Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3040/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 5 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:15 radələrində Bakı şəhəri, Səbail rayonu, DİN-nin qarşısında xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxxxx 2020-ci il tarixli, BB 005449 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 20:15 radələrində bir nəfər şəxsin Bakı şəhəri, Səbail rayonu, DİN-nin qarşısında DYPİ-nin əməkdaşlarının ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən o, bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 20:15 radələrində Daxili İşlər Nazirliyinin yaxınlığından keçən zaman polis əməkdaşına yaxınlaşıb ondan nəqliyyat vasitələri işləmədiyi üçün evə nücə gedə biləcəyini soruşmuş, polis əməkdaşı isə ona pyada keçidindən keçmədiyi üçün barəsində protokol tərtib edəcəyini bildirmişdir, o isə bundan narazı qalaraq ona etirazını bildirmiş, lakin onun ünvanına heç bir nalayiq ifadə işlətməmiş və polis əməkdaşlarının tələbinə riayət edərək polis bölməsinə gəlmişdir. Bundan sonra barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən səmimi peşman olduğunu, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək onun barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 20:15 radələrində bir nəfər şəxs Bakı şəhəri, Səbail rayonu, DİN-nin qarşısında DYPİ-nin əməkdaşlarının ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs bölməyə gətirilmiş və bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:15 radələrində Bakı şəhəri, Səbail rayonu, DİN-nin qarşısında ictimai qaydanı pozaraq, polis əməkdaşı ilə mübahisə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin polis işçisinin qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-3040/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3040/2020
30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver