Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-305/2024 16.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı 28 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı 28 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “Azparking” mobil tətbiq yaradılan vaxtdan 077 *** ** ** saylı mobil nömrə ilə “Hundai Sonata” markalı, **-MN-*** d.q.n. avtomobilimi qeydiyyatdan keçirməklə, həm tətbiqin balansına pul yükləyib və eləcə də bank kartını tətbiqdə qeydiyyat edib. xx.xx.2024-cü il tarixdə saat 13:30-da Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində avtomobillərin park edilməsi üçün nəzərdə tutulan yerdə mülkiyyətimdə olan **-MN-*** nömrəli, “Hundai Sonata” markalı avtomobili müvəqqəti saxlayıb Mərkəzi Poçtun qarşısında olan bankomatdan pul çıxarmaq üçün yolun əks tərəfinə keçdi və təxminən 10 dəqiqə sonra qayıdıb avtomobilə əyləşdi, lakin mobil telefonu evdə unutduğuna görə parklanma yerində dayanma vaxtını qeydə almadığı, vaxta nəzarət etməyi mümkün olmamışdır. Təxminən 10-15 dəqiqə sonra həmin yerdən avtomobili ilə uzaqlaşdı. Lakin, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində parklanma yerini ödəniş etmədən tərk etməyi ilə bağlı 10 manat cərimə barədə “Asanpay” kabinetə məlum daxil olmuşdur. Tətbiqdə avtomobilinin, mobil nömrəsi qeydiyyatda, tətbiqin balansda, eləcə də tətbiqdə qeydə alınmış bank kartında pul vəsaiti olduğu halda parklanmada 15 dəqiqədən artıq dayanmağı, bununla bağlı hansı məbləğdə ödəniş etməyi ilə bağlı gün sonunadək nə xəbərdarlıq, nə SMS, nə də hər hansı bir məlumat mobil telefonuna gəlməmişdir. Nəzərə alsaq ki, avtomobillər üçün ödənişli parklanma yerlerində ödənişlər yalnız mobil telefondan istifadə etməklə edilməsi mümkündür, onun vəziyyəti isə (mobil telefonunun üstündə olmaması) müstəsna hal kimi nəzərə alınmalı və günün sonunadək ödəniş barədə mobil telefonuna məlumat göndərilməli idi. Hesab edir ki, qeyd edilən cərimə AYN ******* saylı, xx.xx.2024-cü il tarixli qərar əsassız olduğundan ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı 28 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərərk, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı 28 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə şikayətə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı 28 yanvar 2024-cü i il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı etirazdan görünür ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə AYNA-nın 28 yanvar 2024-cü il AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X4 idarə etdiyi ‘'HYUNDAİ SONATA MİNİK" markalı, 10MN898 dövlət qeydiyyat nişanlı avtomobilin 27 yanvar 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən 90244 saylı parklanma yerində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş etməmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanununun 1-ci maddəsinin 32-hissəsinə əsasən parklanma - nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır. Həmin maddənin 32-1-ci hissəsinə əsasən parklanma yeri - yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir. Həmin Qanunun 53-cü maddəsinin 16-cı hissəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Həmin maddənin 21-ci hissəsinə əsasən sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün bu maddənin 16-cı hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. AYNA-nın 28 yanvar 2024-cü il AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən açıq-aydın görünür ki, 10MN898 dövlət qeydiyyat nişanlı avtomobil 90244 saylı parklanma yerində 15 dəqiqədən artıq durmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxs həmin parlanmaya görə heç bir ödəniş etməmişdir. Bu fakt səlahiyyətli şəxs tərəfindən müəyyən edilərək, fotoşəkillər çəkilmişdir. Qərara əlavə olunmuş nəqliyyat vasitəsinin ilk fotoşəkili saat 10:25:32-də sonuncu isə saat 10:49:12-də qeydə alınmışdır ki, bu 15 dəqiqədən çox vaxt edir və N/V istifadəçisi parklanma müddətini başlatmayaraq, ödəniş etməmişdir. İnzibati xətanın törədilməsi inzibatı tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346-1.1 -cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən 346-1.1. Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibatı xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün səbəbdir. Beləliklə AYNA-nın 28 yanvar 2024cü il AYN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X3 şikayətləri əsassızdır və təmin edilməməlidir. AYNA-nın 28 yanvar 2024-cü il AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməsin, həmin inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, 10MN898 dövlət qeydiyyat nişanlı avtomobil 90244 saylı parklanma yerində 15 dəqiqədən artıq saxlanılmışdır. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi müəyyən edilir, bununla da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı 28 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə - on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 1.32-1-ci maddəsinə əsasən parklanma yeri – yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir. Həmin Qanunun 53-cü maddəsinin 16-cı hissəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Həmin maddənin 21-ci hissəsinə əsasən sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün bu maddənin 16-cı hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. X3 şikayəti əsassızdır, belə ki, X4 mobil telefonunun üzərində olmamasını əsas gətirərək parklama yerində ona məxsus avtomobili on beş dəqiqədən artıq müddətdə saxlayaraq ödənişdən yayınmışdır. Mobil telefonunun üzərində olmaması dəlil və əsas kimi gətirərək X4 inzibati məsuliyyətdən yayınmasına cəhd etmiş, məhkəmə bununla razılaşa bilməz və bunu qəbuledilməz hesab edir. Məhkəmə hesab edir ki, bu əsas inzibati xəta hadisəsinin tərkibinin mövcud olmamasına gətirib çıxara bilməz. Habelə belə dəlil əsaslı hesab edilsə və bu cür presedent yaransa, digər şəxslər üçün məsuliyətdən yayınma üsulu kimi istifadə oluna bilər. İnzibati xəta hadisəsinin tərkibinin mövcud olmamasına mobil telefonun üzərində olmaması səbəbindən yox məsələn o, halda gətirib çıxara bilər ki, parklama yerində ödənişsiz saxlama hadisəsi insan sağlamlığı və insan həyatı kimi faktorlarla bağlı olsun, yəni qeyd olunan mühüm və ağlabatan səbəblərdən. Göstərilənlərə əsasən X3 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı 28 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı 28 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-305/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-305/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver