Məhkəmə qərarları › İş №3(009)-306/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-306/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-306/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru polis mayoru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, xx.xx.2000-ci ildə Şərur rayonunun Qıvraq kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Kəngərli rayonunun Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Gənclər şəhərciyində yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş 28 fevral 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 28 fevral 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə, saat 22:50 radələrində, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində xanıma sataşmış və bölməyə gətirilərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru polis mayoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, 39-cu PB-də məsul növbətçi olduğu zaman, 28 fevral 2023-ci il tarixində, saat 22:50 radələrində, 39-cu PB-nin əməkdaşlarına məlumat daxil olmuşdur ki, Xəqani bağı yaxınlığında hadisə baş vermişdir. Polis əməkdaşları hadisə yerinə çatdıqları zaman bir xanımın yüksək səslə qışqırığını eşidərək ora yaxınlaşmış və Nizami küçəsində bir nəfər şəxsin xanıma sataşdığını və xanımın buna qışqıraraq etiraz etdiyini görmüşlər. Həmin şəxs böyməyə gətirilən zaman etiraz etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.2000-ci il təvəllüdlü Şəxsdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 özünü təqsirli biməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22:50 radələrində, o, dostları ilə Nizami küçəsində, Tarqovı adlanan yerdə olarkən, tanımadığı bir xanım ona tərəf durub gülümsəyərək baxmış, o isə xanıma yaxınlaşaraq “niyə gülürsüz, tanışıq?” sualını vermişdir. Xanımla getmək istəyərkən, o, xanıma bir dəqiqə onu gözləməsini bildirmiş, sonra dostlarının yanına qayıdaraq öz siqaretini yandırmış və xanımın yanına qayıtmışdır. Yol ilə getdikləri zaman, o, xanımın telefon nömrəsini soruşanda, xanım birdən ona söyüş söymüş, bu zaman o, xanıma öz iradını bildirmiş və xanım onun üzünə sillə vurmuş və qışqırmışdır. Bu zaman onlara mülki geyimdə bir neçə nəfər yaxınlaşıb, polis işçisi olduqlarını bildirmişlər. Sonra xanım çıxıb getmiş, mülki geyimdə olan şəxslər onun banka borcu olduğuna görə axtarışda olduğunu bildirmiş və ona birlikdə polis bölməsinə getməsini söyləmişlər. O isə banka heç bir borcu olmadığını bildirmişdir. Daha sonra həmin yerə polis işçiləri gəlmiş və onu 39-cu polis bölməsinə gətirmişlər. O, ictimai qaydanı pozan hər hansı hərəkəti etməmiş, qadına qarşı nalayiq heç bir hərəkət etməmiş, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22:50 radələrində, o, Nizami küçəsində, Tarqovı adlanan yerdə yolda gedərkən bir nəfər ona yaxınlaşmış, onunla tanış olmaq istəmiş və telefon nömrəsini soruşmuşdur. Bu zaman o həmin şəxsə öz iradını bildirmişdir. Sonra həmin şəxs ona qarşı hörmətsizlik etdiyi üçün o, səsini qaldırmışdır. Sonra mülki geyimdə olan bir neçə şəxs oraya yaxınlaşaraq, polis əməkdaşları olduqlarını demiş və ondan həmin şəxsdən şikayəti olduğunu soruşmuş, o isə şikayətçi olmadığını bildirib hadisə yerindən uzaqlaşmış və sonra nələr olduğu haqqında heç bir məlumatı olmamışdır. Hal-hazırda həmin şəxsdən şikayətçidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X1 Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir, İXM-nin 535.1ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 28 fevral 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3, xx.xx.2023-cü il tarixdə, saat 22:50 radələrində, Səbail rayonu, Nizami küçəsində xanıma sataşmış və bölməyə gətirilərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə 23:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X1 barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, X1 barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Həmçinin məhkəmə qeyd edir ki, X1 Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 polis əməkdaşlarına tabesizlik göstərməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, X3 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda onun polis işçisilərinin hansı qanuni tələblərinə qəsdən tabe olmamağı göstərilməmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X1 əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 100 (yüz) manat inzibati cərimə tətbiq edilməli, həmçinin X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə X1 01 mart 2023-cü il tarixdə, saat 23:00 radələrində inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunacaq inzibati cərimənin məbləğindən 1/4 hissəsi çıxılmalı və o cərimənin 1/4 hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməli, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, X1 inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 100 (yüz) manat inzibati cərimənin 25 (iyirmi beş) manatından azad edilməli və üzərində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1, 211 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. X1 inzibati qaydada tutulması nəzərə alınaraq barəsində tətbiq edilmiş 100 (yüz) manat inzibati cərimənin 25 (iyirmi beş) manatından azad edilsin və üzərində 75 ( yetmiş beş) manat məbləğində inzibati cərimə saxlanılsın. X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X3 məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar