cavabdeh "xxxx" MMC (bundan sonra “PDL”) və X1 Co. (bundan sonra BP) aras;nda 15 aprel 2020-ci il tarixli CW160796 saylı Təchizat Müqaviləsi imzalanmışdır. X4 Çatdırılmasına dair maddəsinə (Maddə 7.1.1) əsasən, çatdırılma şərtləri həmin Müqaviləyə əlavələrlə (Section 1, Framework A) müəyyən edilir. Sözügedən əlavədə Sifarişçinin Mal sifarişini Alış Sifarişi vasitəsilə İcraçıya həvalə etməsi aydın şəkildə qeyd edilmişdir. Belə ki, BP ilə PDL arasındakı ********** saylı xx.xx.2022-ci il tarixli Alış Sifarişində çatdırılma şərti olaraq FCA Hungary (İNCOTERMS) (FCA (FREE CARRİER) - Satıcının ölkəsində təyin olunmuş yerdə təhvili nəzərdə tutur) olaraq müəyyən edilmişdir. Bununla Malın BP-yə Macarıstanda təhvil verilməsi müəyyən edilmişdir. PDL ilə PO22-**********/1,5-10 saylı Alış Sifarişi üzrə SPX X8 Kft., yəni təchizatçı şirkət arasındakı Alış Sifarişində də Malın BP üçün sifariş verilməsi, Alıcının BP olması konkret olaraq əks edilmişdir. Bununla, BP həmin Malı FCA Hungary şərtinə əsasən Macarıstanda təhvil almış və Azərbaycan Respublikası gömrüyündə öz adına rəsmiləşdirməklə idxal etmişdir. X6 üzrə X2 BP-nin Malı öz adına 140 kodu ilə rəsmiləşdirməsi ilk baxışdan çaşqınlıq yaratsa da, həmin Malı müşayət edən Trans-Global şirkətinin Çatdırılma Təsdiqi (Delivery Confirmation) sənədinə əsasən müvafiq Alış Sifarişi üzrə Malın Azərbaycan Respublikası ərazisində yerləşən BP-nin Bosh Shelf anbarına təhvil verildiyi əyani şəkildə əks olunmuşdur (müvafiq Çatdırılma Təsdiqi sənədi qoşmada təqdim olunacaqdır). Yuxarıda sadalanan Alış sifarişi və əlaqəli sənədlər üzrə həyata keçirilən Mal mübadiləsi nəticəsində həmin Alış Sifarişinə istinadla PDL BP-yə xx.xx.2022-ci il tarixdə 26003242 nömrəli hesab-faktura təqdim etmişdir. Bununla da, PDL ilə BP arasındakı qeyd edilən Alış Sifarişi üzrə Malın müvafiq qaydada Azərbaycan Respublikasına idxal olunmasını əsas tutaraq AR İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə Mərkəzi Bank tərəfindən tərtib edilmiş Protokol əsassızdır. Beləliklə, yuxarıda adı çəkilən və məhkəməyə təqdim edilmiş bütün sənədlərdə PDL ilə BP arasındakı PO22-**********/1,5-10 saylı Alış Sifarişi üzrə Malın ardıcıl şəkildə Azərbaycan Respublikasına idxal olunması tam əksini tapır. "xxxx" MMC Müqavilə üzrə öhdəliklərini və Azərbaycan Respublikasının müvafiq qanunvericilik tələblərinə tam riayət etməklə tam yerinə yetirmişdir. AR İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda. Odur ki, AR İXM-nin 53-cü maddəsinə əsasən, PDL-in qarşı tərəfin təqsirli hərəkətlərinə məruz qalması nəticəsində müvafiq malların Azərbaycan Respublikası ərazisinə idxalının qeyri-mümkün olduğu nəzərə almaraq, 3(009)-3030/2025 saylı iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Beləliklə iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 13089,17 Avro məbləğində olan vəsaiti 25 oktyabr 2023-cü il tarixdə ölkədən kənara köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 13089,17 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin göstərmişdir ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 13089,17 (on üç min səksən doqquz sterlinq on yeddi peni) Avro valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, 2618 (iki min altı yüz səkkiz) Avro məbləği, yəni – 5236 (beş min iki yüz otuz altı) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar